RU

Hər il dünyada 12 milyona yaxın qız erkən nikaha məcbur edilir

Bakı, 9 iyul, AZƏRTAC

“Save the Children” təşkilatı dünyada hər beş qızdan birinə təsir edən uşaq nikahlarının nəticələri barədə məlumatlılığı artırmaq üçün “Ərə getmək oyun deyil” adlı kampaniyaya başlayıb. BMT-nin məlumatına görə, hər il dünyada 12 milyona yaxın qız 18 yaşına çatmadan ərə verilir, onlardan 2 milyonu 15 yaşına çatmamış məcburi ailə qurur.

AZƏRTAC xəbər verir ki, “Save the Children” təşkilatı uşaq nikahlarının “gender əsaslı zorakılığın və insan hüquqlarının pozulmasının ən dağıdıcı formalarından” biri olduğunu vurğulayıb. Təşkilatın kommunikasiya direktoru Alisiya Moreno bildirib: “Bu təcrübə qızları uşaqlıqdan məhrum edir, təhsillərinə mane olur, zorakılığa məruz qoyur və erkən hamiləliyə məhkum edir ki, bu da onların sağlamlığı və rifahı üçün ciddi risklər yaradır”.

Uşaq nikahlarının azaldılması istiqamətində əldə edilən irəliləyişləri nəzərə alan təşkilat bunun aradan qaldırılmasının 300 il çəkəcəyini hesab edir. Cənubi Asiya uşaq nikahlarının azaldılmasında ən çox irəliləyişə nail olub, lakin hələ də ən çox halların davam etdiyi yerdir. Belə ki, 18 yaşına çatmamış evlənən bütün qızların və qadınların demək olar ki, 45 faizi orada yaşayır və cəmi üçdəbiri Hindistandadır. Qərbi və Mərkəzi Afrikada, Latın Amerikası və Karib hövzəsində uşaq nikahlarının yayılması sabit olaraq qalır və müvafiq olaraq 33 faiz və 23 faiz səviyyəsində qlobal orta göstəricidən yüksəkdir.

Son illərdə gender əsaslı zorakılığa son qoyulması üzrə əldə edilən irəliləyişlər təhlükə altındadır. Artan yoxsulluq, silahlı münaqişə və iqlim böhranı milyonlarla qız uşağının həssaslığını artırır. Üstəlik, böhran dövrlərində gender əsaslı zorakılıq artır və ailələr zorakılıqdan qaçmaq və ya başqa ailədə sağ qalmağı təmin etmək üçün qızlarını məktəbə göndərməmək və ya zorla ərə vermək seçiminə daha çox üstünlük verirlər.

“Save the Children” təşkilatı 2023-cü il Qızlar Hesabatında qeyd edib ki, qızların hər üç məcburi nikahından ikisi Cənubi Sudan, Burkina-Faso, Efiopiya, Banqladeş, Mali, Malavi və digərləri kimi iqlim riski yüksək olan ərazilərdə baş verir. Sel və quraqlıq kimi ekstremal hava hadisələri də məhsulun çatışmazlığına səbəb olur ki, bu da öz növbəsində ailə gəlirlərinin azalmasına gətirib çıxarır. İqtisadi vəziyyətin öhdəsindən gəlmək üçün valideynlər qızlarını evləndirməyə qərar verirlər.

BMT-nin hesabatına görə, 18 yaşına çatmamış qızların 76 faizinin ərə getməyə məcbur edildiyi Niger uşaq nikahlarının ən yüksək olduğu ölkədir, Mərkəzi Afrika Respublikası və Çad 61 faizlik göstərici ilə sonrakı yerləri tutur.

Məktəblərin bağlanması da qızlar arasında məcburi nikah riskini artırır.

Moreno vurğulayır: “Uşaqlıq sadəcə bir səhnə deyil. Bu, güldüyün, qaçdığın və hər şeydən əvvəl oynadığın məkandır. Bu, qızın özünü azad, təhlükəsiz, canlı hiss etdiyi yerdir. Amma bəzən oyun biti və bununla da sanki hər şey - onun gülüşü, səsi, uşaqlığı” dayanır.

Избранный
11
1
azertag.az

2Источники