İşçiləri daşıyan mikroavtobus aşıb, 24 nəfər xəsarət alıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində - Ağdam rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, əkin sahələrinə işçi aparan nəqliyyat vasitəsinin qəfildən təkəri partlayıb və maşın aşıb.
TƏBİB-dən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Xəsarət alan 24 nəfərdən 21-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən 3-ü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, qəza törədən mikroavtobus müntəzəm sərnişindaşıma və buraxılış kartı əldə etmədən qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub.
Şəmkirdə isə avtomobil idarəetmədən çıxaraq aşıb, nəticədə 1 nəfər ölüb.
Qəza nəticəsində həmçinin 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yol- nəqliyyat hadisəsi rayonun Şiştəpə kəndində qeydə alınıb. Kənd sakini, 33 yaşlı Anar Atakişizadənin idarə etdiyi minik maşını sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb. Nəticədə maşında olan sərnişin, 57 yaşlı İntiqam Atakişiyev aldığı ağır xəsarətdən ölüb.
Sürücü Anar Atakişizadə və maşındakı digər sərnişinlər - Şiştəpə kənd sakinləri, 32 yaşlı Orxan Atakişiyev, onun həmyaşıdı Cəmil İbadullayev isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qəza ilə bağlı bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.