RU

Azərbaycanın “qırmızı xətti”: müstəqilliyimiz əbədidir!

Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.

Heydər ƏLİYEV,
Ümummilli lider

III MƏQALƏ

Siyasətin gücü

Müstəqilliyin qorunması və suverenliyin təmini güclü siyasət tələb edir. XXI əsrin gerçəklikləri elədir ki, dövlətin müstəqilliyinin təmini hər şeydən öncə aparılan siyasətdən asılıdır. Bəlkə də bu tezis keçən əsrin ortalarına qədər adi görünə bilərdi. Və ya, “tarixən belə olmuşdur”, kimi reaksiya verilərdi.

Ancaq XX əsrin ilk 50 ilində dünyada dövlətlərarası münasibətlərin tənzimlənməsində əsas rolu hansı faktorların oynadığına reallığın “gözü” ilə baxsaq, mənzərənin heç də sadə olmadığını görərik. 1914 – 1918-ci illər I Dünya müharibəsi və 1939-1945-ci illər II Dünya müharibəsi milyonlarla insanı məhv etdi. Siyasət səmərəli olmadığına görə. Hər iki müharibəni bəşəriyyət üçün fəlakət adlandırırlar və tam haqlıdırlar. Millətlər Liqasını da 1946-cı ildə müharibənin qarşısını ala bilmədiyinə görə ləğv etmişlər.

Deməli, verilən vədlərə, imzalanan sazişlərə, bağlanan müqavilələrə baxmayaraq, siyasətin yetərsizliyi bəşəriyyəti həmişə fəlakətə sürükləmişdir. Buna görədir ki, dahi Hüseyn Cavid “kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü!”, kəlamı ilə insan varlığının təməl şərtini ifadə etmişdir.

Dövlət səviyyəsində bu, real sülhyönlü siyasət aparmaq deməkdir. Konseptual səviyyədə isə dövlət başçısının aydın məqsədli və dəqiq siyasi kurs müəyyən etməsidir ki, onun ana xəttini bütün məsələləri siyasi-diplomatik yolla həll etmək təşkil etsin.

Eyni zamanda, lider həmin siyasəti davamlı olaraq müsbət nəticəverici istiqamətdə həyata keçirə bilsin. Azərbaycan Prezidenti İlham Əliyev yeni tarixi mərhələ üçün ölkənin xarici siyasətinin qayəsini yığcam formada belə ifadə etmişdir: müharibə olmamalıdır, hər bir məsələ siyasi yolla həll edilməlidir!

Ərazi bütövlüyü və suverenliyin təmini üçün başlıca üsulun siyasi-diplomatik fəaliyyətin seçildiyini dövlət başçısı hər zaman nümayiş etdirir. İndi Azərbaycan regionda və regionlararası miqyasda sülh, barış və əməkdaşlığın əsas təşəbbüskarlarından biri kimi çıxış edir.

Əlbəttə, müstəqillik və suverenliyin siyasətin gücü ilə qorunması çox ağır bir vəzifədir. Lakin yalnız bu üsul əbədiyyən müstəqil olmağın ən etibarlı yoludur. Müasir dünyada siyasətlə dövləti qoruyan və inkişaf etdirən liderlər uğurlu strateq hesab olunurlar.

K.Adenauer barış strategiyasına görə Almaniyanın xilaskarı sayılır, Ənvər Sədat İsraillə münasibələri dinc yolla həll etmək strategiyasına görə (“transendent strategiya”) xilaskar hesab edilir, Riçard Nikson “tarazlı strategiyası”na görə qlobal miqyasda münaqişələrin tənzimlənməsinə xeyli fayda vermişdir, Li Kuan Yu “mükəmməllik strategiyası” ilə ölkəsini inkişafa qovuşdurmuşdir və s. Onların hər biri böyük hərbi toqquşmalardan sonra ölkələrinin xilasını siyasi-diplomatik uğurlarda görə bilmişlər.

Azərbaycan Prezidenti həmin mənada XXI əsr üçün çox maraqlı siyasi kurs həyata keçirir. Onun müxtəlif özəlliklərinin siyasi-nəzəri dərk edilməsi əhəmiyyətlidir.

Təxribatlara qarşı dayanıqlıq

2020-ci ildən sonra, gözlənildiyi kimi, Azərbaycan Respublikasına qarşı müxtəlif istiqamətlərdən təxribatlar törədilir. Onların əsas məqsədi Azərbaycanın müstəqil dövlət kimi mövqeyinin davamlı olaraq möhkəmlənməsinə və nüfuzunun dinamik olaraq artmasına əngəllər törətməkdən ibarətdir. Bu prosesi zaman-zaman və müxtəlif aspektlərdə aparırlar. Burada müəyyən mənada “kaskad” xarakterli, yəni arada məkan, zaman və ritm məsafəsi olan pilləvari prosessuallıq görürük. Onların atdıqları addımlar ümumi məqsədə və məntiqə malikdir, lakin hər kaskad mərhələ özünəməxsus məzmuna, formaya və üsula malikdir. Bundan başqa, bir kaskadın ritmi digərindən fərqlənir, lakin bütövlükdə, prosesin məntiqinə əməl olunur.

Dövlətin müstəqil siyasətini və bütövlükdə müstəqilliyini qorumaq üçün olduqca mürəkkəb bir mənzərə alınır. Ona qarşı səmərəli siyasi-diplomatik fəaliyyət yolu seçilməlidir ki, hər kaskadda (onun özünəxas ritmi və məzmunu olur) uğurlu olsun və həm də, ümumiyyətlə, kompleks halında səmərə versin.

Azərbaycan Prezidenti yeni tarixi mərhələdə bu mürəkkəb vəzifənin öhdəsindən uğurla gəlir. Rəsmi Bakı hər mərhələdə qarşıya çıxan məsələləri siyasi diplomatik üsulla həll edir və həm də növbəti mərhələ üçün münbit zəmin formalaşdırır. Son ayların bir neçə nümunəsində bu ümumnəzəri tezisin praktiki tətbiqinə baxaq.

“Laçın üçlüyü”

Laçında Azərbaycan-Türkiyə-Pakistan üçlüyünün strateji əməkdaşlığının mahiyyəti, miqyası və məqsədi haqqında Prezident İlham Əliyev konkret tezislər irəli sürmüşdür. Onlar aşağıdakılardır:

– Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib.

- Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik;

- Müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir;

- Biz, həmçinin rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrini araşdırmalıyıq;

- Birgə mədəni tədbirlər, akademik tərəfdaşlıqlar və turizm əlaqələrinin fəallaşması xalqlarımız arasındakı bağları daha da gücləndirəcəkdir;

- Beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik.

Bu tezislərdə üç qardaş dövlətin bütün istiqamətlərdə əməkdaşlıq etməsinin mahiyyəti ifadə edilmişdir.

Rusiya məsələsi

Azərbaycan Rusiya siyasətində tutduğu müstəqil mövqeni son günlər daha aydın şəkildə nümayiş etdirir. Məlum təyyarə hadisəsindən sonra Moskva ilə münasibətlər milli maraqlar, müstəqil və suveren dövlət çərçivəsindən zərrə qədər də kənara çıxmadan davam etdirilmişdir. Rusiyanın bir sıra dairələrinin təhrikedici və şantaj xarakterli mövqeyinə baxmayaraq, rəsmi Bakı kifayət qədər təmkin və məntiqlə müstəqil mövqeyini saxlamışdır. Azərbaycan ancaq siyasi-diplomatik formaya üstünlük vermişdir.

Yekaterinburqda Rusiyanın güc strukturlarının qeyri-peşəkar davranışına da Azərbaycan kifayət qədər aydın münasibət göstərməkdədir. Bəlkə də, çoxları gözləmirdi ki, (o cümlədən, Kremldə) Bakı son dərəcə cəsarətli və müstəqil addım atsın. Eyni zamanda, Azərbaycan yalnız siyasi-diplomatik aspektdə fəaliyyətə üstünlük vermişdir. Bütün dünyaya aydın oldu ki, ölkə rəhbərliyi istənilən situasiyada milli maraqlara söykənən müstəqil mövqe tutur.

Şübhəsiz ki, Azərbaycan rəhbərliyinin bu cür dik duruşu və ağıllı, beynəlxalq hüquq çərçivəsində olan addımı bir sıra dairələri çaşdırmışdır. Onlar Cənubi Qafqazda artıq kimliyindən asılı olmayaraq, hər bir dövlətə münasibətdə müstəqil mövqe nümayiş etdirməyə qadir lider ölkənin mövcudluğunu görürlər.

Bundan öncə, Azərbaycan başqa böyük dövlətlərə də eyni iradəni göstərmişdir. İran bir neçə dəfə sərt hərəkət etməyə çalışdı, lakin sonucda Azərbaycanın müstəqillik iradəsini qəbul etməli oldu.

ABŞ-ın və Avropanın (xüsusilə, Fransanın) təzyiq cəhdləri də uğursuz oldu.

Qardaş Türkiyədə bəzi dairələr Bakıya təzyiq etməyə cəhdlər göstərdilər, lakin dərhal qətiyyətli cavab aldılar.

“İbrahim övladları” ilə bağlı kimlərsə, Azərbaycana yol göstərmək işinə girişdi. Onlar da lazım olan cavabı aldılar.

İndi də Kreml eyni qətiyyət və inamlı davranışla üzləşmişdir. Rəsmi Bakı müstəqil Azərbaycanın maraqlarını tam ləyaqətlə təmin etməkdədir.

Bütün bunlar maraqlı bir nəticə çıxarmağa əsas verir.

Müstəqillik Azərbaycanın “qırmızı xətt”i kimi

Azərbaycan rəhbərliyi üçün dövlətin və xalqın müstəqilliyi ilə bağlı ulu öndər Heydər Əliyevin irəli sürdüyü əsas prinsip dəyişməzdir! Yəni Azərbaycan bundan sonra heç zaman heç bir dövlətin təsiri altında olmayacaq! Xalqın iradəsinə əsaslanan bu dahiyanə tezis dövlətin əbədi müstəqilliyini təmin edəcək.

Vurğuladığımız anlamda müstəqilliyin dövlətin “qırmızı xətti” olması dərin mənaya və məzmuna malikdir. Ola bilsin ki, anlayış olaraq müstəqilliyin “qırmızı xətti” bəsit və ya çox mücərrəd təsiri bağışlasın. Lakin həmin nəzəri anlamı konkret praktiki tətbiqi fəaliyyət müstəvisinə keçirdikdə son dərəcə məsuliyyətli və yaradıcı yanaşma tələb edən feili faktor göz önünə gəlir.

Prezident İlham Əliyev bu konteksdə XXI əsrdə Azərbaycan Respublikasının müstəqil dövlət kimi mövcudluğu və təhlükəsiz inkişafının nümunəsini yaradır. Bu proses hazırda bütün dinamikası ilə davam edir. Onun siyasi-nəzəri və fəlsəfi dərkinin eksklüziv olması tarixin tədqiqatçılara verdiyi şansdır! Həm də şərəfli məsuliyyətdir!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Избранный
5
xalqqazeti.az

1Источники