
Azərbaycan Rusiyadan Azərbaycan təyyarəsinin vurulması ilə bağlı tam, şəffaf və təsirli addımlar atmağı, günahkarların məsuliyyətə cəlb edilməsini və zərərçəkənlərə təzminat ödənilməsini münasibətlərdəki mənfi atmosferi aradan qaldırmağı tələb edib.
Rusiyanın Bakıdakı səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
Nazirlikdən verilən məlumata görə, xarici işlər nazirinin müavini Araz Əzimov Rusiyanın qeyri-dost addımları və hərəkətləri ilə bağlı Azərbaycanın ciddi narahatlığını nazirliyə çağırılan səfir Yevdokimova çatdırıb.
“Zorakılıq izləri və məhkəmə-tibbi ekspertiza rəyləri ziddiyyət təşkil edir”
İclasda iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın zamanı iki nəfərin həyatını itirməsi, digərlərinin isə ağır xəsarət alması məsələsi gündəmə gətirilib.
Azərbaycan tərəfi hadisə ilə bağlı Rusiya hakimiyyətinin verdiyi izahatın mərhumun cəsədlərindəki zorakılıq izləri və məhkəmə-tibbi ekspertizanın rəyləri ilə ziddiyyət təşkil etdiyini bildirib.
“Etnik cinayətkar qrup” ifadəsi qəbuledilməzdir”
Görüşdə hadisələrlə bağlı Rusiya mətbuatında dərc olunan xəbərlərdə “etnik cinayətkar qrup” kimi ifadələrin işlədilməsinin, etnik dözümsüzlüyün qızışdırılmasının qəbuledilməz olduğu vurğulanıb.