RU

"Ukraynanın dron strategiyası: ABŞ-la ortaq istehsal, 10 milyonluq illik hədəf" - Rüstəm Ömərov

"Kiyev pilotsuz döyüş imkanlarını həm daxili istehsal, həm də xarici texnoloji tərəfdaşlıqlarla genişləndirir..."

Ukrayna ABŞ-ın "Swift Beat" şirkəti ilə yeni bir strateji əməkdaşlıq müqaviləsi imzalayaraq pilotsuz uçuş aparatlarının birgə istehsalına start verir.

Moderator.az xəbər verir ki, bu barədə "glavred.info" nəşri yazıb.

Məlumatda deyilir ki, bu razılaşma çərçivəsində Ukrayna ordusu üçün "Shahed" tipli Rusiya dronlarını havada məhv etmək üçün xüsusi hazırlanmış "dron-interseptorlar"ın (yəni tutucu və zərərsizləşdirici dronlar) istehsalı nəzərdə tutulur. Eyni zamanda, bəzi yerli istehsal müəssisələri də bu texnologiyalara çıxış əldə edəcək.

Bu mühüm anlaşma Danimarkada Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı ilə müdafiə naziri Rustəm Ömərov və "Swift Beat" şirkətinin baş direktoru Erik Şmidt arasında imzalanıb. Müqaviləyə əsasən, istehsal ediləcək dronlar Ukraynaya xüsusi şərtlərlə və maya dəyərinə yaxın qiymətlərlə veriləcək. Məqsəd - bu il yüz minlərlə dronun istifadəyə verilməsi, 2026-cı ildə isə həcmlərin daha da artırılmasıdır.

Zelenski bildirib ki, bu razılaşma Ukraynanın hava hücumlarına qarşı müdafiə qabiliyyətini ciddi şəkildə gücləndirəcək: "Bu dron-interseptorlar artıq özünü Ukrayna cəbhəsində sübut edib. İndi isə bu razılaşma ilə çox ciddi bir məhsul və müqavilə əldə etdik. Xüsusilə "Shahed"lərin daha kütləvi şəkildə vurulmasına ümid edirik".

İllik 10 milyon dron istehsalı hədəfi

Digər tərəfdən, Müdafiə naziri Ömərov Kiyevdə Almaniya hərbi sənayesi nümayəndələri ilə keçirdiyi görüşdə Ukraynanın daxili istehsal imkanlarını açıqlayıb. Onun sözlərinə görə, Ukrayna sənayesi hazırda ildə 10 milyon dron istehsal etmək gücündədir. Əgər lazımi maliyyə dəstəyi təmin olunarsa, bu rəqəm daha da arta bilər.

Almaniya və Böyük Britaniya ilə birgə layihələr də gündəmdədir. Britaniyanın "Prevail Partners" şirkəti ilə "Skyeton" arasında ortaq müəssisənin qurulacağı açıqlanıb. Almaniya isə Ukraynaya 500 ədəd uzaqmənzilli dronun istehsalı üçün maliyyə ayırmağı planlaşdırır. Bu dronlar 1200 kilometrədək məsafədəki hədəfləri vurmaq imkanına malik olacaq.

Ömərov bildirib ki, "Ramştayn formatı" çərçivəsində Ukrayna texnologiyalarının tərəfdaş ölkələrin istehsal imkanları ilə birləşdirilməsi planlaşdırılır. Məqsəd - müdafiə sənayesində ortaq müəssisələrin yaradılması və ölkəyə yeni investisiyaların cəlb olunmasıdır.

Ukrayna beləliklə həm cəbhə xəttində, həm də texnoloji sahədə "dron müharibəsində" mövqeyini gücləndirməyə çalışır. ABŞ, Almaniya və Britaniya ilə qurulan tərəfdaşlıqlar isə bu istiqamətdə dönüş nöqtəsi hesab olunur.

Избранный
13
43
moderator.az

10Источники