RU

Rusiya ərazisində Azərbaycan əleyhinə təxribatların sistemli hal alması suallar yaradır -Ekspert

Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən son əməliyyatlar haqlı narazılıq və narahatlıq doğurur. Bir çox həmvətənlərimizin ağır bədən xəsarətləri alması, 2 nəfərin həyatını itirməsi, 9 nəfərin tutulması ilə nəticələnən bir əməliyyatın rəsmi statuslu qurum- Federal Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilməsi isə əlavə suallar yaradır. Baş verənlər hüquq mühafizə orqanının əməliyyatından daha çox, təxribat xarakterli insidentə bənzəyir. Rusiya tərəfinin bu məsələ ilə bağlı izahedici açıqlamalar verməsi, həmçinin zorakılığı törədənləri cəzalandırması mütləq şərtdir.

 

Sfera.az bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

 

O bildirib ki, Azərbaycan tərəfində narazılıq və narahatlığı artıran digər məqamlar da mövcuddur. Problem ondadır ki, Yekaterinburq şəhərində baş verən hadisə Rusiya Federasiyası ərazisində son bir il ərzində bizlərə qarşı yönəlmiş yeganə insident, daha doğrusu, təxribat əməli deyil. 2024-cü ilin dekabr ayında Azərbaycan mülki təyyarəsinin vurulması insidentinə də hələlik qaneedici formada münasibət sərgilənməyib. Rusiya hüquq-mühafizə orqanlarının bu məsələdə susqun davranması, hərəkətsizliyi narazılığı artıran faktorlar sırasındadır. Həmçinin Həştərxanda keçirilən tədbirə dəvət olunmuş Milli Məclisin deputatı Azər Badamovun Rusiya ərazisinə buraxılmaması, yaxud bu ilin fevral ayında eyni nöqtədən Azərbaycanın informasiya resurslarına qarşı kiberhücumların təşkil olunması istər-istəməz belə rəy yaradır ki, Rusiya ərazisində hansısa mərkəzlər Azərbaycana qarşı düşünülmüş formada təxribat planları hazırlayıb həyata keçirirlər.

 

"Belə yanaşma Azərbaycanı məcbur edir ki, baş verən təxribatlarla bağlı beynəlxalq prosedurlara əl atsın. Məsələn, təyyarə mövzusunu beynəlxalq müstəvidə inkişaf etdirsin, günahkarların cəzalandırılması üçün beynəlxalq platformalarda iş qaldırsın. Yaxud Solovyov kimi təxribatçıların Rusiyanın rəsmi media subyektlərində anti-Azərbaycan çıxışlarına cavab olaraq, Azərbaycan mediasında da anti-Rusiya təbliğatı başlanılsın. Görünür, təxribatları həyata keçirən mərkəzlər də Azərbaycanı məhz buna sövq etmək istəyirlər. İki ölkə arasında münasibətlərin yaxın qonşuluq kontekstindən çıxarılıb qarşıdurma müstəvisinə keçirilməsinə nail olmağa çalışırlar. Ümid edirik ki, Rusiya Federasiyası törədilən təxribatların fərqinə varacaq, təxribatı törədənlərin cəzalandırılmasını təmin edəcək",- deyə M. Ələsgərli vurğulayıb.

Избранный
7
3
sfera.az

10Источники