RU

Patrik Andrade: Özünü xoşbəxt hiss etdiyin yerdən ayrılmaq asan deyil MÜSAHİBƏ

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Araz-Naxçıvan”ın yeni transferi Patrik Andradenin Teleqraf-a müsahibəsi

- Karyeranızı “Qarabağ”da davam etdirməməyinizin səbəbi nə idi?

- Belə alındı. Təbii ki, uzun müddət qaldığın bir yerdən ayrılmaq hər zaman çətindir. Futbol belədir, bütün futbolçular bunu anlayırlar.

- Necə oldu ki, “Araz-Naxçıvan”ın təklifi sizi cəlb etdi: Bu addımı atarkən risk etdiyinizi düşündünüzmü?

- “Qarabağ”da komanda yoldaşım olmuş Qara Qarayevlə danışdım. O, mənə klubun necə işlədiyini, oradakı insanların və baş məşqçi Elmar Baxşıyevin necə biri olduğunu danışdı. Bu da qərar verməyimdə təsirli oldu. Risk etməsəydim, nəticənin necə olacağını heç vaxt bilməzdim. Düşünürəm ki, düzgün qərar verdim.

- Siz 2022-ci ildə də “köhlən atlar”dan ayrılıb, bir il sonra geri dönmüşdünüz. Hər iki ayrılığınızı müqayisə etdikdə hansı daha çətin oldu? Klub dəyişməyinizin, bəzi futbolçularda olduğu kimi, sizə qarşı da azarkeşlərdə inamsızlıq yaradacağını düşünürsünüz?

- Birinci ayrılığım daha çətin olmuşdu. Elə düşünmürəm. Azarkeşlər başa düşür ki, bu, futboldur. Əlbəttə, uzun müddət özünü xoşbəxt hiss etdiyin yerdən ayrılmaq asan deyil. Nə etmək olar? Həyat belədir.

- “Qarabağ”da UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası təcrübəniz var. “Araz-Naxçıvan”la Konfrans Liqasına yollanmağın sizin üçün nə kimi fərqliliyi var?

- Mənim üçün heç nə dəyişmir. Çünki Konfrans Liqasında da oynamışam. Orada da yaxşı futbolçular və böyük komandalar var. Buna görə düşünmürəm ki, bu, mənim üçün bir çətinlikdir. Hazirkı komanda yoldaşlarımla addım-addım bir-birimizi tanımağa başlayırıq.

- Yeni komandanızda “Qarabağ”la müqayisədə hansı fərqlər var?

- Hər şey fərqlidir. “Araz-Naxçıvan”da komanda yoldaşlarım, yeni iş tərzi başqa formadadır. Futbol da elə bu cürdür.

- Karyeranızın “Qarabağ”dakı dönəmini necə qiymətləndirirsiniz?

- Karyeramın bu səviyyəyə çatmasında oynadığım hər bir klubun özünəməxsus rolu olub. Bəziləri müsbət yönü ilə, bəziləri mənfi yönü ilə yadda qalır. “Qarabağ” dönəmim isə müsbət oldu. Orada xoşbəxt idim və yeni komandamda da xoşbəxt olmağa davam edəcəyəm. Heç vaxt düşünməzdim ki, Çempionlar Liqasında oynayaram. Amma Allah mənə turnirin təsnifat və pley-off mərhələlərində oynamaq fürsəti verdi. Buna görə minnətdaram.

- “Qarabağ”dakı ən yaddaqalan oyununuz və unudulmaz qolunuz hansı olub?

- 2020/2021 mövsümündə UEFA Avropa Liqasına vəsiqə qazandığımız Polşa “Legiya"sına qarşı səfər oyununda 3:0 hesabı ilə qalib gəldik, mən isə bir qol və bir məhsuldar ötürmə müəllifi oldum. O matçı heç vaxt unutmayacağam. Ümumilikdə bu oyun xatirəmdə tamamilə fərqli qalıb.

- “Qarabağ”da gerçəkləşdirə bilmədiyiniz arzularınız, klubun yeni müqavilə təklif etməməsindən məyusluğunuz oldumu?

- Orada bütün xəyallarımı gerçəkləşdirdim. Heç bir peşmanlıq və ya inciklik yoxdur. Dediyim kimi, bu, futboldur. Həm futbolçu, həm də insan kimi orada böyüdüm. Kuboklar qazandım, bu, ən önəmli şeydir. Xoşbəxt idim və xoşbəxt olmağa davam edəcəyəm.

- Karyeranızda buraxdığınız hansı səhvə görə hələ də peşmansınız?

- Heç nə üçün peşman deyiləm. Orada yalnız gözəl xatirələrim var. Bu, daha önəmlidir.

- Haqqınızda xarici klublardan təkliflər aldığınızla bağlı məlumatlar yayıldı, hətta siyahıda “Neftçi” də vardı. Nə üçün məhz “Araz-Naxçıvan”?

- Bəli, bəzi komandalar mənimlə əlaqə saxlayıb. Amma konkret adlarını demirəm. Mən Azərbaycana alışmışam, burada hər şeyi bilirəm. Yaxşı dostlarım var, şəhəri sevirəm və buna görə burada qalmağa qərar verdim. Yuxarıda qeyd etdiyim kimi, “Araz-Naxçıvan”ın təklifi məni cəlb etdi və buraya gəldim.

- Keçmiş klubunuz “Partizan” İdman Arbitraj Məhkəməsinə sizinlə bağlı şikayət edib. Klub sizə borclu olduğu üçün transfer qadağası ilə üzləşib. “Partizan”ın şikayətinə cavab verəcəksiniz, yoxsa razılaşma yoluna gedəcəksiniz?

- Onlar haqqında danışmıram. Ona görə də üzürlü sayın, bu suala cavab verməyəcəyəm.

- Bir futbolçu kimi “Araz-Naxçıvan”dakı əsas məqsədləriniz nələrdir və “Aris” qarşısında şanslarınızı necə dəyərləndirirsiniz?

- Yaxşı mövsüm keçirmək istəyirik. Sadəcə, özümüzə fokuslanmışıq. Onlara qarşı yaxşı oyun sərgiləmək üçün 23 günümüz var.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
48
icma.az

10Источники