RU

Yekaterinburqda baş verənlər etnik zəmində strateji təzyiq siyasətinin açıq və planlı icrasıdır - EKSPERT ŞƏRH EDİR

Son günlərdə Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisələr bir daha sübut etdi ki, bu ölkədə hüquq-mühafizə strukturları yalnız cinayətkarlığa qarşı mübarizə vasitəsi deyil, eyni zamanda etnik və dini azlıqlara qarşı sistemli təzyiq siyasətinin icraçı mexanizminə çevrilmişdir. Azərbaycanlılara qarşı xüsusi təyinatlı OMON dəstələrinin iştirakı ilə həyata keçirilmiş əməliyyat zamanı iki azərbaycanlı qardaşın və digər həmvətənlərimizin qətlə yetirilməsi, onlarla ailənin zorakılığa məruz qalması, uşaqların qorxu içində saxlanması və ailələrin ictimai şəkildə təhqir olunması Rusiyada yaşayan azərbaycanlıların hüquqi statusunun və fiziki təhlükəsizliyinin dərin və strateji təhdid altında olduğunu göstərir. Hadisənin miqyası və təşkilatçılığı onu yalnız yerli polisin özbaşınalığı yox, məhz rəsmi Kremlin sistemli etnik ayrı-seçkilik siyasətinin yeni mərhələsi kimi dəyərləndirməyə əsas verir. Məsələ artıq hüquqi-məişət çərçivəsini aşaraq siyasi motivli etnik hədəflərə çevrilib.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Aytən Qurbanova bildirdi. 

Politoloq bildirdi ki, Rusiya rəsmiləri Yekaterinburqda baş verənləri “cinayətkar dəstənin zərərsizləşdirilməsi” kimi təqdim etsə də, hadisələrin faktiki mahiyyəti bunun əksini göstərir. Saxlanılanların böyük əksəriyyəti Azərbaycan mənşəlidir, əməliyyatın hədəfi isə konkret olaraq azərbaycanlı icma üzvləridir. Ailələrin kollektiv şəkildə cəzalandırılması, ictimai təhqir səhnələrinin media vasitəsilə nümayiş etdirilməsi bu əməliyyatın yalnız hüquqi deyil, psixoloji və simvolik məzmun daşıdığını göstərir. Rusiya dövlətinin son illərdə qeyri-rəsmi şəkildə təşviq etdiyi “etnocinayətkarlıq” anlayışı bu zorakılıq modelinin ideoloji dayağını təşkil edir. Bu anlayış əsasında milli mənsubiyyət birbaşa olaraq  “təhlükə” və ya “cinayət riski” ilə eyniləşdirilir. Belə yanaşma hüquqi presedentlər baxımından beynəlxalq hüuququn fundamental prinsiplərini pozur və etnik təmizləmə praktikasına zəmin yaratmağı hədəfləyir. Unutmamaq lazımdır ki, bu hadisə nə Rusiyada baş verən ilk zorakılıq aktıdır, nə də məqsədsizdir. Azərbaycan xalqı Sovet İttifaqı və müasir Rusiya siyasətinin müxtəlif mərhələlərində eyni etnik hədəfləmə modelinin qurbanına çevrilmişdir. SSRİ rəhbərliyinin Azərbaycan xalqının müstəqillik istəyinə hərbi cavabı olan 20 yanvar faciəsi zamanı 147 günahsız soydaşımız qətlə yetirilmiş və yüzlərlə insanımız yaralanmışdır. Bu faciə zamanı xalqın iradəsinin zorla boğulması və qorxu siyasətinin tətbiq edilməsinin hədəfləndiyi hərkəsə məlumdur. Həmçinin Rusiya ordusunun 366-cı motoatıcı alayı və erməni silahlı birləşmələrinin birgə hücumu nəticəsində Xocalıda 613 azərbaycanlı, o cümlədən qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilmişdir. Rusiya bu cinayətə görə nə hüquqi, nə də mənəvi məsuliyyət daşıdı. Ümumiyyətlə, 1990-cı illərdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi zamanı Rusiya silahı, logistik dəstəyi və zabitləri ilə prosesin arxasında idi. 2020-ci ildəki Vətən Müharibəsindən sonra bölgədəki Rusiya sülhməramlılarının fəaliyyəti isə Azərbaycanın ərazi bütövlüyünü pozan yeni mexanizmə çevrilmişdi. Eləcə də, AZAL-a məxsus Embraer-190 sərnişin təyyarəsinin Rusiyanın Pantsir-S1 sistemi ilə idarə olunan hava hücumundan müdafiə vasitəsi ilə vurulması nəticəsində 38 nəfər həlak olmuşdur. 

Ekspert qeyd etdi ki, mövcud faktlar və tarixi təcrübə göstərir ki, Rusiyanın etnik zorakılıq siyasətinin əsas strateji hədəfi Türk-müsəlman kimliyinin idarə olunması, tabe etdirilməsi və lazım gəldikdə neytrallaşdırılmasıdır. Bu siyasətin əsas elementləri Azərbaycanlılar və digər türk-müsəlman xalqları arasında həmrəyliyin qarşısını almaq üçün qorxu, təzyiq və ayrı-seçkilik siyasətindən alət kimi istifadə olunmasıdır.  Nəticə etibarilə, Yekaterinburqda baş verən hadisə sadəcə hüquqi pozuntu deyil, bu etnik zəmində strateji təzyiq siyasətinin açıq və planlı icrasıdır.

Şəmsiyyə Əliqızı, “İki sahıl”

Избранный
26
14
ikisahil.az

10Источники