RU

Xankəndidə tarixi Zirvə görüşü: İqtisadi əməkdaşlıqla bağlı Qarabağdan vacib mesajlar veriləcək

BAKI, iyul. TELEQRAF

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində fəal mövqeyə malikdir. Ölkəmiz 1992-ci ildən ECO-nun üzvü olaraq təşkilat daxilində bir sıra vacib təşəbbüslərdə aktiv yer alır. Bununla da üzv ölkələrlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələri ilə yanaşı, digər zəruri istiqamətlərdə əməkdaşlığın formalaşmasına töhfə vermiş olur. Bu mənada, Azərbaycanın ECO ilə əməkdaşlığı iqtisadi əlaqələrlə yanaşı, mədəni, elmi, humanitar sahələri də əhatə edir. Məhz bu müstəvidə qurulan əməkdaşlıq regional inteqrasiya prosesləri ilə yanaşı ECO məkanında sülh, sabitlik və inkişaf naminə birgə çağırışları təşviq edir.

Mövzu ilə bağlı Teleqraf-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün tarixi əhəmiyyətindən bəhs edib.

Komitə sədri hesab edir ki, ECO-nun 17-ci Zirvə görüşünün Azərbaycanın Xankəndi şəhərində keçirilməsi olduqca önəmlidir: “ECO-nun 40-cı ildönümünün Azərbaycanda, işğaldan azad edilmiş Qarabağda, Xankəndidə keçirilməsi qürurvericidir. Bu, Xankəndidə keçirilən ilk böyük mötəbər tədbir kimi də tarixə düşəcək. Dövlət başçılarının, baş nazirlərin və digər yüksək səviyyəli şəxslərin iştirakı etdiyi bu görüşdə də həmişə olduğu kimi, iqtisadi məsələlər müzakirə olunacaq. Üzv dövlətlərin iqtisadi və ticarət əlaqələrinin inkişafı, qarşılıqlı dəstək üçün vacib yol xəritələri müzakirə olunacaq. Azərbaycan da öz növbəsində bu təşkilatda fəal üzv kimi vacib töhfələr verib. Bu mənada, İƏT-in Qarabağda, azad Xankəndidə keçiriləcək 17-ci Zirvə toplantısı həm də öz tarixi qərarları ilə yadda qalacaq”.

Musa Quliyev qlobal miqyasda iqtisadi böhranlar fonunda belə bir tədbirin keçirilməsi ECO üzvlərinin bir-birinə qarşılıqlı dəstəyini gücləndirəcəyini söyləyib: “Bu da öz növbəsində azad Qarabağın inkişafında öz təhfəsini vermiş olacaq. Təşkilatın fəal üzvlərindən olan Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər, Bakıda “Özbəkistan” parkının yaradılması, Qarabağda da uyğun layihələrin icra ediləcəyinə əminlik yaradır. Qarşılıqlı münasibətlərin yaxşılaşması, gömrük, ticarət, vergi və digər məsələlərdə müəyyən güzəştlərin əldə edilməsi ilə bağlı 17-ci Zirvə görüşündə vacib qərarlar qəbul edilə bilər. Zəngəzur dəhlizinin açılması perspektivi fonunda İpək Yolu üzərində yerləşən ECO ölkələrinin Qarabağda keçirilən Zirvə toplantısında bu məsələlərə öz mövqeyini ifadə edəcəyi gözlənilir”.

Milli Məclisin deputatı Müşfiq Məmmədli də hesab edir ki, İqtisadi Əməkdaşlıq TəşkilatınınZirvə görüşünün Azərbaycanda, işğaldan azad edilmiş Xankəndidə keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

O, Azərbaycanın təmsil olunduğu iqtisadi platformalarda yeni-yeni əməkdaşlıq imkanları əldə etdiyini bildirib: “Bu əməkdaşlıq prosesində ölkəmiz hər zaman olduğu kimi, hərəkətverici faktor rolunda çıxış edir. Təşkilata üzv olan ölkələrlə Azərbaycan arasında yüksək səviyyəli dostluq və qardaşlıq münasibətləri mövcuddur. Bu təşkilatda Türkiyə və Pakistanın yer alması ölkəmiz üçün xüsusi ənəm kəsb edir. Sözsüz ki, belə bir mötəbər tədbirin Xankəndidə keçirilməsinin xüsusi tarixi əhəmiyyəti var. Son iki yüz il ərzində tarixi torpaqlarını işğaldan azad etmiş müsəlaman dövləti kimi Azərbaycan islami dəyərlərlə yanaşı, dünyada özünün multikulturalizm mövqeyi ilə də səciyyələnir”.

Müşfiq Məmmədli hesab edir ki, Xankəndidə keçiləcək Zirvə görüşü iqtisadi əməkdaşlığın, qlobal cənub ölkələri arasında əlaqələrin genişləndirilməsi baxımından təsirli olacaq: “Burada, eyni zamanda, yeni iqtisadi əlaqələrlə yanaşı, kommunikasiya bağlarının qurulması istiqamətində təsirli qərarların verilməsi gözlənilir. Sözsüz ki, burada veriləcək qərarlar region və dünya xalqlarının inkişafına mühüm töhfə kimi də yadda qalacaq".

Избранный
11
21
teleqraf.com

10Источники