RU

Kanalda batan Nihad 11 gündür tapılmır - Atasından müraciət - Yenilənib

Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində kanalda batan Nihad Nağızadədən artıq 11 gündür xəbər yoxdur.

“Qafqazinfo” xəbər verir ki, yeniyetmənin atası Vüqar Nağıyev sosial şəbəkədə videomüraciət yayıb.

“Rayon İcra Hakimiyyəti bununla bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etdi. Qurum texnikaları ilə əraziyə gəlib axtarış etdi, lakin fayda yoxdur. Çünki digər qurumlar adekvat tədbir görmür. Belə böyük ərazidə axtarış etmək çətindir, kanalın 6 metr dərinliyi var. Bunker deyilən ərazidəki yeraltı tunel vasitəsilə su keçir. Ehtimallarımız oğlumun məhz həmin tuneldə ilişib qalmasıdır.

Xahiş edirəm, bu barədə bizə kömək göstərilsin. Xüsusilə Su Meliorasiya İdarəsi, Kənd Təsərrüfatı Nazirliyi, bizə suyun qurudulmasında kömək edin. Bu faciə mənim başıma gəlib, ancaq sabah başqası da bu halla üzləşə bilər”, - deyə o bildirib.

***

Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, nazirliyin qüvvələri axtarışlara cəlb olunub: “25 iyun 2025-ci il tarixində Füzuli rayonu, Kərimbəyli kəndində 2009-cu il təvəllüdlü Nağızadə Nihad Vüqar oğlunun suvarma kanalında batması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında dərhal Nazirliyin Qarabağ Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki müdafiə qoşunlarının qüvvələri axtarışlara cəlb olunub. 

Lakin kanalın dunker hissəsində axtarışların aparılması üçün suyun səviyyəsinin aşağı salınması tələb olunduğundan nazirlik tərəfindən aidiyyəti qurumlara müraciət olunub”.

Dövlət Su Ehtiyatları Agentliyindən də bildirilib ki, “Əgər FHN tərəfindən bununla bağlı müraciət varsa, onların işinə kömək məqsədilə əlimizdən gələni edirik”.

Избранный
115
25
qafqazinfo.az

10Источники