RU

İran İsraildə altı laboratoriyanı VURUB

İsrailin cənubundakı Beer Şeva şəhərindəki Ben-Qurion Universiteti iyunun 19-da İrandan atılan raket zərbəsi nəticəsində ciddi ziyan görüb.

Musavat.com xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri yazıb.

Qəzetin yazdığına görə, Ben-Qurion Universitetinə bağlı Beer Şevadakı Soroka Tibb Mərkəzinin ərazisinə raket düşməsi zamanı bu universitetin 6 tədqiqat laboratoriyası dağıdılıb, daha 9-u isə zədələnib.

Universitet özü bildirir ki, raket hücumu nəticəsində “tibb və biologiya sahələrində müxtəlif tədqiqat layihələri üzərində uzun illər aparılan işlərin nəticələri məhv edilib”, “The Times of Israel” qeyd edir.

Tibb elmləri fakültəsinin sinif otaqlarına, tədris laboratoriyalarına və seksiya otağına da xeyli ziyan dəyib. Bundan əlavə, universitetin əsas kampusunun ərazisində daha 30 müxtəlif binaya ziyan dəyib. Universitet rəhbərliyi hələ də dəymiş ziyanın miqyasını öyrənir: ilk hesablamalara görə, bu, “onlarla, hətta bəlkə də yüz milyonlarla şekeldir” (indiki məzənnə ilə 10 milyon şekel 2,93 milyon dollara bərabərdir).

Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. ABŞ isə eskalasiyadan doqquz gün sonra, 22 iyun gecəsi İrana məxsus üç nüvə obyektini vurmaqla münaqişəyə daxil olub. İyunun 23-ü axşam saatlarında Tehran Amerikanın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki "Əl-Udeyd" aviabazasına raket zərbəsi endirib. ABŞ hakimiyyətinin bildirdiyinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb və ciddi dağıntı qeydə alınmayıb. Daha sonra Tramp bəyan edib ki, İsrail və İran atəşi tamamilə dayandırmağa razılaşıblar. Atəşkəs iyunun 24-də qüvvəyə minib.

Musavat.com

Избранный
11
1
musavat.com

2Источники