RU

Kiberhücumlar bu əməllərin arxasında nə dayanır?

ain.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cari ilin fevral ayında Azərbaycanda bir sıra media resurslarına qarşı kiberhücumlar həyata keçirilib. Qeyd edək ki, budəfəki hücumlar əvvəlkilərdən ciddi şəkildə fərqlənirdi - bu hücumlarda  xüsusi vasitələrdən istifadə edilib.  İlkin araşdırmalara əsasən, ondan çox media resursunun məruz qaldığı kiberhücumlar bir-biri ilə əlaqələndirilmiş formada siyasi motivləri özündə ehtiva edən hücumlar olub. Daha çox cəmiyyət üzərində psixoloji təsir imkanları yaratmağa yönələn bu hücumlar yüksək səviyyədə təşkilatlanan kiber casus qrupu tərəfindən təşkil olunub.  Hücum nəticəsində bir sıra web-serverlərin məlumatları və ehtiyat nüsxələri silinib, saytlara giriş məhdudlaşdırılıb. Məlum hadisədən sonra media resurslarının kibertəhlükəsizliyinin təmin edilməsi məqsədilə aiddiyyatı qurumlar tərəfindən dərhal müvafiq addımlar atılaraq hücumların qarşısı alınıb. Ekspertiza nəticələri onu göstərir ki, kiberhücum zamanı istifadə olunan texniki üsullar və davranış modelləri Rusiya ilə əlaqəli olan APT 29 haker qrupuna məxsusdur. Sözügedən qrup xüsusi əhəmiyyətli kiberhücumlar həyata keçirən qrup hesab olunur - əsas fəaliyyət istiqamətləri müxtəlif ölkələrin hökumət qurumlarının və xarici diplomatik nümayəndəliklərinin informasiya resurslarına daxil olub gizli məlumatları öyrənmək və pozucu əməllərə yol vermək, o cümlədən müdafiə, təhlükəsizlik və enerji sahələrində xüsusi əhəmiyyət kəsb edən layihələrə giriş əldə etməkdir.

Rus haker qrupunun Azərbaycan media resurslarına kiberhücumları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında bəyannamənin konkret müddəalarının açıq şəkildə pozulmasıdır. Keçən il dekabrın 25-də AZAL-a məxsus Bakıdan Qroznıya uçan “Embraer”-E190 təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğramamışdan əvvəl Rusiya səmasında hücuma məruz qalmasının araşdırılması və səbəbkarların cəzalandırılması ilə bağlı Azərbaycanın haqlı tələbləri fonunda bu hadisənin baş verməsi təsadüfü ola bilməz.

Saman altından su yeritmək

Məsələ ilə bağlı Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, kiberhücumlar məqsədyönlü şəkildə həyata keçirilib. “2025-ci ilin əvvəlində Azərbaycanın bir sıra aparıcı media orqanları məqsədli şəkildə həyata keçirilmiş kiber hücumlara məruz qaldı. Serverlərə və idarəetmə panellərinə daxil olmaq cəhdləri nəticəsində bu media qurumlarının fəaliyyətində müəyyən fasilələr və texniki çətinliklər yarandı. Hücumların ardıcıl və koordinasiyalı olması onu deməyə əsas verdi ki, Azərbaycanın informasiya məkanını zəiflətməyə və onu xarici təsirlər qarşısında aciz hala salmağa yönəlmiş sistemli bir fəaliyyət həyata keçirilir. Texniki analizlərin ilkin nəticələri göstərdi ki, bu müdaxilələr yüksək peşəkarlıqla icra olunub və yalnız fərdi təşəbbüslə deyil, ciddi təşkilatlanma və resurs tələb edən, ehtimal ki, müəyyən dairələrin nəzarəti altında fəaliyyət göstərən ixtisaslaşmış kibermütəxəssislər tərəfindən həyata keçirilib. Bu isə xarici ölkələrin xüsusi xidmət orqanlarının prosesdə iştirakı ilə bağlı əsaslı şübhələr yaradır,” - deyə A.Mirzəyev əlavə edib: “Əvvəlcə bəzi internet resurslarının əsas səhifələrində dini məzmunlu vizualların yerləşdirilməsi hücumların hansısa müsəlman ölkəsindən qaynaqlandığı təəssüratını yaratsa da, daha dərin texniki təhlillər fərqli nəticələr ortaya qoydu. İzləmə və analizlər bu hücumların Rusiya mənşəli APT (Advanced Persistent Threat) tipli bir qrup tərəfindən həyata keçirildiyini göstərdi”. A.Mirzəyev vurğulayıb ki, rus haker qrupunun hücumlarının arxasında bir sıra səbəblər dayanır: “Bu kontekstdə diqqətə alınmalı digər bir məqam odur ki, hücumların baş verdiyi dövrdə - fevralın 3-də - Azərbaycanda hüquqi statusu olmayan və fəaliyyətində qanunvericiliyin ciddi pozuntularına yol verdiyi üçün Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - “Rus Evi”nin fəaliyyəti dayandırılmış, “Rossiya Segodnya”nın (Sputnik) Bakı ofisinin fəaliyyəti ilə bağlı da oxşar qərar verilmişdi. Hücumların bu qərarlara siyasi reaksiya olaraq həyata keçirildiyi ehtimalını gücləndirən faktlar mövcuddur. A.Mirzəyevin sözlərinə görə,  istər Rusiya, istərsə də başqa istənilən tərəfdən həyata keçirilmiş bu kimi kiberhücumlar Azərbaycanın informasiya təhlükəsizliyi üçün ciddi təhdiddir. “Belə hallar, eyni zamanda, Azərbaycan ilə Rusiya arasında müttəfiqlik və qarşılıqlı fəaliyyətə dair Bəyannamənin ruhuna və konkret müddəalarına ziddir. Hadisənin ciddiyyəti nəzərə alınaraq, ictimai təşkilatlar və vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən müvafiq bəyanatlar səsləndirilib, qarşı tərəfə bu cür hərəkətlərin qəbuledilməz olduğu bildirilib. Biz bir daha bəyan edirik ki, kibermühitdə belə destruktiv və qeyri-dost yanaşmalar Azərbaycan-Rusiya münasibətlərinə, media əməkdaşlığına və regional sabitliyə ciddi zərbə vura bilər”.

Moskva yeni düşmən axtarışındadır

Politoloq İlyas Hüseynov qəzetimizə şərhində bildirib ki, ötən ilin sonlarından başlayaraq Rusiya Azərbaycana qarşı müxtəlif müstəvilərdə hücumlar həyata keçirib. “Rusiyanın səmasında Azərbaycan Hava Yollarına məxsus mülki təyyarənin vurulması Azərbaycan-Rusiya münasibətlərində ciddi gərginliyə gətirib çıxardı. Sözsüz ki, ilkin dövrlərdə əgər Rusiya Azərbaycandan üzr istəsə idi, eyni zamanda, həlak olan şəxslərin ailələrinə kompensasiya ödəsə idi, bu gün başqa cür münasibətlər müşahidə olunardı. Amma Rusiya nə üzr istədi, nə də kompensasiya ödədi. Rusiya öz əməlini ört-basdır etmək üçün müxtəlif saxta versiyalar ortaya atdı. Ən acınacaqlı hal isə, təyyarə hadisəsindən sonra Rusiyadakı müəyyən dairələrin göstərişləri əsasında rus haker qrupların Azərbaycan media resurslarına kiberhücumlar təşkil etməsi idi. Moskvanın Azərbaycana hazırkı münasibətinin mahiyyətini anlamaq çətindir. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra Rusiya ilə balanslı münasibətlərin qurulmasına üstünlük verib və indiyə qədər Rusiya ilə münasibətlərdə heç bir problem yaratmayıb. Təəssüflər olsun ki, Rusiyadakı bəzi qüvvələr Azərbaycan ilə Rusiya arasındakı münasibətlərə kölgə salmağa çalışır və Ukrayna ilə müharibə fonunda yeni düşmən axtarışındadırlar. Öz imperiya ambissiyalarından əl çəkmirlər. Yekaterinqburqda soydaşlarımıza qarşı baş verən dəhşətli hadisə bunu deməyə əsas verir”.

Yunis ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
5
yeniazerbaycan.com

10Источники