“Azərbaycan Cənubi Qafqazın ən etibarlı nəqliyyat qovşağı kimi Özbəkistan üçün də maraqlı tərəfdaşdır. Bu mənada rəsmi Daşkənd Avropa və Yaxın Şərqlə ticarəti inkişaf etdirmək üçün Azərbaycan infrastrukturundan istifadə etməkdə maraqlıdır. Bakıda aparılan müzakirələrdə də nəqliyyat sahəsində əməkdaşlıq prioritet oldu”.
Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O bildirib ki, hər iki ölkə şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasında maraqlı olduğunu bir daha bəyan etdi:
“Ölkələrimizin mövcud və gələcək nəqliyyat infrastrukturu qarşılıqlı faydalı əməkdaşlıq üçün əlavə platforma yaradacaq və qitənin əsas regionlarının əlaqəsini gücləndirəcək.
Dövlət başçıları həmçinin ticarətin, əməkdaşlığın daha da gücləndirilməsinin, logistika infrastrukturunun inkişafının vacibliyini qeyd ediblər. Bu, bilavasitə ticarət-iqtisadi əməkdaşlığın daha da inkişafına, mövcud imkanlardan daha geniş istifadə olunmasına və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın güclənməsinə gətirib çıxaracaq. İmzalanmış bütün saziş və sənədlərin icrasının dövlət başçılarının nəzarətində olması, ikitərəfli əməkdaşlıq əlaqələrinin səmərəli aparılmasına, çoxtərəfli tərəfdaşlığın mühüm sahələrinin inkişafına səbəb olacaq.
Ümumiyyətlə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı iki ölkə arasında münasibətlərdə yeni mərhələ açıldı. İkitərəfli görüş və Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektri müzakirə edildi. Dövlət başçıları münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədi. Bakıda imzalanan yeni sənədlər yeni əməkdaşlıq istiqamətlərini əhatə edir. Məlum olduğu kimi, ölkələrimiz artıq 2-ci ildir ki, müttəfiqlik münasibətləri haqqında müqavilə imzalayıb. Müttəfiqlik Bakı ilə Daşkənd arasında qarşılıqlı etimadın artmasının nəticəsidir. Bu vaxta qədər Özbəkistan Mərkəzi Asiyanın bütün ölkələri ilə strateji tərəfdaşlıq sazişləri imzalayıb. Müttəfiqlik sazişi isə region dövlətlərindən yalnız Qazaxıstan və Tacikistanla mövcud idi. Ötən il Azərbaycan da bu siyahıya daxil oldu. Beləliklə, Azərbaycan və Özbəkistan müttəfiqlik münasibətləri beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyət və qarşılıqlı dəstəklə xarakterizə olunur”.
Millət vəkilinin sözlərinə görə, Özbəkistan həm də işğaldan azad olunmuş ərazilərin bərpasına, buraya qayıdan yerli əhalinin məşğulluğuna töhfəsini verməkdədir:
“Belə ki, Füzulidə inşa olunan orta məktəb, həmçinin Xankəndidə 200-dən çox insanın çalışdığı tikiş fabriki qardaş dəstəyinin nümunəsidir”.
//Gülnarə Abasova, Editor.az