RU

Nəsib Nəsibli: Sülh müqaviləsi bir an öncə imzalanmalıdır -SÖHBƏT

Ermənistanı Azərbaycan-Türkiyə ittifaqına daxil etmək, onun zəhərli dişini çəkmək lazəımdır

"Rusiyada iqtisadi, sosial, siyasi, hətta ideoloji durum kəskinləşəcək. Miqranntlarımızın vəziyyəti bir az da ağırlaşacaq"

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı diaspor üzvlərinə qarşı baş verənlər, sonrasında yayılan görüntülər Azərbaycanda geniş ictimai rezonansa səbəb olub. Bu hadisələr Rusiya cəmiyyətində azərbaycanlılara və ümumilikdə miqrantlara qarşı dözümsüzlük və diskriminasiya kimi qiymətləndirilir. Məsələyə rəsmi Moskvanın obyektiv reaksiya verməməsi də cəmiyyətdə haqlı narazılıq doğurub. Nəticədə, Azərbaycanda Rusiya ilə bağlı neqativ ictimai rəy güclənməkdə, rus dilində təhsilin və ümumilikdə rus təsirinin azaldılması ilə bağlı tələblər daha geniş vüsət almaqdadır. Görünür, Kremlin Azərbaycana yönəlik radikal addımları iki ölkə arasında sadəcə siyasi münasibətlərin kəskinləşməsi ilə yekunlaşmayacaq, humanitar və mədəni sahələrə də sirayət edəcək. Məsələ olduqca həssas olduğu üçün sağlam yanaşmaya və dərin təhlilə ehtiyac duyulur. 

Rusiya-Azərbaycan gərginliyi ilə bağlı Sherg.az-ın müsahibi tanınmış tarixçi-alim, professor, keçmiş millət vəkili Nəsib Nəsiblidir.

- Nəsib müəllim, məhz indiki məqamda Rusiyanın Azərbaycana və azərbaycanlılara qarşı açıq-aşkar radikal addımlarının səbəbləri nədir?
- Əslində, Azərbaycana və Rusiyada Azərbaycan mənşəli miqrantlara bu cür yanaşma heç də təəccüblü deyil. Buna heyrətlənməməliyik. Müxtəlif illərdə bənzər hadisələrin şahidi olmuşuq. Sadəcə, bu dəfə aşkar cinayət və ölüm faktı ortada olduğuna görə baş verənlər bizə təsir edir. Amma belə hadisələr mütəmadi yaşanıb. Ümumiyyətlə, Rusiyada miqrantlara münasibət bəllidir, onlara çox pis baxırlar. Hərçənd ki, Rusiyanın ayaqda durmasının əsas şərtlərindən biri təbii sərvətlərdirsə, ikincisi, miqrantların əməyidir. Söhbət təkcə Azərbaycan kökənli miqrantlardan getmir, bütün miqrantları nəzərdə tuturam. Ancaq şovinist bir cəmiyyət və hökumətə sahib olan Rusiya bunu nəzərə almır. Öz hikkəsini miqrantların üzərində sınayır. Bu imperial hikkə Rusiyada hər zaman olub. Bəzən zəifləyib, bəzən güclənib. Putin isə bu hikkəni lap şiddətləndirərək cəmiyyətdə az da olsa, nüfuzunu saxlamağa çalışır. Azərbaycana gəldikdə isə 2020-ci və 2023-cü illərdən, yəni torpaqlarımızın işğaldan azad edilməsindən sonra Rusiya Azərbaycandan bunun əvəzinə özünə müti davranış sərgilənməsini istədi. Azərbaycan tərəfi isə mütiliyi qəbul etmədi. Əlbəttə, bunu təqdir edirik. Niyə məhz indi belə hadisə baş verdi? Çünki Rusiya rəhbərliyi Ukrayna bataqlığından necə çıxacağını bilmir və çox əsəbi dövrünü yaşayır. O səbəbdən bütün miqrantlar üzərində bu cür qeyri-adi davranışları görürük və bundan sonra da görəcəyik.

- Moskva azərbaycanlı miqrantlarla bağlı nə qədər irəli gedə bilər?
- 2020-ci il 44 günlük müharibədə qazandığımız Zəfərdən sonra daxili və xarici siyasətdə köklü dəyişikliyin edilməsi, milli maraqlarımıza uyğun olaraq hansı istiqamətlərdə hansı addımların atılmasının gərəkliyi ilə bağlı bir proqramla çıxış etmişdim. Sonra onu məqalə şəklinə saldım. Məncə, Rusiyadan asılılığı zəiflətməyin yollarından biri oradakı Azərbaycan kökənli miqrantların öz Vətənlərinə geri dönməsini təmin etməkdir. Əlbəttə, 2,5 milyon miqrantın hamısı geri dönməyəcək, kütləvi qayıdış problemlər yaradar. Amma bu problemin qaynaqlandığı şərtlərə də nəzər yetirməliyik. Bunu Rusiya etməyib ki. Azərbaycanda iqtisadi-sosial durum vaxtı ilə ağır olduğuna görə, bu qədər insanımız Rusiyaya getmək, özünün və ailəsinin dolanışığını təmin etmək məcburiyyətində qalıb.
Daxili siyasətdə də dəyişiklik olmalıdır ki, 2,5 milyon insanı absorbsiya edə, yəni əridə bilək. Məncə, bu, mümkün və zəruridir. İnsanlar öz vətənlərinə dönmək istəyirlər. Çünki bundan sonra vəziyyət daha da pisləşəcək. Rusiyada iqtisadi, siyasi, sosial, hətta ideoloji durum kəskinləşəcək. Miqrantlarımızın vəziyyəti bir az da ağırlaşacaq. Moskva çox gözəl bilir ki, miqrantlar onun əlində girovdur, Azərbaycana təzyiq göstərmək vasitəsidir. Daim bu təzyiq vasitəsindən istifadə edəcək. Hətta bununla Azərbaycandakı siyasi vəziyyəti laxlatmağa, ölkə rəhbərliyinin qərarlarına təsir göstərməyə çalışacaq. Rusiya bütün miqrantları deport edə bilərmi? Bu, Rusiya üçün də asan olmaz. Eyni zamanda Azərbaycan üçün ciddi kriz yarada bilər. İstənilən halda Azərbaycan buna hazır olmalıdır. Öz vətəndaşlarımızı rəsmən geri çağırmalıyıq ki, gələcəkdə daha ciddi problemlə üzləşməyək. Hesab edirəm ki, bu məsələdə bir qədər gecikmişik.

- Azərbaycan dövlətinin adekvat addımlarını, sərt reaksiyasını necə dəyərləndirirsiniz?
- Azərbaycan dövlətinin reaksiyası kifayət qədər sərtdir. Təyyarəmizin vurulmasından sonra Azərbaycan rəhbərliyinin ritorikası sərtləşdi. Bir zamanlar yazı yazmışdım və orada belə bir ifadə var idi, daha doğrusu, özüm üçün bir düstur müəyyən etmişdim. Məncə, bu, tarixdən gələn ibrət dərsidir. "Rusiyaya savaş açmaq dəlilikdir" demişdim, çünki bizim potensialımız eyni deyil. Rusiya hərbi-feodal imperiya olaraq başımız üstündə bir "damokl qılıncı" kimi asılı qalıb. Ukrayna təcrübəsi də göstərir ki, savaş çox çətindir. Amma Rusiyadan mədət ummaq başqa bir ağılsızlıq, cahillikdir. Rusiya daim öz hikkəsi ilə hərəkət edən, hikkəsini gizlətməyən bir imperiyadır. Rusiya imperiyası ölməyib, hələ də ayaqdadır. Ona qarşı təmkinli, soyuqqanlı olmalı, ardıcıl mübarizə aparılmalıdır. Rusiyanı bir gündə əsəbləşib düşmən elan edək, sabah isə deyək ki, "yox, bizim orada 2,5 milyon soydaşımız yaşayır, onların taleyini düşünməliyik". Biz bunun ən bariz ifadəsini Nəriman Nərimanovun "Azərbaycanın daimi xoşbəxtliyi Rusiyaya bağlıdır" şüarında görürük. Başqa bir şüar da var. Rusiya öz təbii sərhədlərinə çəkilməyənədək həmişə Azərbaycanın başı üzərində təhlükə kimi qalacaq. Hesab edirəm ki, Rusiyaya qarşı mübarizədə əsas amil ardıcıllıq olmalıdır. Rusiya təcavüzünə qarşı ən böyük silah mərkəzində milli dəyərlər dayanan milli birliyi gücləndirməkdir. Bizə sırınmış sovet, rus dəyərlərindən nəhayət qurtulmaq lazımdır. Mədəniyyət sahəsində aktiv dekolonizasiya siyasəti yeritmək lazımdır. Bu, bizim daxili birliyimizi, Rusiyanın basqılarına qarşı müqavimət gücümüzü artıracaq. Digər aktual məsələ Rusiya-İran-Ermənistan laxlamış ittifaqını öz xeyrimizə dəyişdirməkdir. Azərbaycan buna qadirdir, yaranmış şərait də buna imkan verir. Ermənistanla sülh müqaviləsinin bir an öncə imzalanması zəruridir. Ermənistanı Türkiyə-Azərbaycan ittifaqı içərisinə daxil etmək, onun zəhərli dişini çəkmək lazımdır. Məncə, Rusiyanın bölgədən getməsi üçün ən təsirli addımlar biri bu, ola bilər. Türkiyə ilə münasibətlər, türk dünyası ilə inteqrasiyanın gücləndirilməsi, digər güc mərkəzləri ilə əlaqələrin normallaşması da Rusiyanın təzyiqlərinə tab gətirmək üçün önəmli amillərdir.

- Son günlərdə Azərbaycanda rus dili və rus məktəbləri ilə bağlı müzakirələr yenidən başlayıb, bağlanmaları tələb edilir. Bu barədə düşüncələriniz nələrdir?
- Çox önəmli məsələlərdir. 30 ildir bu məsələni ictimai fikir müzakirə edir. Ölkədə rus məktəblərinin tərəfdarları da var. Hesab edirlər ki, rus məktəbləri "mədəniyyət ocağı"dır. Bunu rus imperialistləri də deyir, bizim rusbaşlar da deyirlər. Rus mədəniyyəti orbitində qalanlar bir məsələni anlamaqda çətinlik çəkirlər. Orta məktəb vətəndaş hazırlayır. Ali məktəblər isə mütəxəssis hazırlayır. Vətəndaşın dünya görüşünün formalaşması məhz orta məktəbin yuxarı siniflərində baş verir. Rus kültürünə, rus dəyərlərinə bağlılıq məhz həmin dövrdə formalaşır. Burada çox incə məqam var. Ömür boyu bu dəyərlərə sahib olduqlarından əksəriyyət bunu əldən vermək istəmir. Rus məktəbinin yerinə fransızdilli, yaxud ingilisdilli məktəb qoyun, eyni mənzərə olacaq. Bundan qopmaq psixoloji cəhətdən çox çətin olur. Bunu anlamaq lazımdır. Məktəb məsələsi stratejidir. Milli və modern təhsil sistemi yoxdursa, Azərbaycanın milli təhlükəsizliyi hər zaman axsaq vəziyyətdə olacaq. Söhbət sadəcə dildən getmir, məsələ ondadır ki, xarici dillərin öyrənilməsi Azərbaycanda ən pis vəziyyətdədir. Bir vətəndaş olaraq xarici dillərin öyrənilməsində dərin bir inqilabın olmasının tərəfdarıyam. Dillərin günahı yoxdur. Rusiya imperializmi bunu bir vasitə kimi istifadə edir. Orta məktəb məzununun rus dilində ərizə yazmaq, adi məişət səviyyəsində danışmaq üçün savadı olmur. Bu isə bizim təhsil siyasətimiziin problemidir. Yenə deyirəm, xarici dillərin öyrənilməsi yaxşı haldır, amma bu, ölkəmizin gələcəyini təhdid edən amillər hesabına olmamalıdır. Rus məktəblərinin saxlanmasında inad göstərməməliyik.
 
Избранный
15
50
sherg.az

10Источники