Alimlərin açıqlamasına görə, son illərdə Yer kürəsinin öz oxu ətrafında dönmə sürəti nəzərəçarpacaq dərəcədə artmağa başlayıb. Bu gün – 9 iyul tarixində də daxil olmaqla ardıcıl üç günün, adi günlərdən 1,3-1,5 milisaniyə daha qısa olacağı bildirilib.
News24.az xəbər verir ki, adətən Yer öz ətrafında 24 saata – yəni 86.400 saniyəyə fırlanır. Lakin bu müddət zaman-zaman cüzi dəyişikliklərə məruz qalır. 2020-ci ildən etibarən aparılan atom saatı ölçmələri, planetimizin fırlanma müddətinin qısaldığını göstərib. Məsələn, ötən il 5 iyul tarixində Yer kürəsi normaldan 1,66 milisaniyə daha tez fırlanıb.
Dəqiq səbəbi hələ müəyyən olunmasa da, alimlər bu sürətlənməyə atmosfer dəyişiklikləri, buzlaqların əriməsi, Yer nüvəsindəki hərəkətlər, cazibə qüvvəsinin təsiri və maqnit sahəsinin zəifləməsi kimi bir neçə amilin birgə təsir göstərdiyini düşünürlər. Yer kürəsinin nüvəsindəki ərimiş metalların hərəkəti də fırlanma sürətinə təsir edə bilər.
İqlim dəyişikliyi də bu prosesə təsir edən səbəblər arasında göstərilir. Məsələn, yay aylarında ağacların yarpaqlanması kimi kütləvi dəyişikliklərin belə Yer kürəsinin dönmə oxuna olan məsafəni dəyişərək mikrosaniyəlik təsirlər yarada biləcəyi bildirilir.
Əgər bu sürətlənmə davam edərsə, gələcəkdə tarixdə ilk dəfə olaraq "mənfi artıq saniyə" tətbiq oluna bilər. Bu, zaman sistemindən bir saniyənin çıxarılması deməkdir. Qeyd edək ki, indiyədək belə bir hal baş verməyib.
Xeyrənsə Piriyeva