RU

İcra başçısını biabır etmək istədilər: görün nə paylaşdılar - FOTO

Bu günlərdə Feysbukda “Gündəlik Qazax” səhifəsində Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov haqqında yazı paylaşılıb. Yazı icra başçısının müdafiəsinə həsr edilib. Onun rayonda gördüyü işlər sadalanıb, yerli əhaliyə qayğı göstərməsi vurğulanıb. Sözügedən paylaşım son vaxtlar bəzi saytlarda və sosial şəbəkə səhifələrində Rəcəb Babaşovla bağlı tənqidi yazıların dərcinə cavabdır. Hər halda mətndə belə deyilir.

R.Babaşovun şəhid ailələrinə, qazilərə ev tikdirdiyi deyilir, onların digər problemlərinə xüsusi həssaslıqla yanaşdığı bildirilir. Rayonda uşaq bağçalarının açıldığı, yolların təmir olunduğu, digər sosial problemlərin həllini tapdığı xüsusi olaraq diqqətə çatdırılır.

İcra başçısının vətəndaşları qəbul etməsi, onların üzləşdiyi maneələrin aradan qaldırılması istiqamətində var gücü ilə çalışdığı da qeyd edilən məsələlər sırasındadır.

Müəllifə görə (yazının sonunda imza yoxdur, bəlkə də, Rəcəb müəllim özü yazıb – red.), Rəcəb Babaşov bu işləri xeyirxahlıq kimi görür, əslində bu fəaliyyətin ona dəxli olmamalıdır.

Rəcəb Babaşov 2016-cı ildə Prezidentin sərəncamı ilə Qazaxın icra başçısı vəzifəsinə təyin edilib. Üstündən xeyli vaxt keçib, ona görə də, bəlkə, yadından çıxıb ki, əsas vəzifəsi xalqa, vətəndaşlara xidmət göstərməkdir. Bu işlərə görə dövlətdən, vətəndaşların vergiləri ilə formalaşan büdcədən maaş aldığını da unuda bilər. Bütün bunlara görə kabinet, köməkçi, katibə, müavinlər, şöbə müdirləri, xidməti maşın, sürücü ilə təmin olunduğunu bilmərrə xatırlamaya bilər. İşlər çoxdur. Baş qarışıqdır. Qazax camaatının yükünü çəkmək asan işdir? Rəcəb müəllim şəxsi işlərdən vaxt tapan kimi icra başçısı da işləyir.

Bəs yoldaş Babaşovun başı nəyə qarışır? Hansı vacib işlərlə uğraşır, əcəba? Fərasətli İH başçısı əlinə fürsət düşən kimi özünə biznes qurar. Qaz vurub, qazan doldurar. Oğluna 500 minə, özünə 300 minə (təvazökarlıq yaxşı xüsusiyyətdir) maşın alar. Rayonun ən münbit torpaqlarını ələ keçirər, fermer təsərrüfatı yaradar: kartof əkər, taxıl səpər, ərik bağı salar, xiyar yetişdirər, pomidor becərər və sair. Bakıda, Dubayda, başqa xarici ölkələrdə biznesini böyüdər. Qazandığı pulları da xalq və dövlət yolunda xərcləyər.

Rəcəb müəllim yaxşı bilir ki, məmurun bizneslə məşğul olması dövlətçiliyə dəstəkdir. Ümumi Daxili Məhsulun artmasına köməkdir. Yaranmış gərgin geopolitik duruma məlhəmdir. Düzdür, arada buna görə yüngülvari qanqaraçılıq olur. Məsələn, məmurun biznesmenliyi Cinayət Məcəlləsinin vəzifə səlahiyyətindən sui-istifadə və vəzifə səlahiyyətini aşma maddələri ilə tövsif olunaraq hüquqi məsuliyyət yaradır. Onda baxırsan, Dövlət Təhlükəsizliyi Xidmətinin qara maskalıları başçının başının üstünü aldı, onu “hop” götürüb, başına qara torba keçirib, qara plyonkalı maşınla Bakıya gətirdi. Məhkəmənin hökmü ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçildi. Qulaqlara qurğuşun, lap elə Qaxın icra başçısı Musa Şəkiliyevin başına gələnlər kimi…

icra

Rəcəb Babaşov və oğlu Elşən Babaşzadə

Paxıl, gözü götürməyən jurnalistlər Rəcəb Babaşovu vaxtaşırı medianın gündəminə gətirirlər. Onun və oğlu Elşən Babaşzadənin haqqında yazırlar ki, bəs deməzsənmi, ata-bala Babaşovlar bahalı maşınlar sürür, mülklər alır, biznes qurur. Bu xəbərlər fotoların, sənədlərin müşayiəti ilə yayımlanır. Bəs xalqı üçün bu qədər işlər görən, el yolunda saçlarını qaraldan Rəcəb müəllim köhnə “nolaltıda” gəzsin? Düşmənləri bizə güldürsün?

Yəni Rəcəb Babaşovun əsas vəzifəsi vətəndaşı qəbul etməkdir! İnsanların probleminin həllinə köməklik göstərməkdir! Ona tapşırılan işləri görüb, yuxarı instansiyaya hesabat verməkdir. Bütün bunların öhdəsindən 450 min manata alınmış “Range Rover” sürərək, ayda bir neçə yüz min (bəlkə də, bir neçə milyon) qazanaraq gəlmək olar. Kasıb, quru maaşa baxan İH başçısı kimin nəyinə lazımdır? Belələrinin sözünün zavtası olmaz. İctimai-siyasi mühitə zərbə vurarlar, sabitliyi pozarlar.

İcra başçısı bahalı həyat sürməlidir ki, xalq üçün yeni hədəflər müəyyən edə bilsin. Məsələn, yaxın çevrəsinə deyə bilsin ki, Gəncə-Qazax regionu üzrə Prezidenti səlahiyyətli nümayəndəliyi yaradılsa, bu vəzifəyə özündən başqa layiqli və şanslı namizəd yoxdur. Bu cür məsuliyyətli mövzuda ayda 1728 manat maaş alan başçı danışa bilərmi? Yox! Qorxusunda dodağı uçuqlayar o kasıb başçının.

WhatsApp

“Gündəlik Qazax” səhifəsi başçı Rəcəb Babaşov haqda salnamə yazır. Bu cür miqyaslı fəaliyyəti əks etdirmək üçün belə səhifələr çox yaradılmalıdır. Maşallah, səhifəyə baxırsan, adamın ürəyi açılır, gözləri yaşarır. Rəcəb Babaşovun hər pozada şəkillərini yayırlar. Layiqdir. Onun fəaliyyətinin görünməyən, yazıya alınması, dilə gətirilməsi məsləhət olmayan tərəfləri çoxdur. Çox da ki “Gündəlik Qazax” səhifəsindəki yazılar savadsız şəkildə tərtib edilir. Əsas ürəkdir, bir də niyyət. Məsələn, təqdim etdiyimiz bu mətndəki səhvləri orta məktəbin 4-cü sinfini zorla bitirmiş şagird də yazar. Lap elə Rəcəb müəllim özü bundan da betər yazıb, düşmənləri mələr qoyar. Amma eləmir. Çünki humanist insandır. İndi hər bir kəs belə icra başçılarını əl üstə tutmalı, onların qədrini bilməlidir. Tutulanda da hüquqlarını müdafiə komitəsi yaratmalıdır. Türməyə “peredaça”-zad aparmalıdır.

Bəlkə də, “Gündəlik Qazax” səhifəsi belə bir mətn yazmaqla Rəcəb Babaşovu qəsdən biabır etmək istəyib, amma bu cür xırda söhbətlər onun imicini zədələyə bilməz./Globalinfo.az

Избранный
11
2
turkustan.az

3Источники