RU

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən MEK-ə dəyərli nəşrlər hədiyyə olunub

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, Fondun Aparat rəhbəri professor Fəxri Hacıyev və şair Fərid Hüseyn Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar. Onlar Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovla görüş keçiriblər, MEK-ə dəyərli nəşrlər hədiyyə ediblər.

Öncə qonaqlara kitabxananın fəaliyyəti və strukturu barədə ətraflı məlumat verilib. Onlar Qarabağ müharibəsi qəhrəmanlarına həsr olunmuş unikal fond, eləcə də Akademiklər zalında nümayiş olunan və beynəlxalq tərəfdaşlar, diplomatik nümayəndəliklər tərəfindən hədiyyə edilmiş nəşrlərlə tanış olublar.

Hədiyyə olunan nəşrlər AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin göstərişi  ilə MEK-in Diplomatik fondunda yaradılan “Türk Mədəniyyəti və İrsi Fondu”  adlı guşəyə yerləşdirilib. Onların sırasında “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türk dünyasının tarixi inciləri”, “Türk ədəbiyyatının inciləri” və “Türk dünyasının elmi inciləri” adlı yeni kitab seriyaları yer alıb. Xüsusilə, "Divanü lüğat-it-türk"ün izahlı tərcüməsi sonuncu seriyanın ən qiymətli nümunələrindən biri kimi təqdim olunub.

Dəyirmi masa ətrafında davam edən görüşdə direktor Hüseyn Hüseynov MEK-in 100 illik fəaliyyəti, beynəlxalq əlaqələri və kitabxana fondunun zənginliyi barədə danışıb. Qeyd edib ki, hazırda kitabxanada 1,5 milyondan artıq sənəd saxlanılır və onların bir hissəsi artıq elektron formata keçirilib.

Kitabxana rəhbəri Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hədiyyə edilən nəşrlərin MEK-in fonduna dəyərli töhfə olduğunu vurğulayıb və bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə inandığını bildirib. Direktor, həmçinin çap nəşrləri ilə yanaşı, PDF versiyaların da təqdim edilməsini oxucular üçün əhəmiyyətli imkan kimi dəyərləndirib.

Fondun prezidenti professor Aktotı Raimkulova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılan Fond Türk dünyasının zəngin mədəni irsinin qorunması və dünyaya tanıdılması istiqamətində fəal çalışır. O, MEK-lə əməkdaşlığın qurulmasından məmnun olduqlarını və yeni nəşrləri təqdim etməkdən qürur duyduqlarını vurğulayıb. Bildirilib ki, Fond tərəfindən hazırlanmaqda olan digər nəşrlər də gələcəkdə MEK-ə təqdim ediləcək.

Görüş zamanı birgə layihələrin həyata keçirilməsi imkanları da müzakirə olunub.

Избранный
7
5
xalqqazeti.az

6Источники