
Türkiyənin İzmir şəhərinin Seferihisar və Menderes rayonlarında naməlum səbəbdən yanğınlar meydana gəlib.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, 4 təyyarə, 14 helikopter, həmçinin, yanğınsöndürən və polis heyətləri regiona cəlb edilib.
Qeyd olunub ki, baş verən meşə yanğınlarını nəzarət altına almaq üçün havadan və qurudan müdaxilələr davam edir.
Ərazidəki bir çox yaşayış məntəqələrindən təxliyələr başlayıb. Yanğınla əlaqədar Seferihisarın Atatürk, Cümhuriyyət, Orhanlı, Payamlı və Kavakdere məhəllələri boşaldılıb. Küləyin təsiri altında böyüyən yanğın yayılmağa başlayıb. Bir çox avtomobil yanğın nəticəsində yararsız hala düşüb.
Digər tərəfdən, yanğın baş verən ərazidə magistral yola çıxış bağlanıb.
Həmçinin yanğınla əlaqədar bağlanan İzmirin Adnan Menderes Hava limanında uçuşlar bərpa edilib. Bu müddət ərzində İzmirə gələn bəzi reyslər fərqli hava limanlarına istiqamətləndirilib.
Güclü külək yanğının söndürülməsini çətinləşdirsə də, yanğının nəzarətə götürülməsi istiqamətində işlər davam etdirilir.

