Bir neçə ay əvvəl liposaksiya-piysovurma əməliyyatı etdirdikdən sonra dünyasını dəyişən Səbirə Vəliyevanın anası Sara Məmməd qızı Qurbanova məhkəməyə müraciət edib.
Sara Qurbanova səhiyyə naziri Teymur Musayevin xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyib. Buna səbəb nazirin Milli Məclisdəki çıxışı olub.
Teymur Musayev Milli Məclisdə deputat Səyyad Arana cavab verərkən demişdi ki, həmin şəxs Sara Qurbanovanın qızını mətbəxdə əməliyyat edib.
Nazir əməliyyatı edən Ülviyyə İlyasovanın (Qurbanovanın) həkim olmadığını, buna görə də Səhiyyə Nazirliyinin heç bir məsuliyyət daşımadığını bildirmişdi.
Lakin Səbirə Vəliyevanın ölümü ilə bağlı açılan cinayət işinin araşdırması zamanı səhiyyə nazirinin "əməliyyat evin mətbəxində olub" fikirləri yalan çıxıb.
Belə ki, cinayət işi materiallarında da qeyd edilir ki, əməliyyat "AzE Estetik Mərkəz" MMC-də baş tutub. Həmin klinika lisenziyasız fəaliyyət göstərdiyi üçün Baş Prokurorluq tərəfindən aparılan yoxlama zamanı da cərimələnib. Məhkəmə hökmündə də əməliyyatın klinikada baş tutduğu göstərilir.
Sara Qurbanova nazirin Milli Məclisdəki çıxışını böhtan və təhqir kimi qiymətləndirib.(qafqazinfo.az)