RU

Humanitar Kollec tələbələrinin ADPU-dakı təcrübələri başa çatıb

Bakı, 3 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin kitabxana işi ixtisası üzrə təhsil alan bir qrup tələbəsinin diplomqabağı təcrübəsinin başa çatması ilə əlaqədar tədbir keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdən öncə Pedaqoji Universitetin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov tələblərlə görüşüb, daha sonra tədbir Kitabxana-İnformasiya Mərkəzində davam etdirilib.

Çıxış edən Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova bildirib ki, təcrübədə olan tələbələrə yüksəkixtisaslı, peşəkar müəllimlər rəhbərlik edib. Təcrübə müddətində tələbələrin kitabxananın bazasından, texniki sənədlər və infrastrukturdan istifadə etməsinə imkan yaradılıb, həmçinin onlar iş prosesi ilə yaxından tanış olaraq praktik biliklər əldə ediblər. Tələbələr müəssisə rəhbərliyi, eləcə də fənn müəllimləri və təcrübə rəhbərlərinin tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər.

Daha sonra tələbələrin ifasında şeir nümunələri səsləndirilib.

Sonda təcrübə müddətində fərqlənən tələbələrə təşəkkürnamə verilib.

Избранный
9
azertag.az

1Источники