Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Matias Romero İnstitutundakı çıxışında Bakının strateji prioritetləri, Ermənistanla sülh müqaviləsinin perspektivləri və Meksika ilə münasibətlərin inkişafı barədə danışıb.
Aznews.az xəbər verir ki, bu barədə məqalə Meksikanın “Revista Mundo Internacional” nəşrində dərc edilib.
Meksikaya rəsmi səfəri zamanı Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Matias Romero İnstitutunda tələbələr, diplomatlar və dəvət olunmuş qonaqlar qarşısında açıq mühazirə ilə çıxış edib. Tədbirdə Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov da iştirak edib.
Əmirbəyov üç mövzuya diqqət yönəldib: Azərbaycan – Meksika əlaqələrinin inkişafı, Cənubi Qafqazda geosiyasi dəyişikliklər və Ermənistanla sülh sazişi üzrə danışıqlar prosesi.
“Coğrafi uzaqlığa baxmayaraq, beynəlxalq məsələlərdə ortaq mövqelərə əsaslanan çevik və konstruktiv siyasi dialoq inkişaf etdirmişik”, – deyə diplomat Azərbaycan – Meksika münasibətilərini şərh edərkən söyləyib. Onun sözlərinə görə, BMT çərçivəsində diplomatik əlaqələr həmişə beynəlxalq hüquqa qarşılıqlı hörmətlə fərqlənib.
O, xüsusilə ADA Universiteti ilə Matias Romero İnstitutu arasında Anlaşma Memorandumuna diqqət çəkərək akademik əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Onun fikrincə, bu anlaşma “müəllim və tələbə mübadiləsi vasitəsilə cəmiyyətlərimizi yaxınlaşdırmağa imkan verəcək”.
İqtisadi məsələlərə gəlincə, Əmirbəyov ölkələr arasında ticarət həcminin 239 milyon dollar olduğunu, lakin potensialın daha çox olduğunu qeyd edib. “Ticarəti gücləndirmək üçün maraq sahələrini müəyyən etməliyik”, – Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi söyləyib.
Cənubi Qafqaz regionundakı transformasiyaları şərh edən diplomat yeni dünya nizamının yarandığını bildirib. Onun sözlərinə görə, ənənəvi ittifaqlar dəyişir, yeni konfiqurasiyalar meydana çıxır. “Regionumuz həm çağırışlar, həm də imkanlarla üzləşir”, – Əmirbəyov açıqlayıb.