"Rotterdam limanı Rusiya ilə mümkün müharibə ssenarisi üzrə hərbi yükləri qəbul etməyə və təlimlərə başlayır..."
Avropanın nəhəng nəqliyyat və ticarət qovşağı olan Rottterdam limanı Rusiya ilə mümkün hərbi münaqişə ssenarilərinə qarşı fəal hazırlıq mərhələsinə keçib.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Nəşr yazır ki, liman rəhbərliyi artıq NATO-nun hərbi gəmiləri və yükləri üçün xüsusi yerlər rezerv etməyə başlayıb, regiondakı digər əsas liman olan Antverpenlə koordinasiyalı şəkildə hərbi-logistik planlamalar həyata keçirilir.
Rottterdam limanı ildə 436 milyon ton yük qəbul edən, 42 kilometrlik sahil xəttinə malik bu nəhəng logistika mərkəzidir, indi adi ticarət limanından daha çox potensial müharibə zamanı NATO-nun ön xətt logistik bazasına çevrilir. Məlumata görə, buraya ildə 4-5 dəfə silah-sursat daşıyan NATO gəmiləri daxil olacaq və onlar limanda bir neçə həftəlik dayanacaq tapa biləcək. Həmçinin, burada dəniz desant qoşunlarının təlimləri də keçiriləcək.
Limanın rəhbəri Budeveyn Simons bildirib ki, bu tip hərbi yüklərin daşınması ciddi təhlükəsizlik tələbləri doğurduğuna görə, yalnız xüsusi təchizatlı konteyner terminallarında həyata keçiriləcək. Eyni zamanda o, qeyd edir ki, Rottterdam və Antverpen artıq bir-birini rəqib yox, əlaqələndirilmiş tərəfdaş kimi görür, belə şəraitdə əməkdaşlıq regional təhlükəsizlik baxımından vacib amilə çevrilib.
Simons Avropa dövlətlərini yalnız hərbi hazırlıqla kifayətlənməməyə çağırır. O, hesab edir ki, müharibə zamanı kritik əhəmiyyət kəsb edən xammalların - mis, litium, qrafit kimi strateji materialların ehtiyatlarının yaradılması artıq neft ehtiyatları qədər vacibdir. Bu materiallar müasir sənaye və texnologiya üçün əsasdır və potensial müharibə zamanı onların çatışmazlığı ciddi fəsadlara yol aça bilər. Bu məqsədlə liman ətrafındakı paylama şəbəkələri güclü olan ərazilər ehtiyatların saxlanması üçün ideal hesab edilir.
Bütün bu hazırlıqlar NATO rəhbərliyinin son bəyanatları ilə üst-üstə düşür. Naş katib Mark Rütte açıq şəkildə bildirib ki, Rusiya 5-7 il ərzində Estoniyaya hücum edə bilər. İtaliya müdafiə naziri Qvido Krozetto da Rusiyanın 5 il içində NATO üçün birbaşa təhlükəyə çevrilə biləcəyini deyib. Eyni zamanda, "Politico" yazır ki, bir sıra Avropa ölkələrinin xəstəxanaları da müharibə şəraitinə uyğunlaşdırılır, bu isə hazırlığın yalnız hərbi deyil, humanitar sahədə də sürətlə getdiyini göstərir.
Bu arada Avropa Komissiyası da yeni "strateji ehtiyat planı"nı açıqlamağa hazırlaşır. İyulun 8-də təqdim ediləcək bu plan çərçivəsində tibbi vasitələr, enerji avadanlıqları, ərzaq və içməli su ehtiyatlarının artırılması nəzərdə tutulur.
Nəticə etibarilə, Rottterdam limanında atılan bu addımlar sadəcə bir logistika tədbiri deyil, bu, Avropanın Rusiya təhdidini real və yaxın təhlükə kimi qəbul etdiyini və buna qarşı həm hərbi, həm iqtisadi, həm də texnoloji sahədə sistemli şəkildə hazırlaşdığını göstərir. Müharibə baş verməsə belə, NATO və Avropa Birliyi artıq "sülh dövrünün nağıllarından" uzaqlaşıb və soyuq reallıqlara uyğun hərəkət edir.