RU

Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac varmı?- APA-nın şərhi

Azərbaycanın müstəqil dövlət kimi müstəqil daxili və xarici siyasəti, strateji prioritetləri var. Ayrı-ayrı ölkələrdən fərqli olaraq, Azərbaycan heç bir güc mərkəzinə tabe deyil, bütün ölkələrlə normal, bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan siyasət yürüdür.

Ölkədə milli-mənəvi, əxlaqi dəyərlərin, adət-ənənələrin, ana dilinin, milli xüsusiyyətlərin qorunub saxlanması əsas prioritetlər sırasındadır və bu istiqamətdə ardıcıl işlər görülür.

Rus dili kultu

Təəssüf ki, uzun illər SSRİ-nin tərkibində olmuş Azərbaycanda rus dili kultu yarandı, milli şüurda rus dili ana dilimiz qədər yer tutmağa başladı. Bu, mərkəzləşdirilmiş qaydada keçmiş SSRİ-nin bütün respublikalarda tətbiq olunan ideoloji fəaliyyətin nəticəsi idi. Zamanında “beynəlmçilər şəhəri” adlandırılan Bakıya bu ad heç də təsadüfən verilməmişdi. Dövlət orqanlarında, küçədə, evdə, hər tərəfdə rus dili bir növ inkişaf səviyyəsinin göstəricisi kimi kult şəklində beyinlərə yeridilirdi.

Ancaq bu gün biz müstəqilik, uzun onilliklər hökm sürmüş stereotiplər dağıdılıb, kənar ideoloji təsirlər neytrallaşdırılıb, tarixi qələbəmiz təkcə ərazi bütövlüyümüzü və suverenliyimizi deyil, həm də qürurumuzu özümüzə qaytarıb, milli kimliyimizin əsl dəyərini bir daha hamıya göstərib.

Nəyə görə Azərbaycanda 300-dən artıq rusdilli məktəb var?

Belə bir vəziyyətdə biz ana dilimizin yüksəlişini yaşamaq əvəzinə, başqa dilləri ona şərik qoşmamalıyıq. Təbii ki, bu tendensiya heç cür qəbul oluna bilməz və qarşısı alınmalıdır.

Sual olunur: Nəyə görə Azərbaycanda 300-dən artıq rusdilli məktəb var? Bunu zəruri edən obyektiv səbəblər hansılardır?

Bu 300 məktəbdə minlərlə müəllim işləməlidir. Onları yetişdirən ali təhsil ocaqları, məsələn, Slavyan Universiteti öz vəzifəsinin öhdəsindən gələ bilirmi? Həmin təhsil müəssisələrində çalışan şəxslərin bilik və bacarıq səviyyəsi nə dərəcədə tələblərə cavab verir? Uşaqların keyfiyyətli təhsil alması üçün standartlara cavab verən tədris vasitələrimiz varmı? Bütün bu suallara birmənalı “yox” cavabı vermək olar.

Söhbət rusdilli məktəblərin tam bağlanmasından getmir

Burada söhbət rusdilli məktəblərdən tam imtina olunmasından getmir. Azərbaycanda yaşayan rusdilli əhali var, diaspor mövcuddur. Məktəblərin sayı da onların tələbatına uyğunlaşdırılmalıdır. Rusdilli məktəblərin sayı rus icmasının üzvlərinin və rus dilində təhsil almaq istəyənlərin sayına uyğun olmalıdır. Dövlət büdcəsindən bu məktəblər üçün hər il xeyli vəsait ayrılır. Bu məktəblərin fəaliyyəti və göstərdiyi nəticələr ayrılan bu vəsaitə dəyirmi? Keyfiyyət göstəricisi, verilən təhsilin səviyyəsi, rusdilli məktəbləri bitirənlərin ali məktəblərə qəbul zamanı göstərdiyi nəticələr yüksəkdirmi?

Избранный
5
28
aznews.az

10Источники