Bu gün “Sumqayıt” futbol klubunun rəhbərliyi yeni baş məşqçi Saşa İliçi ictimaiyyətə təqdim edib.

Bununla bağlı Mehdi Hüseynzadə adın Sumqayıt şəhər stadionunun konfrans zalında keçirilən tədbirdə Offsideplus.az saytının əməkdaşı da iştirak edib. 

Təqdimat mərasimində öncə 47 yaşlı serbiyalı mütəxəssis fikirlərini bildirib: 

- Əvvəlcə "Sumqayıt" rəhbərliyi ilə Belqradda görüşümüz oldu. Razılaşmaya əsasən, 1 illik müqavilə imzaladıq.  Azərbaycan futbolu haqqında bəzi məlumatları Azərbaycanda, xüsusilə də "Qarabağ"də oynayan serbiyalı və monteneqrolu futbolçulardan aldım. 

- Növbəti mövsüm üçün sizin qarşınıza hansı hədəflər qoyulub?

- Təbii ki, mən ötən mövsümdəki nəticə barədə məlumatlıyam. Qarşıdakı mövsüm üçün əsas hədəf avrokubokdur. Hər şey futbolçulardan asılıdır. "Sumqayıt" klubunun hazırkı durumu məni qane edir. Növbəti mövsüm daha yaxşı nəticələr üçün çıxış edəcəyik. Hər şey futbolçulardan asılıdır. Hazırda komandada 16-17 oyunçu var. Qısa müddətdə komandanı tam kompleşdirmək istəyirik. 

- Sizi Azərbaycanda daha çox futbolçu kimi tanıyırlar. 

- Futbolçu ilə məşqçi arasında böyük bir fərq görürəm. Mən artıq beş ildir məşqçi fəaliyyəti ilə məşğulam. Ancaq insanlar məni futbolçu olaraq tanıyırsa, bundan narahat deyiləm. 

- Siz "Sumqayıt"ın ilk təklifini qəbul etməmisiniz. Ancaq sonradan razılaşmısınız. Hansı səbəbdən qərarınızı dəyişdiniz?

- Bu, doğru məlumat deyil.

- "Nijni Novqorod"dan ayrılma səbəbiniz Rusiya komandalarının avrokuboklara buraxılmamasına görədir? Məhz Azərbaycan klubuna gəlişinizi bununla əsaslandırmaq olarmı? Digər bir sual: əvvəlki klublarda cəmi bir mövsüm işləyib ayrıldığınızı görürük. Bunun səbəbi nədir?

- Rusiya klubunda bizim məqsədimiz komandanı Premyer Liqada saxlamaq idi. Buna da nail olduq. Mənim üçün əsas olan nəticəni əldə etmişdim. Bu qərar daha çox komandadan asılı olan məsələ idi. Əslində, "Atromitos"da da müəyyən nəticələri əldə etmişəm. O komandanı qəbul edəndə cəmi 3 xalı vardı. Biz müsbət yöndə dəyişikliklər etdik. Bolqarıstan MOİK-i ilə də uğurlu nəticələrə imza atmışıq.

- “Sumqayıt"ın baş məşqçi postuna müxtəlif namizədlər olsa da, rəhbərlik məhz sizin üzərinizdə dayandı. Sizcə, Riad Rəfiyev niyə məhz sizi seçdi?

- Bunu klub rəhbərliyindən soruşsanız, daha yaxşı olardı.