RU

Bu qətliam Rusiyanın məqsədyönlü siyasətidir – Professor

Rusiyanın Yekaterinburq şəhərindən aldığımız xəbər bizi dərindən sarsıtdı. Orada iki qardaş və əmioğlunun da daxil olduğu on bir nəfərə yaxın qohum-əqrəbası vəhşicəsinə döyülüb. Təəssüf ki, bu şəxslərdən iki qardaş və bir əmioğlu faciəli şəkildə qətlə yetirilib. Ən dəhşətlisi odur ki, bu insanlara işgəncələr ailə üzvlərinin gözü qarşısında verilib. Hətta ailə üzvlərinin özləri də fiziki işgəncələrə məruz qalıblar. Bu, heç bir halda bağışlanası hal deyil.

Bu fikirləri Axar.az-a açıqlamasında tarixçi alim, professor Boran Əziz bildirib.

Onun sözlərinə görə, baş verən hadisə təsadüfi deyil:

“İnsanı düşündürən əsas sual budur: əgər bu şəxslərin hər hansı bir qanunsuz hərəkətdə iştirakı ehtimal edilirdisə, niyə onlar sivil şəkildə saxlanılıb istintaqa cəlb olunmadı? Bu dərəcədə vəhşiliyə nə ehtiyac var idi?

Bu, Rusiyada xüsusi xidmət orqanlarının və OMON-un azərbaycanlılara qarşı yürütdüyü məqsədyönlü siyasətin tərkib hissəsidir. Bu, ilk belə hadisə deyil və çox təəssüf ki, sonuncu da olmayacaq. Biz, ziyalılar olaraq bu vəhşiliyə qarşı etirazımızı bildiririk və həmvətənlərimizi diqqətli olmağa çağırırıq”.

Professor xatlrkadıb ki, qətlə yetirilən şəxslərin qardaşı Seyfəddin Hüseynli rus ədəbiyyatından tərcümələr edərək, Azərbaycan oxucusuna təqdim edir:

“O, Azərbaycan və Rusiya mədəniyyəti arasında körpü qurmağa xidməıt edirdi. Belə bir şəxsin yaxınını Rusiyada qətlə yetirmək mədəni və əxlaqi dəyərlər fərqini nümayiş etdirir”.

B.Əziz əlavə edib ki, qətlə yetirilənlərin digər qardaşı Bakir uzun illər rus dili müəllimi işləyib:

“O, rus dilini və mədəniyyətini təbliğ edirdi. Belə bir insana qarşı bu cür zorakılıq başadüşülən deyil. O da hazırda ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib”.

Alim vurğulayıb ki, dünyasını dəyişənlər doğulduqları torpaqda dəfn olunmalıdırlar:

“Onlar bir vaxtlar Rusiya ordusunun dəstəyi ilə ermənilər tərəfindən işğal olunmuş torpaqlardan didərgin düşmüşdülər. İndi isə həmin torpaqlar şəhid və qazilərimiz, Ordumuz - Ali Baş Komandanın rəhbərliyi ilə - işğaldan azad olunub. Qətlə yetirilənlərin doğma torpaqlarda dəfn olunması bizə az da olsa, təsəlli verərdi. Bu, həm simvolik, həm də mənəvi baxımdan çox əhəmiyyətli bir addım olardı.

Biz həmçinin Azərbaycan hökumətinə, xüsusən XİN-ə verdiyi dərhal reaksiyaya görə təşəkkür edirik. Bu göstərdi ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, Azərbaycan dövləti azərbaycanlıların arxasındadır”.

Избранный
12
3
axar.az

10Источники