RU

KRİK TV-nin bağırtısı

Dünən səhər saatlarında bu xəbər ildırım sürəti ilə yayıldı və hamını kədərlə yüklədi: “İyunun 27-də Rusiyanın Yekaterenburq şəhərində OMON (Xüsusi Təyinatlı Milis Dəstəsi - red) azərbaycanlıların evinə basqın edib, Ziyəddin və Hüseyn Səfərov qardaşlarını döyərək öldürüb”.

Sonradan tanınmış jurnalist, ədəbiyyatşünas, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli mediaya belə bir açıqlama verdi:

“İki qardaşım Rusiyada işgəncələrlə öldürülüb, bir qardaşım isə hazırda polis bölməsində saxlanılır. Polis öldürülən qardaşlarım Ziyəddin və Hüseyn Səfərovların meyitini doğmalarına təhvil verməyib. 1964-cü il təvəllüdlü digər qardaşım Bakir Səfərov isə hələ də içəridədir. Ən azından, sağ olduğunu bilirik. Ordakıların vəziyyəti barədə isə bir məlumat ala bilmirik”.

Yerli mediamız hadisənin bəzi təfərrüatlarını da ortaya qoydu. APA-nın Rusiya bürosunun əldə etdiyi məlumata görə, əməliyyat Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən həyata keçirilib.

Belə ki, ötən gün səhər saat 5 radələrində FSB əməkdaşları Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib. FSB əməkdaşlarının mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərov müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəstəxanaya yerləşdirilənlərdən Akif, Ayaz, Kamal, Məzahir Səfərovların vəziyyəti ağır qiymətləndirilir.

Yekaterinburqda yaşayan həmyerlilərimizin verdikləri məlumata görə, əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir qətl hadisəsinə görə keçirilib.

Rusiyanın mediası saxlanılanların 50 nəfərdən çox olduğunu yazıb.

Məlumata görə, saxlanılanlar Lenin küçəsi 17 üvanında yerləşən polis idarəsinə aparılıblar.

“Onları tutub aparırlar. Bəziləri çağırılanda özləri gəlib, bəziləri isə gizlənir. Deyirlər, qatili axtarırlar. Baş idarədən bir dəstə polis, İstintaq Komitəsinin müstəntiqləri gəlib”, - şahidlərdən biri e1.ru saytına bildirib.

Son məlumata görə isə, vəhşicəsinə öldürülən Səfərov qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli oğlu da əməliyyat zamanı öldürülüb.

Bunlar aysberqin görünən tərəfləri.

İndi isə gəlin görünməyən tərəflərinə keçək.

Tutalım, ortada hər hansı cinayət tərkibli iş var. Bu sayaq vəhşiliklə əməliyyat keçirib insanları məhv etmək nəyə lazımdır? Ədaləti bu sayaq ədalətsizlikləmi qoruyarlar?

Haqlı bir sual doğur. Bu, qanunçuluğun qorunması yolunda sadəcə bir hüquq-mühafizə əməliyyatıdırmı? Mən deyərdim, yox. Mənim qənaətimə görə, bu, ötən əsrdə Rusiyada qeyri-ruslara qarşı geniş yayılmış “skinhed” hərəkatının yeni dalğasının təzahürüdür.

Bu ilin əvvəllərində “YouTube” platformasında qarşıma Rusiyanın Yekaterinburq vilayətinin regional telekanalı olan Krik.TV-nin bir süjeti çıxdı. Aparıcı Aleksey Kuznetsov azərbaycanlıların işlətdikləri bir avtoyuma məntəqəsini hədəfə almışdı, küçəyə çirkab su axıdılması, bura gələn avtomobillərin yolu bağlayaraq sakinlərə narahatçılıq yaşatmalarını bağıra-bağıra izhar edirdi.

Sonradan həmin bu Aleksey Kuznetsovun azərbaycanlıların işlətdiyi bir restorana soxularaq orda qeyri-qanuni çəkilişlər apardığını gördüm, o, sakinlərdən restoprandan çıxan kabab tüstüsünün, bura gələn müştərilərin səs-küyünün onlara necə mənfi təsir etməsi barədə müsahibələr alaraq öz proqramını konkret ittihamlar şəklində qurmuşdu.

Daha sonra Krik.TV car çəkəndə ki, azərbaycanlılar Yekaterinburqda azyaşlı rus qızını zorlayıblar, illər öncəyə söykənən bu xəbərin (doğru-dürüst olması belə şübhə altındadır) tirajlanması artıq məndə fikir yaratdı ki, bu süjetlər heç də təsadüfi deyil və həmyerlilərimizə qarşı düşmən münasibət yaratmaq, ictimai nifrət formalaşdırmaq məqsədi daşıyır.

Yekaterinburqdakı “Azərbaycan evi”nin qeyri-qanuni tikilməsi, Azərbaycan Diasporunun Qərargahına Aleksey Kuznetsovun komandasının zorən soxularaq kameraları diaspor rəhbəri Şahin Şıxlinskiyə tuşlamaları, ona ittiham irəli sürmək həddinədək ağ eləmələri, “Reznans” adlı proqramın sırf azərbaycanlılara qarşı tribunaya çevrilməsi isə proses zəncirinin növbəti halqaları idi.

Aleksey Kuznetsov öz kök əndamı və həyasız çığırtıları ilə vilayət rəhbərliyini, hüquq-mühafizə orqanlarını azərbaycanlılardan rüşvət almaqla onların cinayətlərini ört-basdır etməkdə suçlayırdı, telesüjetlərini əməlli-başlı həmyerlilərimizə qarşı ictimai hərəkata çevirmişdi.

Məncə, dünənki hadisələrin mayası da məhz buradan yoğurulub.

Azərbaycanın Yekaterinburqda Konsulluğu var, Moskvada Səfirliyimiz var, bizim Diasporların İşi üzrə Dövlət Komitəmiz var, bizim Xarici İşlər Nazirliyimiz var. Düşünürəm ki, bu hadisənin üstündən elə-belə keçməməlidirlər, çünki bu hadisə Rusiyanın digər regionlarına da qeyri-ruslardan (bu halda məhz azərbaycanlılardan) qurtulmaq ssenarisinin başlanğıcı ola bilər.

Избранный
13
vaxt.az

1Источники