RU

Voyçex Şesnı daha 2 il “Barselona”da!

Futbol üzrə İspaniya çempionu “Barselona”nın polşalı qapıçısı Voyçex Şesnı La Liqa nəhəngi ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

35 yaşlı qapıçı “Barselona” ilə 2 illik (2027-ci ilin yayına qədər) müqaviləyə imza atıb. Onun əvvəlki sözləşməsinin müddəti bu yaya qədər idi.

Xatırladaq ki, Voyçex Şesnı 2024-cü ilin oktyabr ayının 2-də “Barselona” ilə müddəti 2025-ci ilin iyun ayınadək qüvvədə olacaq müqavilə imzalamışdı. Ötən ilin yayında futbolçu karyerasını başa vurduğunu bəyan etmiş Şesnı “Barselona”nın yüksək səviyyəli qapıçı axtarışında ona müraciət etməsi ilə yenidən futbola qayıtmaq qərarına gəlmişdi.

Voyçex Şesnı futbola Varşavanın “Aqrikola” klubunda qədəm qoyub, buradan “Legiya” (Varşava), ardınca isə London “Arsenal”ının akademiyasına yol tapıb. “Arsenal”da olarkən Şesnı “Brentford” və “Roma”da icarə əsasında çıxış edib. 2017-ci ilin iyulunda isə “Yuventus” Şesnını 18,4 milyon avro müqabilində “Arsenal”dan öz düşərgəsinə qatıb. Polyak qapıçı Turin təmsilçisindən 2024-cü ilin yayında ayrılandan sonra karyerasını bitirməyə qərar vermişdi.

Şesnı ötən mövsüm “Barselona” üçün bütün yarışlarda 30 dəfə qapıda dayanıb, 36 qol buraxıb, 14 oyunda isə qapısının toxunulmazlığını təmin edib.

Voyçex Şesnı 2009-cu ilin noyabrında debüt etdiyi Polşa yığmasının heyətində 84 oyuna 83 qol buraxıb, 34 oyundan “quru” qurtulub.

Şesnının qənimətlər muzeyində “Arsenal”la qazandığı İngiltərə Kuboku (2 dəfə) və İngiltərə Super Kuboku, həmçinin “Yuventus”la əldə etdiyi İtaliya A Seriyası çempionluğu (3 dəfə), İtaliya Kuboku (2 dəfə), İtaliya Super Kuboku (2 dəfə) və “Barselona” ilə İspaniya Super Kuboku və İspaniya çempionluğu var. Şesnı 2022-ci ildə Polşada ilin futbolçusu seçilib.

“Transfermarkt” internet-portalı 35 yaşlı polyak qapıçı Voyçex Şesnının transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Избранный
27
arena.az

1Источники