Son günlər Rusiya ilə bağlı gərginləşən münasibətlər fonunda sosial şəbəkələrdə ən çox adı hallanan şəxslərdən biri də kinorejissor və kinoşünas Ayaz Salayevdir.
İstifadəçilər xüsusilə də statuslarda onun adını çəkərək, Rusiya tərəfdarı olduğunu iddia edirlər.
Baş verənlərə Ayaz Salayevin münasibəti necədir?
“Cebheinfo.az”-a açıqlamasında kinorejissor, kinoşünas və ssenarist, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev bildirib ki, Rusiya tərəfdarı olmaq və rus mədəniyyətini sevmək fərqli anlayışlardır:
"Rusiya tərəfdarı olmaqla rus mədəniyyətini sevmək tamam ayrı-ayrı anlayışlardır. Baş verən hadisələrə münasibətim son dərəcə mənfidir, çox pisdir. Dövlətimizin münasibəti necədirsə, mənim də münasibətim o cürdür. Ömür boyu müstəqilliyin tərəfdarı olmuşam. Həmişə Azərbaycanın müstəqilliyini müdafiə etmişəm. Rusiya tərəfdarı olmaq üçün gərək insanın beyni, düşüncə qabiliyyəti olmasın. Ancaq başlarında beyni olmayan adamlar mənə “ruspərəst” deyə bilərlər”.