RU

107 ilin təntənəsi...

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gündür. 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilk növbədə ordu qurdu. Ordumuzun ilk naziri general Səməd bəy Mehmandarov, müavini isə Əlağa Şıxlinski təyin edildi. Bu gün həmin Ordunun 107 illiyini qeyd edirik. O, dövrün çətinliklərini nəzərə alsaq, bəlkə nə Mehmandarov, nə də Şıxlinskinin ağlına gəlməzdi ki, 100 il sonra bu ordu öz gücü ilə bütün dünyada tanınacaq. Amma tanındı!

Ümummilli Lider Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ordu quruculuğumuzun inkişafı üçün önəmli işlər görülməyə başladı. Heydər Əliyevin 1998-ci ilin 22 may tarixli Sərəncamı ilə 26 iyun ölkədə Silahlı Qüvvələr Günü elan edildi.

Yeni dövrdə Azərbaycan ordusu

Ordumuzun ən parlaq, ən güclü dövrü isə sözsüz ki, ən yeni tarixə təsadüf edir. Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin yolunu davam etdirərək ordu quruculuğuna xüsusi diqqət ayırdı. Azərbaycan ordusu son illərdə həm hərbi potensialına görə, həm də əldə etdiyi strateji uğurlarla regionun ən güclü ordularından biri kimi qiymətləndirilir.

Bu gün İsrail, Türkiyə, Rusiya, Pakistan və digər ölkələrlə hərbi əməkdaşlıq edilir, müasir silah sistemləri alınır. Məsələn, “Bayraktar TB2”, “Harop”, “Hermes”, “LORA” kimi pilotsuz uçuş aparatları (PUA) və raket sistemləri ordunun güc balansını artırıb. Bundan əlavə, tank, artilleriya, hava hücumundan müdafiə sistemləri müasir dövrün tələblərinə uyğunlaşdırılıb. Qardaş Türkiyə modelinə uyğun hazırlanan ordu quruculuğu nəticəsində komando və xüsusi təyinatlı qüvvələrin sayı və hazırlıq səviyyəsi artırılıb. Mütəmadi olaraq NATO və Türkiyə ilə birgə hərbi təlimlər keçirilir.

Azərbaycan ordusunun əzəmətini bütün dünyaya göstərən 44 günlük Vətən müharibəsi…

2020-ci ildə ordumuz uzun illər işğal altında qalan torpaqlarımızı azad etmək üçün tam hazır vəziyyətdə idi. Silahlı Qüvvələrimizin gücü, xüsusilə PUA-lardan səmərəli istifadə nəticəsində torpaqlarımızı düşmən tapdağından azad etdik. 2023-cü ildə 24 saatdan az müddətdə həyata keçirilən lokal antiterror tədbirləri ilə də ordumuz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Artıq Şuşa da, Laçın da, Xankəndi də daxil olmaqla bütün ərazilərimizdə suverenliyimizi elan etmişik. Şübhəsiz ki, bu qələbə zamanı itkilərimiz də oldu. Şəhidlər verdik: “Torpaq uğrunda ölən varsa, Vətəndir!”

Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Güclü ordu-güclü dövlət deməkdir”.

“Global Firepower” reytinqinə görə, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Hazırda ordu modelinin yenilənməsi ilə yanaşı, Müdafiə Nazirliyində struktur islahatları aparılır, şəffaflıq daha da artırılır. Xüsusilə 44 günlük Vətən müharibəsində şücaət göstərən hərbçilərin irəli çəkilməsi onlarda motivasiyanı daha da yüksəldir. 

Bu gün hər bir azərbaycanlının dilində bir şüar səslənir: “Ordumuz qürurumuzdur!”

Hazırladı: Sail Ağasəlim

Избранный
5
1
qafqazinfo.az

2Источники