RU

Eldar Quliyev: Azərbaycan Ordusu yaranma tarixi tarixini zəfər müstəvisində qeyd edir

BAKI, 25 iyun, TELEQRAF

1918-ci ilin may ayının 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində qeyd olunurdu ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti ilk mütəşəkkil hərbi hissəsinin - əlahiddə korpusun yaranması haqqında qərar verildi. Bu qərarla da Şərqin müsəlman aləmində ilk demokratik hökumətinin öz ordusunu yaratmağına hüquqi baza yarandı. Sonra ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında fərman imzalandı. Qısa müddətdə Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

Bu sözləri Teleqraf-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor 1920-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin süqutu ilə müstəqil ordu quruculuğunun da yarımçıq qaldığını söyləyib: “Keçmiş sovet dövründə isə azərbaycanlıların hərbi mükəlləfiyyətlərdən uzaq tutulması prosesi gedirdi. Məqsəd Azərbaycan xalqının döyüşkən ruhunu əzmini unutdurmaq idi. Amma bu proses ulu öndər Heydər Əliyevin keçmiş sovet rəhbərliyinə mühüm vəzifəyə gələnə qədər davam etdi. Məhz ulu öndərin birbaşa təşəbbüsü və sona qədər apardığı əzmkar mübarizə nəticəsində azərbaycanlıların keçmiş SSRİ-nin digər ali məktəbləri ilə yanaşı hərbi təhsil müəssisələrinə göndərilməsi təmin olundu. Bu mənada müasir Azərbaycanda ordu quruculuğu məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanıb. 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradıldı. Hərbi məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına imkan verdi. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün olub”.

Deputat müstəqilliyinin ilk illərində Azərbaycanın böyük çətinliklərlə qarşılaşdığını bildirib: “Həmin illərdə ölkəyə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Çünki həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ayrı-ayrı silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Eyni zamanda Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalayıb. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin yaradılması da ordumuz üçün peşəkar kadr hazırlığı istiqamətində atılmış ən mühüm addımlar idi. Bütün bunlarla yanaşı 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu.

Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.Bütün bunlar onu deməyə əsas verir ki, 1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə də ordu quruculuğu məsələləri hər zaman diqqət mərkəzində olub. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılıb. Məhz bu günki güclü Azərbaycan Silahlı Qüvvələri effektiv ordu quruculuğu siyasətinin məntiqli nəticəsidir. Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi”.

Şura sədri qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb: “2016-cı ilin 2 aprel döyüşləri, 2018-ci ilin mayındakı Günnüt zəfəri Azərbaycan Ordusunun düşmən üzərində qazanmış olduğu əzmkar qələbələrdən idi. Nəhayət, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atıldı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində – noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Sözsüz ki, düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. 2023-cü ilin 19-20 sentyabr tarixlərində baş tutmuş bir günlük lokal antiterror tədbirləri nəticəsində də Azərbaycan Ordusu növbəti dəfə yüksək peşəkarlıq və hərbi güc nümayiş etdirdi. Uzun on illiklər Azərbaycan ərazisində kök salmış erməni separatizminə son qoyuldu. Ölkə ərazi üzərində konstitusiya quruluşu tam bərqərar olundu”.

Eldar Quliyev Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universitetinin yaradıldığını söyləyib: “Qardaş Türkiyə dövlətinin Azərbaycanın ən etibarlı tərəfdaşı, müttəfiqi olması, eləcə də Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunun da Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasına zəmin yaradıb. İki ölkənin silahlı qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və həyata keçirilən çoxsaylı birgə təlimlər də birlik və əməkdaşlığın önəmli istiqamətlərindəndir. Eyni zamanda beynəlxalq hərbi əməkdaşlığın məqsəd və istiqamətləri Azərbaycan milli maraqlarına uyğun olaraq müəyyən olunur. Bu baxımdan da İsrail dövləti ilə hərbi əməkdaşlıq Azərbaycanın beynəlxalq hərbi strategiyasında mühüm yer tutur. Azərbaycanın hərbi sahədə və xarici siyasətdə mühüm tərəfdaşlarından biri də Pakistan İslam Respublikasıdır. Pakistan daim beynəlxalq arenada ölkəmizi dəstəkləyir və açıq şəkildə bəyan edir ki, hər zaman Azərbaycanın yanındadır”.

Избранный
23
teleqraf.com

1Источники