RU

Yekaterinburqda keçirilən əməliyyatda Rusiya vətəndaşı olan 50-dən çox azərbaycanlı saxlanılıb, 2 qardaş öldürülüb - YENİLƏNİB 2

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlarda yerləşən mənzillərə basqını zamanı öldürülən qardaşlardan birinin Azərbaycan vətəndaşı olduğu məlum olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, döyülərək vəhşicəsinə qətlə yetirilən Hüseyn Səfərovun Azərbaycan, Ziyəddin Səfərovun isə Rusiya vətəndaşı olduğu bildirilib.

Səfərovlar ailəsinə qarşı keçirilən əməliyyat nəticəsində qətlə yetirilənlərdən əlavə ailənin 9 üzvünün (saxlanılanların hamısı qardaş və əmioğludurlar) saxlanıldığı, iki nəfərin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi qeyd olunub.

APA-nın əldə etdiyi məlumata görə, əslən Ağdam rayonundan olan Səfərov qardaşları restoran biznesi ilə məşğul olublar. Yekaterinburqda yerləşən “Kaspi” restoranı onlara məxsus olub.

Rəsmi şəkildə təsdiqlənməyən məlumatlara görə, Səfərovlar ailəsinə qarşı əməliyyat keçirilməsinə səbəb 2001-ci ildə Ağdam rayonundan olan Yunis adlı şəxsin qətlə yetirilməsi olub.

Yekaterinburqda yaşayan azərbaycanlıların bildirdiklərinə görə, əməliyyatı FTX keçirdiyinə görə bir çox təfərrüatlar məlum deyil.

Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitlərinin hüquq-mühafizə orqanlarında olduğu, sabah ailələrinə təhvil veriləcəyi bildirilib.

***

23:42

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib, iki nəfər öldürülüb.

APA-nın Rusiya bürosunun əldə etdiyi məlumata görə, əməliyyat Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən həyata keçirilib.

Belə ki, bu gün səhər saat 5 radələrində FSB əməkdaşları Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan, Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib.

FSB əməkdaşlarının mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərov müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəstəxanaya yerləşdirilənlərdən Akif, Ayaz, Kamal, Məzahir Səfərovların vəziyyəti ağır qiymətləndirilir.

Yekaterinburqda yaşayan həmyerlilərimizin verdikləri məlumata görə, əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir qətl hadisəsinə görə keçirilib.

Rusiyanın e1.ru saytı saxlanılanların 50 nəfərdən çox olduğunu yazıb.

Məlumata görə, saxlanılanlar Lenin küçəsi 17 üvanında yerləşən polis idarərinə aparılıblar.

"Onları tutub aparırlar. Bəziləri çağırılanda özləri gəlib, bəziləri isə gizlənir. Deyirlər, qatili axtarırlar. Baş idarədən bir dəstə polis, İstintaq Komitəsinin müstəntiqləri gəlib", - şahidlərdən biri E1.RU-ya bildirib.

Rusiyanın rəsmi orqanları hələlik hadisə barədə açıqlama verməyib.

Qeyd edək ki, qətlə yetirilən Səfərov qardaşları tanınmış ədəbiyyatşünas, "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynlinin qardaşlarıdır.

***

22:55

Bu gün Rusiyanın Yekaterinburq şəhərində OMON dəstəsi Bakir və Hüseyn Səfərovların evinə basqın edib.

Bu barədə APA-ya Səfərovların qardaşı Seyfəddin Hüseynli məlumat verib.

"İki qardaşımı da işgəncə ilə öldürüblər", - deyə Seyfəddin Hüseynli bildirib.

Onun sözlərinə görə, 25 il bundan əvvəl olan naməlum cinayət hadisəsinə görə kütləvi həbslər başlayıb.

"İki qardaşım öldürülüb, heç nə demədən evlərə basqın ediblər. Ailəni, evdə yaşayan insanları kütləvi həbs ediblər. Qardaşlarımı da işgəncə ilə öldürüblər".

Избранный
34
12
apa.az

10Источники