RU

Yekaterinburqdakı hadisələrlə bağlı verilmiş açıqlama Rusiya dövlət siyasətinin açıq təzahürüdür – RƏY

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünün timsalında Yekaterinburqdakı hadisələrlə bağlı verilmiş açıqlama Rusiya dövlət siyasətinin açıq təzahürüdür.

Bunu “Report”a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, AZAL-ın mülki təyyarəsinin vurulmasından sonra Azərbaycanın açıq tələbi Rusiyanı daha da qəzəbləndirib:

"Baxmayaraq ki, haqsızdırlar və cinayət törədiblər. Amma bunun əvəzində Azərbaycana qarşı münasibətləri kifayət qədər pis oldu. Yekaterinburqda baş verən hadisələdə də eyni xətti görməkdə davam edirik. 20-25 il əvvəl kafedə cinayət törədilibsə, qanunvericiliklə iş həll edilməlidir. Amma o həddə düşüb insanları amansızcasına qətlə yetirib işgəncə vermək artıq bilavasitə cinayətdir. Azərbaycan tərəfinin çağırışları və cinayətkarları cəzalandırmaqla bağlı bəyanatlarından sonra Rusiya XİN sözçüsünün timsalında verdiyi açıqlama Rusiya dövlət siyasətinin açıq təzahürünü göstərdi".

O əlavə edib ki, bu faciəni istintaq hərəkətləri kimi göstərib adiləşdirmək və heç nə olmamış kimi davranmaq Rusiya dövlətinin mənafeyi və mövqeyi kimi izah olunur, ön plana çıxır:

"Burada Rusiyanın bilavasitə rəhbərliyinin maraqları var. Azərbaycan ikitərəfli və çoxtərəfli hüquqi siyasi addımlar ata bilər. Amma şübhəsiz, iki tərəf arasında hüquqi müqavilələr var. İki tərəf eyni beynəlxalq təşkilatlarda üzvdür. Düşünürəm ki, bu proseslərdə beynəlxalq hüquq rol oynamır. Yenə iki dövlət arasında münasibətlərdən qaynaqlanan məsələlərdə daha ciddi addımlar atmaq olar. Xüsusilə Rusiyadakı nüfuz qruplarımızın müxtəlif səviyyəli təmsilçiləri, diaspora, səfirlik və konsulluqlar ciddi iş görməlidir".

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Избранный
2
50
report.az

10Источники