RU

Azərbaycan və Qırğızıstan arasında aqrar sahədə əməkdaşlıq genişlənir

BAKI, 25 iyun. TELEQRAF

Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısı çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qırğız Respublikasının Baş nazirinin müavini, su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobaev ilə görüş keçirib.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə görüşdə tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Nazir Məcnun Məmmədov qeyd edib ki, Azərbaycan Qırğızıstan ilə ticarət dövriyyəsinin artırılmasına və kənd təsərrüfatının müxtəlif sahələrində, xüsusilə heyvandarlıq, balıqçılıq və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir.

Qırğızıstan nümayəndə heyətinin rəhbəri Bakıt Torobaev isə öz növbəsində ölkəsinin Azərbaycanın aqrar sahədə əldə etdiyi uğurlu təcrübəni – xüsusilə rəqəmsallaşdırma, aqrar sığorta və məhsulların emalı sahəsində – öyrənməkdə maraqlı olduğunu bildirib. O, həmçinin iki ölkə arasında aqrar təhsil sahəsində əməkdaşlıq, tələbə və müəllim mübadiləsi proqramlarında iştirak perspektivlərinə də toxunub.

Görüş zamanı aqrar sahənin dayanıqlı inkişafı və bu istiqamətdə təcrübə mübadiləsinin vacibliyi vurğulanıb. Tərəflər kənd təsərrüfatı üzrə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd ediblər.

Eyni zamanda, təşkilata üzv ölkələrlə aqrar sahədə əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf imkanları da müzakirə olunub. Hər iki tərəf bu əməkdaşlığın daha da gücləndirilməsinin Türk Dövlətləri Təşkilatı üçün strateji əhəmiyyət kəsb etdiyini bildiriblər.

Избранный
21
13
teleqraf.com

10Источники