RU

Ürək tutmasından ölümlər azaldı, yerini üç fərqli xəstəlik aldı - ARAŞDIRMA

Stanford Universitetindən tədqiqatçılar, ürək tutması (infarkt) səbəbli ölümlərin son 50 ildə azaldığını, lakin üç fərqli ürək xəstəliyi riskinin artdığını aşkara çıxarıb.
Sherg.az xəbər verir ki, ABŞ-də ürək tutmasından ölümlərin son 50 ildə demək olar ki, 90 faiz azaldığı, lakin digər ürək xəstəliklərinin artmaqda olduğu bildirilib.

Stanford Universitetinin Tibb Fakültəsinin tədqiqatçılarının yeni araşdırmasında 1970–2022-ci illər arasında 25 yaş və yuxarı yetkinlərdə ürək xəstəliklərindən ölüm nisbətləri araşdırılıb.

Tədqiqat nəticələri göstərib ki, ümumi ürək xəstəliklərindən ölüm halları 66 faiz azalıb, bu azalmanın böyük hissəsi isə ürək tutmasından ölümlərin 89 faiz azalması ilə bağlıdır.

1970-ci ildə ürək tutmaları bütün ürək xəstəliklərindən ölümlərin yarısından çoxunu təşkil edirdisə, 2022-ci ildə bu göstərici üçdə birdən də aşağı düşüb.

Tədqiqatın müəllifi Doktor Sara King bildirib ki, “Son 50 ildə baş verən bu dəyişikliklər ürək tutması və digər ürək xəstəliklərinin idarə olunmasında böyük uğurları əks etdirir” və vaxtilə ölümcül olan hallardan sağ qalma nisbətlərinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb.

Mütəxəssislər bu nailiyyətləri CPR (ürək masajı) tətbiqlərinin artması, erkən ürək tutması əlamətlərinə dair məlumatlılığın yüksəlməsi, müasir müalicə metodları və siqaret qadağası kimi ictimai sağlamlıq tədbirləri ilə əlaqələndirir.

Lakin araşdırmada qeyd olunur ki, ürək tutmasından sağ qalanların sayı artdıqca digər ürək xəstəliklərindən ölüm nisbətlərində ciddi artımlar müşahidə olunur.

Ürəyin həddindən artıq sürətli, çox yavaş və ya nizamsız döyünməsi ilə xarakterizə olunan aritmiya səbəbli ölümlər  artıb.

Ürək çatışmazlığından ölümlər, uzunmüddətli yüksək təzyiqə bağlı ürək xəstəlikləri də yüksəlib.

Bu artımların əsas səbəbi ABŞ-də son illərdə sürətlə artan piylənmə, şəkərli diabet və yüksək qan təzyiqi hallarının çoxalması ilə bağlıdır. 1970-ci illərdə 15 faiz olan piylənmə səviyyəsi 2022-ci ildə 40 faizə yüksəlib. Yetkinlərin demək olar ki, yarısı tip 2 diabet xəstəsidir. Yüksək qan təzyiqi isə 1978-ci ildə 30 faiz idisə, bu gün 50 faizə yaxınlaşıb.
Избранный
9
sherg.az

1Источники