RU

Berlin İnzibati Məhkəməsi Almaniya hökumətinin əfqan ailəyə viza verməsinə dair qərar qəbul edib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Berlin, 9 iyul, AZƏRTAC

Berlin İnzibati Məhkəməsi Almaniya hökumətinin bir əfqan qadına və onun 13 nəfər ailə üzvünə viza verilməsindən imtina etməsinin hüquqazidd olması barədə hökm çıxarıb.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, qərara əsasən, hökumət əvvəllər verdiyi qəbul vədinə sadiq qalaraq əfqan qadına və onun ailəsinə Almaniyaya daxil olmaq üçün viza verməlidir.

Hazırda Pakistanda yaşayan ailə Əfqanıstana deportasiya riski ilə üzləşib. Məhkəmə bu təhlükəni əsas götürərək təcili qərar qəbul edib. Qərarda vurğulanıb ki, Almaniya hökuməti əfqan vətəndaşları üçün qəbul proqramını davam etdirib-etdirməməkdə sərbəstdir, eyni zamanda, yeni qəbul vədlərindən imtina edə bilər. Lakin hazırkı halda zərərçəkənlərə artıq verilmiş qəbul vədlərinə istinad etmək hüququ tanınır.

Taliban rejimi altında təhlükədə olan əfqanlar üçün nəzərdə tutulan Federal Qəbul Proqramı 2022-ci ilin payızında Almaniya hökuməti tərəfindən başladılıb. Proqram keçmişdə alman ordusu və digər alman qurumlarında işləmiş yerli əfqan işçilər və onların ailələri üçün nəzərdə tutulub. Lakin qəbul ediləcək şəxslərin sayı məhdudlaşdırılıb. Almaniyada yeni hökumətin qurulması ilə bağlı koalisiya müqaviləsində bu proqramın mümkün qədər dayandırılması barədə razılıq əldə olunub. Almaniya Xarici İşlər Nazirliyinin məlumatına əsasən, hazırda 2400 nəfər Pakistanda viza almaq üçün gözləmə siyahısındadır. Həmin şəxslər arasında gender bərabərliyi və demokratiya uğrunda fəaliyyət göstərən insanlar, eləcə də hakimlər, jurnalistlər və incəsənət xadimləri var.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
1
azertag.az

2Источники