BAKI, 30 iyun. TELEQRAF
Bəzən gündəlik xəbərlərdə qarşılaşdığımız narahatedici xəbərlərdən biri sahibsiz itlərin küçədə insanları dişləməsi ilə bağlıdır. Bakıda və bölgələrin mərkəz küçələrində, bir sıra yerlərdə sahibsiz itlərə tez-tez rast gəlinir. Ac, susuz, qayğıya möhtac...
Bir müddət öncə Teleqraf İnformasiya Agentliyinin "Heç kimin sahib çıxmadığı sahibsiz itlər: İldə 40 mini qısırlaşdırılır, amma..." adlı araşdırmasında sahibsiz itlərlə bağlı vəziyyətə işıq salmağa çalışdıq.
Bu dəfə isə ağır həyat şəraitinə məruz qalan sahibsiz itlərə qayğı göstərildiyi bir məkana - IDEA - Heyvanlara Qayğı Mərkəzinə yollandıq. Bir neçə günlük də olsa bu canlılar burada sevgini, isti yuvanı hiss edə bilirlər.
IDEA Heyvanlara Qayğı Mərkəzinin təməli 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən qoyulub. 2017-ci ilin mart ayının 1-dən etibarən Mərkəz rəsmi olaraq fəaliyyətə başlayıb.
Bəs burada itlərə necə qayğı göstərilir? Ən çox itlər haradan gətirilir? Sahibsiz itlərlə bağlı hansı tədbirlər görülür?
Mərkəzə yaxınlaşdıqca it səslərini eşidirəm, içimdə bir az narahatlıq, bir az da qorxu var...Bu hiss mərkəzin darvazasından içəri girənə qədər davam edir...Sonra artıq təhlükəli heç nəyin olmadığının fərqinə varıram. İtlərin hər biri dayanmadan hürür. Bu məni çox narahat edir, amma bu narahatlığın səbəbi bu dəfə qorxu deyil.
Görəsən nəyə ehtiyacları var?
Mərkəzin geniş həyəti, sol hissədə itlər üçün xüsusi hazırlanmış sığınacaq blokları var, sanki onlar üçün kiçik evlər hazırlanıb. Burada itlər üçün tam təhlükəsiz və rahat şərait yaradılıb. Onların bəziləri tək, bəziləri isə iki-üç it birgə qalır. Aralarında bala itlər də var. Hər birinin önündə onlar üçün ayrılmış su, yem var.
Həyətin sağ divarında yan-yana müxtəlif formalı böyük it rəsmləri görmək mümkündür. Şəkillər diqqət çəkir, itlərin məsumluğunu ifadə edir.
Həyəti gəzməyə başlayırıq və IDEA Heyvanlara Qayğı Mərkəzinin icraçı direktoru Heyran Hüseynova ilə söhbətləşirik. O, mərkəzdə olan şəraitdən, onun fəaliyyətindən danışır və buradakı itlərlə bağlı məlumat verir.
Onun sözlərinə görə, mərkəz publik hüquqi şəxs Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaranmış yeni bir qurumdur:
“Mərkəz sahibsiz heyvanların rifahını yaxşılaşdırmaq üçün fəaliyyət göstərir. Gün ərzində çox sayda müraciətlər olur. Əsasən sakinlərin şikayətləri əsasında bu, baş verir. Hazırda şikayət çox olduğuna görə daha çox itlərə yönəlmişik, onları qısırlaşdırırıq. Prosedur belədir: müraciət olur, onun əsasında işçilərimiz həmin ünvana üz tutur. Heyvanlar götürülür və həkimlər tərəfindən qısırlaşdırılır, quduzluğa qarşı peyvənd vurularaq ilk yaşadıqları məntəqələrə buraxılırlar”.
H.Hüseynova deyir ki, bəzən sakinlər həmin itlərin yenidən o ünvana buraxılmasına narazılıq edirlər.
“Bu halda həmin itləri heyvansevərlərin baxdıqları ərazilərə buraxırıq. Onlara daimi nəzarət edəcək kiminsə olmasına, ac-susuz qalmamasına diqqət edirik. Bəzən vətəndaşlar gəlib "biz öz həyətimizdə o itə baxırıq" deyərək sahib çıxırlar. Gəlib özləri şəxsən götürürlər. Bəzən də itləri sahibləndiririk”, - o əlavə edir.
O deyir ki, müəssisənin döyünən ürəyi - böyük bir baytarlıq klinikası var:
“Demək olar ki, bütün proseslər həmin klinikada baş verir. Onun müxtəlif şöbələri var. Klinikada gündəlik 70-80-ə yaxın əməliyyat olur. Hazırda mərkəzdə təxmini 150 it var. Amma rəqəmlər dəyişir, çünki 2 gündən bir yeni itlər gəlir. Heyvanlar mərkəzdə təxmini 3-4 gün qalırlar”.
Sanitar gigiyena baxımından həmin klinikaya daxil ola bilmirik.
Direktor 1 dişi iti qısırlaşdırmaq üçün təxmini 15-20 dəqiqə, erkək iti qısırlaşdırmaq üçün isə 5-6 dəqiqə vaxt sərf olduğunu bildirir.
“Qısırlaşdırılmış heyvan əməliyyatdan çıxmış heyvandır. Baxmayaraq ki, əməliyyat qısa çəkir, amma yenə də həmin itlər ən azı 3 gün müşahidə altında qalırlar. Əməliyyatdan sonra dəyişikliklər ola bilər, məsələn, qanaxma...Belə narahatlıqların olmaması və ya olduqda tez müdaxilə etmək üçün baytar həkimlər tərəfindən müşahidə aparılır”, - o qeyd edir.
Söhbətimiz əsnasında da itlər dayanmadan hürməyə davam edirlər. Bunun xüsusi səbəbinin olub-olmadığı məni maraqlandırır. Onlar üçün çox narahat oluram və artıq marağımdan bunu soruşuram.
H.Hüseynova isə itlərin belə dayanmadan hürməsinin normal, təbii bir hal olduğunu deyir:
“İnsan necə danışırsa, it də elə hürməlidir. Bu itlər yeni gətiriliblər, hələ əməliyyat olmayıblar, onlar quduz deyillər”.
İnsanların itlərə kiçik vaxtında göstərdiyi aqressiya sonra özlərinə geri qayıdır
İnsanlar it dişləmələri ilə bağlı xəbərləri oxuduqca onlarda daha da qorxu yaranır.
H.Hüseynova isə sakinlərə müraciət edib deyir ki, qulağında birka olan itlərdən qorxmasınlar:
“Onlar həkimin müayinə və müalicəsindən keçmiş, quduzluğa qarşı peyvəndlənmiş, zərərsiz itlərdir. Onlardan qorxmağa ehtiyac yoxdur. Hər bir itin aqressiyasının kökündə qorxu durur. Heyvan öz-özündən qorxmaz. O qorxunun altında insanın ona göstərdiyi şiddət durur. Aqressiya da onun özünü qoruma instinktidir. İt özünü qorumaq üçün aqressiya göstərir. İnsanlar itlərdən qorxmaq əvəzinə heyvanlara şiddət göstərməmək üçün uşaqları tərbiyələndirməlidirlər. Sosial şəbəkələrdə uşağın itə daş atmasını, onun quyruğunu çəkməsini görürük. Həmin it aqressiya ilə böyüyür və insanlara aqressiya ilə qayıdır. Sonra isə insanlar buna təəccüblənirlər. Hər vətəndaş öz qapısının yanına bir az yem və su qoysa, itlər ac qalmaz, çünki aclıq da aqressiya gətirir. Qısırlaşdırma əməliyyatlarından sonra onların aqressiyası azalır”.
Söhbətimiz zamanı həyətdə işçilərin itlərə olan qayğısının şahidi oluruq. Mərkəzin işçiləri itlərlə dost kimi rəftar edirlər. İtlərin başlarına sığal çəkib, xoş söz deyərək önünə yem qoyurlar.
Daha sonra heyvanların gəldiyi gündən gedənə qədər olan proses – onların əməliyyatı, qidalanması ilə bağlı daha ətraflı məlumat almaq üçün Heyvanlara Qayğı Mərkəzinin baş həkimi Əzəmət Tağızadə ilə həmsöhbət oluram.
İtlər ən çox bu ərazilərdən gətirilir
Onun sözlərinə görə, heyvanlar mərkəzə işçilər tərəfindən Bakı şəhərinin rayon və kəndlərindən toplanaraq gətirilirlər:
“Hazırda işçi kollektivi Bakının Sahil zonalarında və çimərliklərdə intensiv şəkildə çalışırlar. İtlər ən çox Sahil, Xəzər, Qaradağ, Abşeron rayonu, Xətai ərazilərindən gətirilir, bəzən mərkəz ərazilərdən də olur. İşçilər itləri çox humanist yolla tutub mərkəzə gətirirlər. Heyvanlar hər gün saat 3-4 radələrində gətirilirlər və buraxılacaqları günə qədər nəzarətimizdə olurlar. İtləri gətirən avtomobillər avadanlıqlarla tam təchiz edilib və onları ayrı-ayrı yerləşdirmək üçün bir neçə bölməsi var. 2-3 it olmaqla ayrı bölmələrə yerləşdirilir və yerləşdirilərkən bir-biri ilə yola gedən itlərin olmasına diqqət edilir. Mərkəzə gətirildikdən sonra itlər həkimlər tərəfindən qəbul edilir və itləri bir-birindən ayırırlar. Mərkəzdə hazırda 10 həkim və 5 assistent var. 2 nəfər anestezioloqdur, digərləri əməliyyatları icra edirlər. Bu kimi iş bölgüsü etmişik”.
7 ayından tez heyvanı qısırlaşdırmaq olmaz
Baş həkim deyir ki, itləri bir-birindən ayırır və hər birinə uyğun qərarları özü verir.
“Mən gəlib müşahidə edirəm və aqressiv, normal, bala itləri bir-birindən ayırıram. Gətirilən itlərin aralarında xəstə, problemli olanlar olur. Buna görə onların orqanları yoxlanılmalı, sağlıq dəyərləndirmələri olmalıdır. Daha sonra bütün qərarları mən verirəm. Əməliyyata yararlı olan heyvanlar seçilir. Onlara tibbi steril yolla əməliyyatlar icra olunur. Əməliyyata uyğun olmayan itlərə isə ilkin müdaxilələr olunur. İlkin müdaxilədən sonra heyvanın ümumi vəziyyəti yaxşı olduqdan bir neçə gün sonra əməliyyat icra olunur. İt ilk gəldiyi gün stressdə olur, 1-2 gün sonra əməliyyata alınır. Əməliyyatdan isə 3-5 gün sonra buraxılır. Həmin vaxt dərman, antibiotik istifadə olunur. Qısırlaşdırma əməliyyatlarını 7 ayından tez itlərdə etmək tövsiyə olunmur. 7 aya qədər olan itlər sahibləndirilir”.
İtlərdə ən çox rast gəlinən xəstəliklər
Baş həkim itlərdə daha çox quduzluq, enterit (nazik bağırsağın iltihabı) və bir neçə travmalı xəstəliklərin müşahidə olunduğunu bildirir.
“Enterit keçicidir və itdən itə keçə bilən bir xəstəlikdir, ona görə onları ayırıb tibbi müayinələr edirik. Quduzluq insanlara keçə bilən bir xəstəlikdir, buna görə quduzluq vaksinlərindən istifadə edirik”, - o əlavə edir.
O, qidalanmanın gündə 2 dəfə olmaqla səhər 9-10, axşam 5-6 saatlarında olduğunu deyir.
“Əsasən quru yemlər verilir, əməliyyat günü isə itə heç bir yem verilmir, çünki qusa bilər.
Bala itlərlə böyük itlərin yeməkləri arasında müəyyən fərqlər olur. Bala itlərdə əsasən xırda quru yemlər və jele yemlər olur. Böyük itlərdə isə quru yemlər olur. 3 gün qalan itlərə quru yem verilir, amma 5-6 gün qaldıqda jele yem də verilir, çünki çox quru yem olmaz, arada sulu yem də olmalıdır”, - Ə.Tağızadə bildirir.
Bütün məlumatları aldıqdan sonra söhbətimiz yekunlaşır və mərkəzdən ayrılırıq. Mərkəzdən ayrılarkən isə məni bir şey düşündürür. Heyran Hüseynovanın da dediyi kimi, biz insanlar itlərin kiçik olduğu vaxtlardan onlara aqressiya göstərdiyimiz üçün böyüyüb bizə onu geri qaytarırlar. Əslində küçədə gördüyümüz, qorxduğumuz sahibsiz itlərin aqressiyası insanların onlara olan davranışının nəticəsidir. Bir dəfə onlara yaxınlaşıb mərhəmətlə gözlərinə baxdıqda nə qədər qayğıya möhtac olduqları anlaşılır. Onlar bizdən sadəcə mərhəmət və qayğı istəyirlər.
FOTO: Elnur Muxtar