RU

SOS: Müəllimlər azalır, şagirdlər təhsilsiz qalır...

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 3338 müəllim iştirak edib ki, onlardan 1328 nəfəri keçid balını toplayaraq müsahibədə iştirak imkanı qazanıb. 

2006 müəllim isə müvafiq keçid balını toplaya bilməyib. Eyni zamanda, imtahanda iştirak etməyən 334 müəllim sertifikatlaşdırmadan keçməmiş hesab olunub. Təkrar sertifikatlaşdırma prosesində iştirak edən 4 nəfərin nəticələri imtahan qaydalarını pozduğu üçün ləğv olunub. Təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 20-23 iyun tarixlərində apellyasiya müraciətləri qəbul edilib. Apellyasiyaya daxil olan müraciətlər müvafiq qaydada araşdırılıb. 

Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı səhv aşkarlanmayıb, hər hansı bir texniki problem müəyyən edilməyib. Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən, prosesdə iştirak etməyən, eyni zamanda imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilən müəllimlərin müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilib. 

Qeyd edək ki, təkrar sertifikatlaşdırma imtahanından keçməyən müəllimlərin yenidən əmək fəaliyyətinə davam etməsi mümkün deyil və onlar ancaq müəllimlərin işə qəbulu (MİQ) imtahanından keçməklə yenidən müəllim kimi çalışa bilərlər. Ümumilikdə isə təkrar sertifikatlaşdırma imtahanında 2006 müəllimin keçid balını toplaya bilməməsi təhsilimiz üçün böyük rəqəm deyilmi və vakant yerlərinin sayının daha da artmasına gətirib çıxaracaqmı? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, təkrar sertifikasiyada iştirak edən 3338 müəllimdən 2006-sının, yəni 60 faizindən çoxunun uğursuz nəticə göstərməsi son illərdə həyata keçirilən müəllimlərin peşəkar inkişafı və qiymətləndirilməsi siyasətində ciddi problemlərin göstəricisidir: 

“Bu rəqəm təkcə statistik nəticə deyil, həm də təhsil sisteminin struktur zəifliyini, keyfiyyətə deyil, formaya əsaslanan yanaşmaların nəticəsidir. Müəllimlərin bu qədər böyük hissəsinin ikinci cəhddə də minimum tələblərə cavab verməməsi ölkənin təhsil siyasəti üçün ciddi xəbərdarlıq siqnalı olmalıdır”. 

O deyib ki, müəllimlərin sertifikasiyadan keçə bilməməsi müxtəlif amillərlə izah oluna bilər:

“Birincisi, bu şəxslərin uzun illərdir peşəkar inkişafdan uzaq qalmaları və müasir təhsil proqramlarına, kurikulumlara uyğunlaşmamaq bacarıqlarının aşağı olmasıdır. İkincisi, hazırlıq mexanizmlərinin, yəni Təhsil İnstitutunun təşkil etdiyi kursların və resursların keyfiyyətsizliyi, praktiki səriştələrin yox, yalnız nəzəri biliklərin testlə ölçülməsi ilə bağlıdır. 

Üçüncüsü isə sertifikasiya prosesinin özü ilə bağlıdır. Testlərin hazırlanması, tətbiqi və qiymətləndirilməsi mərhələsində şəffaflıq, etibarlılıq və psixometrik uyğunluq məsələləri hələ də qaranlıq qalır. 

“Təhsil haqqında” Qanunun 22.3-cü maddəsində göstərilir ki, müəllimlərin sertifikatlaşdırılması onların peşəkarlıq səviyyəsini ölçmək və karyera inkişafını stimullaşdırmaq məqsədi daşıyır. Lakin bu məqsəd bu gün faktiki olaraq “müəllimlərin sistemdən çıxarılması” alətinə çevrilib. 

2022–2025-ci illər ərzində təxminən 14 min müəllim imtahanda uğursuz nəticə göstərib. Təkcə bu il ərzində 2300-ə yaxın müəllimin əmək müqaviləsinə xitam verilib. Bu isə iki nəticə doğurur: bir tərəfdən məktəblərdə ciddi kadr çatışmazlığı yaranır, digər tərəfdən də psixoloji və sosial narazılıqlar artır”. 

Ekspertin sözlərinə görə, region və kənd məktəblərində kadr çatışmazlığı dərinləşir: 

“Elm və Təhsil Nazirliyinin 2023-cü ilə olan məlumatına əsasən, 5000-ə yaxın vakant müəllim yeri var və bu say artır. Sertifikasiyadan uğursuz nəticə alan müəllimlərin işdən çıxarılması bu boşluğu daha da genişləndirəcək. Ən çox kadr çatışmazlığı müşahidə olunan fənlər – riyaziyyat, fizika, kimya, informatika və ingilis dilidir. 

Məsələn, təkcə riyaziyyat üzrə bu il 800-dən çox vakansiya boş qalıb. Bu isə birbaşa tədris keyfiyyətinə, dərs yükünün ədalətsiz bölgüsünə və nəticədə şagird nailiyyətlərinə mənfi təsir göstərir. Dünya təcrübəsində müəllimlərin peşəkar qiymətləndirilməsi yalnız test imtahanına əsaslanmır. 

Məsələn, Finlandiya, Estoniya, Sinqapur və Yaponiya kimi yüksək nəticəli təhsil sistemlərində müəllimlər üçün mentorluq dəstəyi, dərs müşahidələri, portfolioların təqdimatı, kollektiv rəy kimi kompleks qiymətləndirmə mexanizmləri tətbiq olunur. Sertifikasiya uğursuzluğu birbaşa işdən çıxarma ilə deyil, inkişaf planı təqdim olunmaqla nəticələnir. 

Azərbaycan isə hələ də “keçdin – qaldın” yanaşmasından əl çəkməyib və bu, nə pedaqoji etikaya, nə də sosial ədalət prinsipinə uyğundur”. Nəticə etibarilə, 2006 müəllimin təkrar sertifikasiyadan kəsilməsi rəqəmi pedaqoji baxımdan çox yüksəkdir:

“Bu rəqəm həm təhsil sisteminin dayanıqlığına, həm də müəllim peşəsinin ictimai nüfuzuna ciddi zərbə vurur. Bu nəticə məktəblərdə vakant yerlərin sayını daha da artıracaq, yeni təyinatlarda keyfiyyət risklərini yüksəldəcək. 

Bununla yanaşı, bir sıra bölgələrdə dərs saatlarının bölüşdürülməsi çətinləşəcək və bu, şagirdlərin təhsildən kənarda qalması ilə nəticələnə bilər. Ən əsası isə odur ki, bu proses mütləq şəkildə pedaqoji dəstək, psixoloji adaptasiya və alternativ qiymətləndirmə mexanizmləri ilə müşayiət olunmalıdır. Əks halda, məqsədli şəkildə keyfiyyət artırmaq əvəzinə, sistemli şəkildə təhsil zəifləyəcək”. 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

Açar sözlər:

müəllim sertifikasiya Kamran Əsədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
2
cebheinfo.az

3Источники