RU

Bakıda bu qəsəbədə yağış yağanda evin içinə vannalar düzülür - FOTO

BAKI, 9 iyul. TELEQRAF

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsində yerləşən 46 və 48 nömrəli binalar artıq yaşayış üçün yararsız vəziyyətdədir.

Bu sözləri “Teleqraf”-a buranın sakinləri deyir.

Binalar 50-ci illərdə tikilib və taxta konstruksiyalıdır. Hazırda hər binada 8 ailə yaşayır. Divar və tavanda iri çatlar əmələ gəlib. Dam örtüyü yararsız hala düşdüyündən yağış yağanda evlərə su dolur. Otaqlara vedrə və vannalar düzülür ki, su döşəməyə tökülməsin.Sakinlər illərdir aidiyyəti qurumlaramüraciət etdiklərini, lakin hələ də heç bir tədbir görülmədiyini deyirlər.

Sorğuya cavab olaraq Sabunçu RİH-dən bildirilib ki, Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 46 və 48 ünvanlarında yerləşən hər biri 2 mərtəbəli, 8 mənzilli olan iki bina 1955-ci ildə inşa olunub.

Qeyd olunan binalar uzun müddət istismar olunduğundan yaşayış üçün tam yararsız vəziyyətə düşüb.

Sözügedən binaların qəzalı vəziyyətdə olması haqqında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq aktı olmasa da, “Bakı şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının inventarizasiya edilməsi və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi” haqqında 25 aprel 2022-ci il tarixli, 96 saylı Sərəncama əsasən Rayon İcra Hakimiyyəti tərəfindən binaların texniki göstəriciləri barədə məlumatlar aidiyyəti üzrə təqdim olunub. Qeyd edilən binalarla əlaqədar aidiyyatlı qurumların qəbul edəcəyi qərar tərəfimizdən icra olunacaq.

Избранный
49
2
teleqraf.com

3Источники