“Yekaterinburqdakı hadisələr göstərir ki, rus şovinizmi artıq dövlət siyasəti səviyyəsindədir. Bu isə dövlətlərarası münasibətlərə ciddi zərbə vurur. Ukrayna müharibəsi səbəbindən ciddi problemlərlə üzləşən Rusiya üçün regiondakı dövlətlərlə münasibətlərin pozulması əsas mənfəətini itirməsinə səbəb olacaq”.
Referans bildirir ki, bu sözləri Globalinfo.az-a siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
O bildirib ki, azərbaycanlılara qarşı törədilən cinayət və vandalizm aktları siyasi məqsədlərlə həyata keçirilir:
“Azərbaycan bu təzyiqlərə mərhələ-mərhələ adekvat cavab verir. Xüsusilə Vətən müharibəsində qazandığı zəfər və antiterror əməliyyatları nəticəsində Rusiyanın Qarabağ və separatizm kartları səmərəsiz hala gətirildi. Azərbaycan bu tarixi fürsətdən istifadə edərək, qardaş Türkiyə ilə Şuşa Bəyannaməsini imzaladı və diplomatik uğurlarını artırdı. Azərbaycanın müstəqil siyasət yürütməsi və yalnız öz milli maraqları əsasında fəaliyyət göstərməsi Moskvanı ciddi şəkildə narahat edir.
Rusiya isə son təzyiq vasitələrindən biri kimi “miqrant kartı”ndan istifadə edir. Rusiyanın sinxron addımlarına nəzər salsaq, AZAL təyyarəsinin vurulması, məsələni uzatması, günahkarların cəzalandırılmaması, deputat Azər Badamovun Rusiyaya buraxılmaması və miqrantlara qarşı həyata keçirilən repressiyalar – bunların hamısı eyni strategiyanın tərkib hissəsidir.
Vaxtilə ABŞ və Fransa hökumətləri də Azərbaycana ciddi təzyiqlər göstərmişdi, lakin heç bir nəticə əldə olunmadı, əksinə bu, Azərbaycanın mövqeyini daha da gücləndirdi. Odur ki, fikrimcə, Rusiya bu kimi iyrənc metodlarla Azərbaycan siyasi iradəsinə təsir edə bilməyəcək”.
Ekspert qeyd edib ki, hazırda Azərbaycanın beynəlxalq mövqeləri və regiondakı geosiyasi vəziyyət tamamilə fərqlidir:
“Azərbaycan sülh istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edib, regionda üçüncü qüvvələr proseslərdən kənarda qalıb, Ermənistanla birbaşa dialoq qurulub. Rusiyanın isə sülhə mane olmaq üçün həm Ermənistanda hökumətə qarşı təxribatlar təşkil etdiyi, həm də miqrantlar vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışdığı aydındır. Lakin Azərbaycan milli maraqlarını qoruyur və heç bir təzyiq bu prinsipial mövqeyi dəyişdirə bilməz”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта