RU

“Repetitorluq nəzarətə götürülməli və rəsmiləşdirilməlidir”

Son illərdə Azərbaycanda müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilən sertifikasiya imtahanları təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış mühüm addımlardandır. Bu imtahanlar nəticəsində bəzi müəllimlərin uğur qazanmadığı yəni minimum tələbləri ödəmədiyi də məlum olur.

Lakin eyni zamanda həmin müəllimlərdən bir qisminin repetitor kimi fəaliyyət göstərməsi cəmiyyət narahatlıqlar doğurur.

Bəs görəsən, valideynlər bu müəllimlərə övladlarını əmanət etməlidirmi?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil texnoloqu, dosent Şəmil Sadiq qeyd edib ki, sertifikasiya sualları adətən universitetlərə qəbul imtahanları formatında hazırlanır, bu da haqlı olaraq narazılığa səbəb olur:

“Yaxşı müəllimi əldə saxlamaq üçün 2000 manatdan çox  maaş təklif etməlisən”-Şəmil Sadiq

"Sertifikasiyada niyyətin xoşluğunu çox yüksək qiymətləndirirəm. Amma bəzən biz bunu icra edəndə əməldə yanlış edə bilirik. Mənə görə, müəllimin perfomansı sadəcə biliyi ilə ölçülməməlidir. Əgər sadəcə biliklə ölçürüksə, o zaman 11-ci sinfi bitirib univeristetə qəbul olan şagirdi elə müəllim kimi işə götürək, çünki onlar məktəb tədris proqramını daha yaxından bələddirlər. Ona görə də müəllim üçün bilikdən daha çox vacib olan bacarıqlar var ki, onu təcrübədə öyrənir və inkişaf etdirirlər.

Əlbəttə ki, yüksək bal toplayan müəllimlərin əkəsriyyəti məhz repetitorluqla məşğul olan müəllimlərdir, çünki onlar birbaşa bu işlə məşğul olub əlavə maliyyə əldə edirlər. İndi bir də düşünün ki, sadəcə 5-6-cı sinifdə dərs keçən bir Azərbaycan dili müəllimini, o sinfi üçün can qoyur, yaxşı sinif rəhbəridir, qayğıkeşdir, fədakardır, təşkilatçıdır, amma yuxarı sinfin proqramı ilə məşğul olmadığı üçün onda bu bilik vərdişə çevrilməyib və istənilən halda repetitorla ayaqlaşa bilməyəcək. Çünki onun gündəlik məşğul olduğu sahə fərqlidir. Düzdür, biz müəllim seçəndə demirik ki, o sadəcə filan sinfin proqramını bilməlidir, amma məktəblər adətən yuxarı siniflərin dərsini müəyyən zaman bu işlə məşğul olan, bu sahədə peşəkarlaşan müəllimlərə veirirlər.

O gənc müəllim isə repetitor kimi peşəkarlaşmır və sonda ona uduzur, bu da o demək deyil ki, adam repetiror deyilsə, bilik yoxlamasında balı 50-dən yuxarı deyilsə, yaxşı müəllim deyil. Bu gün o repetitorların əksəriyyəti 5-8 -ci siniflərə ya dərs keçə bilmir, ya da istəmir. Çünki orta siniflərdə, keçid dövrünün başlanğıcındakı uşaqlarla işləmək daha çətindir, nəinki konkret məqsədə üçün universitetə hazırlaşan şagirdə dərs keçmək.

Az əvvəldə qeyd etdiyim kimi, sertifikasiya bu sahəni idarə edən qurum üçün göstəricidir, valideyn üçün yox. Bu yaxınlarda yazdığım (Sertifikasiya dərdi, yoxsa gələcəyin təhsili) məqalədə də qeyd etmişdim, müəllimləri bu cür yarışı salıb, seçim etmək yanlışdır. O zaman bütün müəllimlər repetitor olmağa çalışacaq, vicdanla insan yetişdirməyi özünə peşə edən çoxlu dəyərli müəllimlərimiz var ki, onları itirəcəyik.

Bir valideyn müəllimin biliyindən çox onun qayğıkeşliyinə, insanlığına, fədakarlığına, sevgi bəxş etmə imkanına baxmalı, uşağını ona etibar etməlidir. Biliyi duyğusuz süni zəka proqramları da verə bilir, amma sevgini, insanlğı heç bir proqram verə bilməz”.

Həmsöhbətimiz vurğulayıb ki, bütün sahələr kimi, repetitorluq da vergiyə cəlb edilməli, müəyyən mənada fəaliyyətləri nəzarətə götürülməlidir:

“Çox təəssüflər olsun ki, bu gün bu proses nə təhsil, nə də vergi tərəfdən tənzimlənmir, bir növ təhsilin “qara bazarıdır”. Düzdür, təhsillə məşğul olunduğu üçün ona “qara bazar” demək etik deyil, amma rəsmi heç nə olmadığı üçün bu cür deyə bilərik. Məktəblər evlərimizə daşınıb, hər ev bir məktəb olub bir çox repetitor məktəbdə 5-6 saat dərs götürməklə ordan qaynaq kimi istifadə edir. Çünki müştərisi məktəbdədir. Bütün sahələr kimi, repetitorluq da vergiyə cəlb edilməli, müəyyən mənada fəaliyyətləri nəzarətə götürülməlidir. Burda təkcə vergi məsələsi deyil, həm də ideoloji strateji məsələlər var.

Düşünün ki, bir müəllim sinifdə hansısa dövlətçilik əleyhinə bir ifadə işlətsə, etik olmayan rəftar etsə, bunun məsuliyyətini çəkən dövlət var, amma heç bir qeydiyyatı olmayan evdə bu hadisələr baş versə, nə baş verəcək? Ona görə də istənilən fəaliyyət nəzarətə götürülməli, dövlətin maraqları naminə idarə edilməlidir. Yeri gələndə repetitorlar mükafatlandırılmalıdır da, çünki onlar təhsil verir. Amma qanunlar çəçivəsində nəzarət edilməli və ya rəsmiləşdirilməldir. Sözsüz ki, bunların əsas problemi də maaşdan qaynaqlanır, müəllimə yaşam standartlarını təmin edəcək maaşı versək və ona repetitorluq qadağasını qoysaq, o zaman fərqli mənzərə ilə rastlaşarıq.

Məncə, sertifikasiyanın formatında dəyişiklik edilib, ikinci səviyyəyə keçməyin vaxtıdır. Bu günə qədər aparılan proses düzgün, faydalı oldu, Elm və Təhsil Nazirliyi öz yanaşması ilə böyük ictimai qüvvə ilə üz-üzə gəlib bu addımı atmaqda haqlı olduğunu sübut edə bildi. İkinci mərhələyə keçid isə ona görə vacibdir ki, bir müəllimi müəllim edən sadəcə onun biliyi yox, digər səriştə və bacarıqlarıdır. Faktoloji biliyi yaxşı səviyyədə olmayan müəllimlər var ki, həm sevilir, həm ciddi hörmət, həm də yaxşı öyrətmə bacarığına sahibdir. Onun digər bacarıqları biliyinin tam olmamasını pərdələyə bilir. Çünki orta məktəbin vəzifəsi təkcə universitetlərə tələbə yetişdirmək, alim formalaşdırmaq deyil. Bu, bütün təhsil sənədlərində ifadə edilir. Bu zaman müəllimin dəyərləndirilməsi də sadəcə elmi-biliklərlə yox, digər sahələrlə də aparılmalıdır. Cəmiyyətə robot yox, vicdanlı, ədalətli, mərhəmətli, çevik zəkalı, tərbiyəli insanlar qazandırmaq daha vacibdir

Düşünürəm ki, güclü sistem qurub, müəllimlərin göstəricilərinin dəyərləndirilməsini aşağıdakı meyarlar əsasında 100 ballıq şkala ilə həyata keçirə bilsək, daha uğurlu nəticələr əldə edə bilərik: Şagird və valideynin qiymətləndirməsi -15 bal, şagirdin mənimsəmə faizi - 15 bal, müəllimin özünü qiymətləndirməsi və rəhbərliyin qiymətləndirməsi hərəyə 10 bal. Müəllimin peşəkar inkişaf portfeli 20, bilik nəticəsi isə 30 bal təşkil etməlidir".

Избранный
15
50
azedu.az

10Источники