RU

Azərbaycan və Özbəkistan Respublikaları arasında ikitərəfli münasibətlər hər iki ölkənin milli maraqlarına xidmət edir » AzadMedia.az


Azərbaycan ilə Özbəkistan arasında münasibətlər dərin tarixi köklərə, ortaq mədəniyyətə və mənəvi dəyərlərə söykənir. Hər iki dövlət türkdilli xalqlar ailəsinin ayrılmaz üzvləridir və bu amil xalqlarımızın münasibətlərini daim möhkəmləndirən əsas faktorlardan biridir.

Son illərdə Azərbaycan və Özbəkistan rəhbərləri arasında intensiv siyasi dialoq münasibətlərin strateji xarakter daşıdığını bir daha təsdiq edir. Prezidentlər səviyyəsində keçirilən görüşlər qarşılıqlı etimadın və dostluğun bariz nümunəsidir. Məhz bu baxımdan Prezident İlham Əliyevin dünən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə keçirdiyi görüş iki ölkə arasında əməkdaşlıqda yeni mərhələnin başlanğıcı hesab oluna bilər.

Görüşdə regional təhlükəsizlik məsələləri, nəqliyyat-tranzit layihələri, enerji resurslarının şaxələndirilməsi və alternativ enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Azərbaycan və Özbəkistanın coğrafi mövqeyi iki ölkəyə Orta Asiya-Qafqaz nəqliyyat dəhlizində mühüm rol oynamağa imkan verir. Bu, həm də Çin-Avropa marşrutu üzrə yük daşımalarının genişləndirilməsinə əlverişli şərait yaradır.

Eyni zamanda, sənaye kooperasiyası, kənd təsərrüfatı məhsullarının birgə istehsalı və texnoloji mübadilə sahəsində də konkret addımlar planlaşdırılır. Azərbaycanın zəngin enerji resursları və nəqliyyat infrastrukturuna malik olması, Özbəkistanın isə mərkəzi Asiyada sürətlə inkişaf edən iqtisadiyyatı qarşılıqlı ticarətin artmasına şərait yaradır.

Mədəni əlaqələr də ikitərəfli münasibətlərin mühüm istiqamətidir. Müxtəlif mədəni tədbirlər, qarşılıqlı günlər, sərgilər və tələbə mübadiləsi proqramları xalqlar arasında dostluq körpülərini daha da möhkəmləndirir. Hər iki ölkə UNESCO və Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq mədəni irsin qorunmasına xüsusi önəm verir.

Azərbaycan və Özbəkistan arasındakı dostluq münasibətləri yalnız dövlətlər səviyyəsində deyil, həm də xalq diplomatiyası vasitəsilə genişlənir. Bu, həm də regionda sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir.

Bütün bunlar göstərir ki, Azərbaycan və Özbəkistan arasında formalaşmış strateji tərəfdaşlıq münasibətləri hər iki ölkənin milli maraqlarına cavab verir, ortaq iqtisadi hədəflərə çatmağa, yeni əməkdaşlıq formatları yaratmağa imkan verir və xalqlarımızın rifahına xidmət edir.



YAP Masallı rayon təşkilatı, Dezinfeksiya stansiyası ərazi partiya təşkilatının sədri Rəsilə Ağayeva
Избранный
14
50
azadmedia.az

10Источники