RU

"Rusiya tez geri çəkilməsə, hadisələr onun üçün yaxşı heç nə vəd etmir" - Deputat

“Hər bir qürurlu dövlət özünə qarşı olan bu hücumların qarşısını almalıdır və adekvat tədbirlər görməlidir. Azərbaycan müstəqil dövlətdir”. 

Bu sözləri Azreform.info -a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Rusiya və Azərbaycan arasında son baş verən hadisələri şərh edərkən deyib.

Onun sözlərinə görə, biz qonşularla normal keçinməyin tərəfdarıyıq:

“Amma xatırlayırsınızsa, qonşular bəzən elə sərt və lüzumsuz davranışlar ortaya qoyurlar ki, biz məcbur oluruq və buna dövlət olaraq cavab veririk. Yəni burada bizdən başlayan heç bir proses yoxdur. 

Biz sadəcə proseslərdə cavab verən vəziyyətindəyik və heç kim istəməz ki, qonşular arasında münasibətlər zədələnsin. Amma bu cür vəhşilik, yaxud azərbaycanlılara qarşı təyyarə hadisəsindən sonra davam edən bu cür zorakılıqlar təbii ki, cavabsız qala bilməz və biz də öz mövqeyimizi ortaya qoymuşuq”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə bildirib ki, Rusiyanın atdığı aqressiv və şovinist addımlar, azərbaycanlılara qarşı orada törədilən cinayətlər, nəticə etibarilə Azərbaycan üzərində təzyiq yaratmaqla onu öz iradəsinə tabe etmək cəhdləridir:

“Amma bu cür addımlarla və etnik ayrı seçkilik siyasəti həyata keçirərək günahsız insanları öldürməklə Rusiya Azərbaycanı öz orbitinə cəlb edə bilməyəcək. Nəticə etibarilə bu gün Azərbaycan güclü bir dövlətdir. Təkcə Azərbaycanda deyil, ondan kənarda yaşayan vətəndaşların da hüquqlarını qorumağı bacarır. Düşünürəm ki, Azərbaycanda bir qrup cinayətkarlıqla məşğul olan Rusiya vətəndaşlarının məsuliyyətə cəlb olunması tamamilə hüquqi bir hadisədir. Rusiyanın davranışlarına adekvatdır. 

Bundan sonra da Rusiya nə qədər hadisələri daha aqressiv istiqamətdə inkişaf etdirəcəksə, Azərbaycandan da eyni adekvat cavabı görəcəkdir. Çünki Azərbaycan da, Rusiya da müstəqil dövlətlərdir və hər dövlət öz siyasətini müstəqil iradəsi sayəsində özü müəyyənləşdirir. Ona görə də fikrimcə, Rusiya nə qədər bu cür aqressiv və şovinist addımlarından tez geri çəkilərsə, bir o qədər də Azərbaycanla münasibətlərə tez düzələ bilər. Əks təqdirdə, bu, Rusiya üçün yaxşı heç nə vəd etmir. Çünki rəsmi Moskva bütün ətraf qonşuları ilə müharibə və konflikt vəziyyətindədir. Çox təəssüf ki, Azərbaycanı da israrla bu istiqamətə itələyir. Bu isə Rusiyanın xeyrinə deyil”.

Həmidə İbrahimova

Избранный
21
50
azreform.info

10Источники