Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İyunun 21-də və 22-də Azərbaycan Dövlət Milli Gənc Tamaşçılar Teatrında böyük anşlaqla “Şah Abbas Namə” tamaşasının premyerası keçirilib. Yazıçı-dramaturq İlqar Fəhminin “Şahnamə” pyesi əsasında hazırlanmış səhnə əsərində Səfəvi-Qızılbaş imperiyasının yüksəliş dövründən bəhs edilir.
Premyera günlərində dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İkihissəli tarixi dramın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı teatrın baş rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı Aygül Quliyeva, rejissor Səbinə Məmmədzadə, rejissor assisentləri Fuad Cavadzadə, Nəsibə Canəliyevadır.
Tamaşada Sənan Kazımlı, Niyaz Qasımov, Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Nicat Kazımov, Elnur Kərimov, Nofəl Vəliyev, Elnur Hüseynov, Rasim Cəfər, aktyorlar Mətləb Abuşov, Kərəm Hadızadə, Aydın Dəmirov, Anar Seyfullayev, Ceyhun Məmmədov, Elşən Hacıbabayev, Ramil Məmmədov, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Manaf Dadaşov, Rəşad Səfərov, Elgün Yəhyayev, Anar Səfiyev, İlhan Sadıqov, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Ramiq Nəsirov, Tahir İsmayılov, Vüqar Məmmədəliyev, Xaliq Bəkirov, Hilal Dəmirov, Eldar İmanov, Yaşar Heydərli iştirak ediblər.
“Məşq prosesi təxminən 5 ay çəkdi”
Premyeradan sonra səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov tamaşanın ərsəyə gəlməsi haqqında ətraflı şəkildə “Xalq Cəbhəsi”nə məlumat verib: “Əslində mən İlqar Fəhminin “Şahnamə” əsərini 5 il bundan əvvəl 2020-ci ildə oxumuşdum və çox bəyənmişdim. İlqara demişdim ki, bu əsərin tamaşasını böyük məmnuniyyətlə hazırlayaram. Yəqin bu vaxta düşməli imiş və onunüçün də belə oldu. Daha sonra biz tamaşanı repertuara daxil etdik, yəni keçən il teatrımızın iş planına daxil edildi. Amma bu il yanvar ayının 11-dən artıq aktyorlarla məşqə başlandı. Məşq prosesi təxminən 5 ay bir müddət çəkdi. Düzdür, bəzən bir neçə gün saxlamalar, dayanmalar oldu. Lakin təxminən 5 ay müddətində məşqlər davam etdi. Həmçinin dekor, kostyum bunlar da hazırlandı və əslində sentyabra qədər də bu istiqamətdə hələ bəzi işlər görüləcək. Lakin demək olar ki, mart ayından bəri bu işlərə başlanıldı və gördüyünüz kimi tamaşanı təqdim etdik. Mən tamaşanın rəssamı Mustafa Mustafayevə, musiqilərindən istifadə etdiyimiz Azər Hacıəsgərliyə, əlbəttə ki, İlqar Fəhmiyə, teatrmızın rəhbərliyinə və bütün aktyorlarına, tamaşada iştirak edən hər bir kəsə təşəkkür edirəm”.
“Mənim üçün baş rol, xırda rol anlayışı yoxdur”
N.Kazımov vurğulayıb ki, tamaşada onun üçün baş rol,xırda rol anlayışı yoxdur: “O, 6 nəfər ki var, yəniRamiq, Tahir, Vüqar, Xaliq, Eldar və Hilal, Şah Abbasları oynayanlar mənim üçün nə qədər vacib idisə, o 6 obraz da o qədər vacib idi. Mən onların hər birinə, teatrımızın texniki heyətinə və işıq üzrə rəssam Vadim Kuskova, musiqi tərtibatçısı Aygülə, videolara baxan Zaura, Ramilə, butafor sexinə Şahinə, Katyaya,Sevincə, rəssam sexinə, dekor sexinə, teatrımızın dülgərinə, quraşdırma sexinə hər birinə dərin təşəkkürümü bildirirəm. Minnətdaram. Çünki tamaşa tək bir adamın zəhməti deyil, burada hamının zəhməti olub, teatrmızın bütün kollektivi istəyirdi ki, bu tamaşa yaxşı alınsın. Ona görə də bu tamaşa ərsəyə gələ bildi”.
“Hər kəsə təşəkkür edirəm”
Əməkdar artist səhnə əsərinin tamaşaçılar tərəfindən çox maraqla qarşılandığını və çoxlu təbriklər aldıqlarını bildirib: “Çox qiymətli insanların, sənət adamlarının, tamaşaçıların dəyərli fikirlərini öyrənirik, bizi təbrik edirlər. Hər birinə dərin təşəkkürümü bildirirəm. Eləcə də video çəkilişdə göstərdiyi xidmətə görə Buzovnada yerləşən sənət məktəbinə, oranın rəhbərliyinə, kollektivinə dərin təşəkkürümü bildirirəm. Operator Anara, montaj edən Həmid Kazımzadəyə çox təşəkkür edirəm. Çox sağ olsunlar. Həmçinin siz də çox sağ olun ki, gəlib baxdınız və sağ olun ki, yazırsınız”.
Qeyd edək ki, “Şah Abbas Namə” tamaşası Səfəvi imperiyasının hərbi, iqtisadi və siyasi baxımdan zirvədə olduğu dövrdə 16 yaşlı Şah Abbasın hakimiyyətə gəlişindən, ölkə sərhədlərini genişləndirmək, ərazi bütövlüyünü qorumaq uğrunda apardığı döyüşlərdən, saraydaxili qanlı toqquşmalardan bəhs edir. Rejissorun bədii baxışı ilə təqdim olunan səhnə əsərində tarixin ən parlaq və ziddiyyətli fiqurlarından olan Şah Abbas ömrünün son günlərində belə hakimiyyətin və ölkənin taleyi naminə soyuqqanlı, amansız qərarlar qəbul etməkdən çəkinmir.
Röya İsrafilova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.