RU

BMU ilk dəfə “Data analitikası” ixtisası üzrə mütəxəssis hazırlığına başlayır

Bakı Mühəndislik Universitetində (BMU) bu il bakalavriat səviyyəsi üzrə qəbul aparılacaq yeni ixtisaslardan biri “Data analitikası”dır.  

"Unikal" xəbər verir ki, BMU müasir dövrün tələbi olan bu ixtisası ölkəmizdə tədris edəcək ilk universitetlərdən biridir. Bu gün rəqəmsal texnologiyaların müasir inkişafı dövründə müxtəlif fəaliyyət sahələrində tamamilə yeni ixtisas olan data analitiklərə böyük tələbat yaranıb. Data analitikası-məlumatların toplanması, təhlili, vizuallaşdırılması və onlardan qərarvermədə istifadə olunması üzrə ixtisaslaşmış data analitiklər, data elmi və maşın öyrənməsi mühəndisləri, biznes analitikləri kimi mütəxəssislərin hazırlanmasını təmin edən yeni ixtisasdır. 

“Data analitikası” ixtisasını bitirən məzunların karyera imkanları genişdir və onlara  maliyyə, e-ticarət, marketinq, səhiyyə, təhsil o cümlədən digər sahələrdə böyük ehtiyac yaranır. Data analitiklər beynəlxalq və yerli şirkətlərdə yüksək əmək haqqı ilə işləmək şansına sahibdirlər. Bu sahə üzrə ixtisaslaşanlar Python, SQL, Power BI kimi müasir alətləri öyrənərək rəqəmsal dünyada liderlik imkanı əldə edirlər. Həmçinin beynəlxalq mühitə inteqrasiyaları genişlənir, müasir tələblər səviyyəsində ingilis dilində tədris sayəsində beynəlxalq layihələrdə iştirak, qlobal iş mühitində uğura nail olmaq şansı qazanırlar.    

BMU-da əyani təhsil formasında, yalnız ingilis bölümündə tədrisi aparılacaq “Data analitikası” ixtisası üzrə 55 yer ayrılıb. Universitetdə bu ixtisas üzrə təhsil alacaq tələbələr bir sıra üstünlüklər əldə edə biləcəklər. Müasir maddi-texniki baza, ən müasir kompüterlər, ağıllı lövhələr, proyektorlar, yüksəksürətli internetlə təchiz olunmuş kompüter və informasiya-kommunikasiya texnologiyaları laboratoriyaları tələbələrə özlərini inkişaf etdirmək fürsəti qazandırır. Eləcə də praktiki təcrübə üçün real yerli və beynəlxalq səviyyəli layihələr üzərində işləmək mümkün olur.  Bundan başqa, böyük pedaqoji təcrübəsi olan müəllimlərlə yanaşı, sənayedə ixtisaslaşmış müəssisələrdə çalışan yüksək ixtisaslı mütəxəssislərin tədrisə cəlb olunması öyrənmə prosesini uğurlu edir.   Tələbələrə karyera dəstəyi göstərilir, müxtəlif təcrübə proqramlarında iştirak və işə düzəlmə imkanları yaradılır. Eyni zamanda BMU müvafiq sahədə dünyanın aparıcı ölkələrinin (Çin, Cənubi Koreya) nüfuzlu universitetləri ilə ikili diplom proqramları həyata keçirir. “Data analitikası” ixtisasında təhsil alan tələbələr həmin proqramlardan yararlanmaq imkanı əldə edəcək, beynəlxalq təcrübə və əlaqələr qazanacaqlar.

Qeyd edək ki, bu il BMU-da “Data analitikası” ilə yanaşı, “Dekorativ-tətbiqi sənət” və “Turizm işinin təşkili” kimi yeni mühüm ixtisaslar da açılıb. Ümumilikdə 2025-2026-cı tədris ilində BMU-nun bakalavriat səviyyəsinə qəbul 39 ixtisas üzrə aparılacaq (https://beu.edu.az/az/page/bakalavr-tehsili-182/). 

Tədris olunacaq ixtisaslara görə ayrılmış 2585 plan yerinin 1745-i Azərbaycan bölməsi (əyani), 200 yer qiyabi təhsil forması, 640 yer isə ingilis bölməsinin (əyani) payına düşür. 

Избранный
20
9
unikal.az

10Источники