RU

Moskvada Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyində görkəmli Azərbaycan yazıçısı, dramaturqu və kinematoqrafı Maqsud İbrahimbəyovun anadan olmasının 90 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Moskvadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən gecədə yazıçının eyniadlı povesti əsasında hazırlanmış “Püstə ağacı” adlı tək nəfərlik tamaşa nümayiş olunub.

Bakı həyətlərindən birində püstə ağacının altında müharibədən sağ çıxan bir uşaq tərəfindən danışılan Maqsud İbrahimbəyovun hekayəsi müharibə əleyhinə ən təsirli əsərlərdən biri hesab olunur. Tamaşada uşaqlığını xatırladan yetkin qəhrəman rolunu Azərbaycanın xalq artisti Fuad Osmanov ifa edib.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev xatırladıb ki, xalq yazıçısı, dramaturq və kinematoqraf Maqsud İbrahimbəyovun anadan olmasının 90 illik yubileyi ili ərzində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq xatirə tədbirləri keçirilir.

Diplomatın sözlərinə görə, Maqsud İbrahimbəyovun əsərləri Azərbaycan ədəbiyyatının inkişafına böyük təsir göstərərək onun “qızıl fondu”na haqlı olaraq daxil olur: "Onun rus dilində qələmə aldığı əsərlərində Azərbaycan cəmiyyətinin milli adət-ənənələri, mədəni kodları həkk olunmuşdur və yaratdığı sadə insan obrazları, onların hərəkətləri, daxili psixoloji dərinliyi onun yaradıcılığını bu gün də aktual edir".

Səfir vurğulayıb ki, Maqsud İbrahimbəyov Azərbaycan ziyalılarının ən parlaq və rəngarəng simalarından birinə çevrilməklə yanaşı, həm də mədəni inteqrasiyada müstəsna rol oynayıb: "O, Azərbaycan yaradıcılıq mühitinin görkəmli nümayəndələrini öz ətrafında birləşdirib, eyni zamanda Azərbaycan və Rusiya ədəbiyyatını yaxınlaşdırıb".

Maqsud İbrahimbəyovun fəaliyyəti, Rəhman Mustafayevin sözlərinə görə, iki ölkənin mədəniyyətləri arasında əsl körpü olub və İçərişəhərdə yaradılmış Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi onun mənəvi-mədəni irsinin canlı davamıdır.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud çıxışında qeyd edib ki, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı əsasında yaradılıb: "Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Mərkəzin binasında əsaslı təmir işləri aparılıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Mərkəzin açılış mərasimində iştirak edib".

Rüfət Mahmud Mərkəzin ədəbi ruhun hökm sürdüyü, nəsillərin qovuşduğu, yeni yaradıcılıq ictimaiyyətinin formalaşdığı mühüm mədəniyyət məkanına çevrildiyini söyləyib.

Yazıçının həyat yoldaşı Anna İbrahimbəyova Maksud İbrahimbəyovun yaradıcılığına göstərdikləri diqqətə görə təşkilatçılara və tədbir iştirakçılarına təşəkkür edib.

O, Maqsud İbrahimbəyovun adının və əsərlərinin yaşamağa davam etdiyini, yeni nəsli ruhlandırdığını vurğulayıb.

Gecədə həmçinin rejissor və aktyor Qarri Bardin, eləcə də ssenarist, aktyor və jurnalist Pavel Finn və rejissor Tural Vaqifoğlunun çıxışları olub. Maqsud İbrahimbəyovun həyat və yaradıcılığından bəhs edən təqdimat videoçarxları, həmçinin İçərişəhərdə onun adını daşıyan Mərkəzin açılışından bəhs edən videoçarx nümayiş etdirilib.

Избранный
7
1
apa.az

5Источники