RU

Forma dəyişir, narahatlıq artır: Valideyn yükü, sosial bərabərlik və təhsil siyasəti- ÖZƏL

Son günlər məktəbli formalarının dəyişdiriləcəyi ilə bağlı xəbərlər yayılsa  da Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, məktəbli formalarının dəyişdirilməsi ilə bağlı hər hansı yeni və mərkəzləşdirilmiş qərar yoxdur. Onun sözlərinə görə, formalar müvafiq qaydalarla müəyyən olunub və bəzi məktəblər bu formaları yalnız müəyyən qədər öz təşəbbüsləri ilə dəyişə bilərlər. Lakin bu, ölkə üzrə rəsmi dəyişiklik kimi qiymətləndirilmir.

Məktəbli formalarının tez-tez dəyişdirilməsi ilə bağlı xəbərlərin  yayılmağı nə ilə bağlıdır? 

Təhsil eksperti Rizvan Fikrətoğlu Olaylar.az-a açıqlamasında bildirib ki, məktəbli forması təkcə geyim deyil, dövlət siyasətinin və intizam anlayışının simvoludur:

"Məktəbli formalarının dəyişdirilməsi məsələsi son zamanlar cəmiyyət daxilində geniş müzakirələrə səbəb olub. Əslində, bu müzakirələrin bir neçə səbəbi var. Burada həm sosial, həm də idarəetmə aspektləri nəzərə çarpır. Mənim müşahidəmə görə, əsas narahatlıq valideynlərin üzərinə düşən iqtisadi yükdür. Yəni forma dəyişdirilməsi valideynlər üçün əlavə xərc deməkdir. Xüsusən də aşağı və orta gəlirli ailələr üçün bu məsələ ciddi narahatlıq doğura bilər. Hər dəfə formaların dəyişdirilməsi ilə bağlı rəsmi və ya qeyri-rəsmi xəbərlər yayıldıqda, ictimai narahatlıq artır. Nazir Emin Əmrullayevin də qeyd etdiyi kimi, bəzi məktəblər mövcud qaydalardan kənara çıxaraq öz təşəbbüsləri ilə forma dizaynında dəyişiklik edirlər. Bu isə ümumi sistemdə çaşqınlıq yaradır və insanlar elə bilirlər ki, ölkə üzrə forma dəyişikliyi baş verib.
Yeni forma qərarları bəzi hallarda tenderlər, istehsalçılar və ya təchizatçılar üçün gəlir mənbəyinə çevrilə bilər. Bu baxımdan, qeyri-rəsmi şəkildə müəyyən məcburiyyətlər yaranır.
Azacıq bir dəyişiklik və ya təklif belə sosial mediada sürətlə yayılaraq geniş rezonans doğura bilər. Bu zaman bəzən rəsmi məlumatlar da ictimai fikrə təsir göstərir.
Ümumiyyətlə, məktəbli formalarının dəyişdirilməsi təhsilin effektivliyinə birbaşa təsir göstərirmi? Bunun birbaşa yox, daha çox dolayı təsiri var. Yəni forma tədris proqramına və şagirdin akademik nəticələrinə birbaşa təsir etməsə də, onun intizam, bərabərlik hissi və məktəb mühiti ilə bağlı təsiri danılmazdır.
Məsələn, burada psixoloji təsiri də var. Rahat olmayan və ya baha başa gələn formalar şagirdin diskomfort yaşamasına, hətta məktəbə münasibətinin dəyişməsinə səbəb ola bilər. Sosial bərabərlik baxımından da nümunə göstərmək olar. Məktəbli formaları sosial təbəqələşmənin vizual əlamətlərini gizlədərək şagirdlər arasında bərabərlik hissini gücləndirə bilər. Ancaq fərdi məktəblərdə müxtəlif və bahalı formaların tətbiqi əks effekt yarada bilər. Ümumiyyətlə, bu məsələ bütün məktəbli uşaqlar və onların ailələrini əhatə edir. Yəni, cəmiyyətin geniş bir kəsiminə təsir göstərir. Axı hamımızın təhsildə ya bir övladı, ya da yaxın qohumu var. Bu səbəbdən də məsələ ictimai maraq doğurur. Forma dəyişikliyinin necə və niyə edildiyinə dair qərarların bəzən açıq şəkildə əsaslandırılmaması ictimaiyyətdə suallar və şübhələr doğurur. Ümumiyyətlə, son illərdə insanlar dövlət qərarlarına daha diqqətli və tənqidi yanaşmağa başlayıblar. Valideynlər bu tip qərarların nə dərəcədə əsaslı olduğunu sorğulamağa meyllidirlər. Məktəbli forması təkcə geyim deyil, eyni zamanda dövlət siyasətinin, təhsil mədəniyyətinin və intizam anlayışının simvolu kimi qəbul edilir. Ona görə də bu dəyişikliklər təkcə geyimlə yox, ümumilikdə təhsilə yanaşmanın dəyişməsi kimi dəyərləndirilə bilər. Nəticə olaraq demək istəyirəm ki, məktəbli formalarının dəyişdirilməsi texniki məsələ kimi görünsə də, əslində onun arxasında sosial, iqtisadi və idarəetmə aspektləri dayanır. Yəni, əvvəl dediyim kimi forma təhsilin keyfiyyətinə birbaşa təsir edən məqsəd deyil, bir vasitədir. Amma bu vasitənin necə tətbiq olunması - şəffaflıqla, ailələrin imkanları nəzərə alınaraq və şagirdin rahatlığı əsas götürülərək həyata keçirilməsi daha əhəmiyyətlidir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
olaylar.az

1Источники