Azərbaycanın seçilən sənət ocaqlarından biri olan Akademik Rus Dram Teatrı növbəti mövsümünü tamaşaçı alqışları ilə başa vurdu. Dünya ədəbiyyatının zirvəsində dayanan Uilyam Şekspirin “Hamlet” faciəsi bu mövsümün final akkordu oldu. Tamaşa teatrın baş rejissoru, Xalq artisti Aleksandr Şarovskinin quruluşunda nümayiş olundu. Əməkdar mədəniyyət xadimi Aleksandr Fedorovun dekorasiyası, geyim üzrə rəssam Olqa Abbasovanın koloritli kostyumları və bəstəkar Anar Yusifovun musiqisi əsəri müasir ruhla səhnənin vizual dilini möhtəşəm təqdim etdi.
Tamaşaya olan maraq və izdiham rəqəmsallaşan dünyada teatrın cəmiyyətdə necə dərin iz buraxdığını bir daha sübut etdi. Həm səhnənin estetikası, həm aktyorların oyunu, həm də klassik mətnin bugünün auditoriyası üçün aktual səslənməsi Akademik Rus Dram Teatrının peşəkarlıq səviyyəsini nümayiş etdirdi.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi Ədalət Hacıyev bu mövsümün uğurlarından danışaraq qeyd etdi ki, bu mövsüm bizim üçün həm çətin, həm də çox məhsuldar oldu. Repertuarımıza əlavə olunan yeni tamaşalar, gənc aktyorların və rejissorların səhnəyə çıxışı teatrın həyatında yeni nəfəs yaratdı. Ən əsası isə odur ki, biz bu işi təkbaşına görmürük. Azərbaycan dövləti, ölkə rəhbərliyi, cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən mədəniyyət sahəsinə göstərilən davamlı dəstək bizim fəaliyyətimizin əsas təməlidir.
Ədalət müəllim xüsusilə Mədəniyyət naziri Adil Kərimlinin teatra göstərdiyi diqqəti vurğuladı:
“Cənab nazir Adil Kərimli teatrlarımızla daim təmasdadır. Bizim yaradıcı planlarımızı dinləyir, inkişaf üçün imkanlar yaradır. Belə bir rəhbərliklə işləmək həm məsuliyyət, həm də böyük ruh yüksəkliyi yaradır. Teatr canlı orqanizmdir, ona qayğı lazım olduğu qədər azadlıq da lazımdır. Biz bu balansı qoruyaraq irəli gedirik.”
Mövsüm boyunca teatrda müxtəlif səpkili tamaşalar – həm klassiklərdən, həm çağdaş müəlliflərdən, həm də eksperimental səhnə işlərindən ibarət tamaşalar təqdim olundu. Yeni rejissorların və aktyorların debütü tamaşaçıların marağını çəkdi və teatrın gələcəyinə olan inamı daha da möhkəmləndirdi.
Ədalət Hacıyev qarşıdakı mövsümlə bağlı da maraqlı planlardan danışdı:
“Yeni mövsüm üçün artıq hazırlıqlar gedir. Sürprizlərlə dolu repertuar planımız var. Qonaq rejissorlarla əməkdaşlıq edəcəyik, beynəlxalq teatr festivallarında iştirak nəzərdə tutulur. Ən başlıcası isə, biz tamaşaçını düşünürük – onun estetik zövqünü, emosional ehtiyaclarını və düşüncə dünyasını. Teatr yalnız əyləncə yeri deyil, həm də düşüncə meydanıdır. Biz bu meydanı daim işıqlı saxlayacağıq.”
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı bu gün ölkənin çoxmillətli və çoxmədəniyyətli ruhunun səhnədəki təcəssümüdür. Burada səhnələşdirilən hər tamaşa həm peşəkarlığın, həm də mədəniyyət siyasətinin uğurlu bir nümunəsinə çevrilir. Bu teatr təkcə keçmişə deyil, gələcəyə də məsuliyyət daşıyır. Bu gələcək artıq bu gündən formalaşır – Peşəkar rəhbərliklə, peşəkar əllərdə, dövlət dəstəyilə, tamaşaçı sevgisilə.
Yeni mövsüm yeni nəfəs, yeni səslər və yeni səhnə estetikası vəd edir. Akademik Rus Dram Teatrı isə bu çağırışlara cavab verməyə tam hazırdır.
Elnurə Abuşova