RU

“Prezident İlham Əliyevin balanslı və prinsipial xarici siyasəti Bakını strateji aktora çevirib”- Millət vəkili

“Azərbaycan son illərdə həyata keçirdiyi xarici siyasət strategiyası ilə beynəlxalq arenada mühüm uğurlar əldə etmiş, həm regional, həm də qlobal aktorlar arasında etibarlı tərəfdaş kimi mövqe qazanıb. Prezident İlham Əliyevin balanslı, çoxşaxəli və prinsipial xarici siyasəti sayəsində Bakı bir sıra qlobal güclərlə strateji əməkdaşlıq əlaqələri quraraq regional sabitliyin qorunmasında əhəmiyyətli rol oynamaqdadır”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki, gərgin dünya nizamında qeyri-müəyyənliyin artdığı, siyasi bloklaşmaların kəskinləşdiyi bir dönəmdə dövlətimiz öz xarici siyasətində sabitlik və çevik adaptasiya arasında mükəmməl bir tarazlıq qurmağı bacarır:

“Bir müddət gərginliklərin müşahidə olunduğu Azərbaycan – İran münasibətləri də 2025-ci ildə tamamilə yeni bir istiqamət aldı. İranın yeni Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri də regionda dəyişən geosiyasi konfiqurasiyanın rasional cavabı kimi qiymətləndirilir. Pezeşkianın səfəri hər şeydən öncə Tehranın regional siyasətində dəyişiklik siqnalı kimi qiymətləndilir. İran prezidenti Pezeşkianın hakimiyyətə gəlişi ilə Tehran regionla daha çevik və rasional siyasət yürütməyə meyilli görünür.

Hazırkı mərhələdə xüsusilə geosiyasi risklərin artdığı bir dövrdə Avropa üçün əsas prioritet sabitlik, təchizat etibarlılığı və strateji tərəfdaşlıqdır. Enerji təhlükəsizliyi məsələsində Azərbaycan Avropanın enerji bazarında etibarlı və alternativ marşrutlar vasitəsilə qaz və neft tədarükünü təmin edən əsas ölkələrdən biridir. Azərbaycan Qərb bazarlarında öz iqtisadi və siyasi təsirini artırmaqla, Avropa enerji təchizatına mühüm töhfələr verir”.

Millət vəkili qeyd edib ki, Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərini balanslı və çoxşaxəli strategiya əsasında quraraq öz milli maraqlarını və regional stabilliyi təmin edir:

“Çinlə strateji iqtisadi əməkdaşlıq, Avropa İttifaqı ilə enerji və siyasi dialoq, ABŞ-la təhlükəsizlik və enerji tərəfdaşlığı, İran və Türkiyə ilə pozitiv qonşuluq münasibətləri Azərbaycanın beynəlxalq siyasətinin uğurla reallaşdığını göstərir. Bu cür xarici siyasət modeli həm bugünün çağırışlarına cavab verir, həm də Azərbaycanın gələcək inkişaf perspektivlərini genişləndirir”.

//Gülnarə Abasova, Editor.az

Избранный
44
editor.az

1Источники