RU

Sülhə xidmət edən enerji siyasəti


Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri

2001-ci ildən başlayaraq Azərbaycanın milli elektrik enerji sistemi, enerji istehsal edən əksər strukturları yenidən qurulmuş, ölkədaxili və Azərbaycanı xarici ölkələrlə birləşdirən magistral elektrik xətləri yeniləşdirilmiş, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyaları tikilmişdir. Bu da nəinki ölkənin elektrik enerjisinə olan daxili tələbatını ödəməyə, eyni zamanda, qonşu ölkələrə enerji ixrac etməyə imkan vermişdir. Bu gün isə Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi yeri və rolu olan dövlətlərdən biri kimi səciyyələndirilir. Ölkəmizdə həyata keçirilən enerji siyasəti, bu sahədə həyata keçirilən nəhəng və qlobal layihələr xüsusi önəm daşıyır. Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir.
Bütövlükdə, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Çünki, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm önəm daşıyır.
Müstəqilliyin ilk illərində ciddi enerji böhranı yaşayan Azərbaycan bu gün dünyaya enerji ixrac edir. Əlbəttə ki, bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər ölkə başçısının xüsusi önəm verdiyi enerji siyasətinin tərkib hissəsidir. Təkcə son bir ayda cənab Prezidentin xarici enerji məsələlərinin müzakirəsi məqsədilə etdiyi səfərləri və ölkədə keçirilən tədbirlərin miqyası bunu əyani şəkildə göstərir.
Gündən-günə inkişaf edən enerji şəbəkəsinə yeni bir stansiyanın qoşulması, Mingəçevirdə “8 noyabr Elektrik Stansiyasının açılması ilə mövcud enerji potensialından səmərəli istifadə ölkəmizin həm siyasi nüfuzunun, həm də iqtisadi gücünün artmasında mühüm rol oynayır.
İyunun 24-də “8noyabr” Elektrik Stansiyasının açılışında iştirak və çıxış edən cənab Prezident İlham Əliyev bunu şanlı Zəfərimizin davamı kimi qiymətləndirmişdir. Ölkəmizin başçısı qeyd etmişdir ki, “2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu və 2020-ci il iyunun 25-də - düz beş il bundan əvvəl burada stansiyaya yeni həyat verilmişdir. Hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və qeyd etdiyim kimi, bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın əsas energetika mərkəzidir.”
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilən enerji siyasəti ölkəmizin Avropa üçün etibarlı enerji tərəfdaşına çevrilməsində mühüm rol oynamışdır.
Qısa müddət ərzində təxminən 2 min meqavat enerjinin əldə edilməsini inqilab adlandıran ölkə başçısı qeyd etmişdir ki,”təbii ki, buna burada mövcud olan energetika bazamız, təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı, bilikləri, təcrübələri və əlbəttə ki, bizim beynəlxalq tərəfdaşlarımızın da töhfəsi şərait yaratdı.”
Strateji tərəfdaşlarımız olan İtaliya və Çinin köməyi, mütəxəssislərinin iştirakı ilə belə nəhəng layihənin başa çatdırılması da ölkəmizin, dövlətimizin başçısının apardığı siyasətin uğurlarından biri kimi qeyd edilməlidir.
Ölkəmizin başçısı çıxışında qeyd etdi ki, enerji istehsalında eyni zamnda bərpaolunan enerji ehiyatlarından istifadə də prioritet məsələ olaraq qalır: “hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək. Təbii olaraq, biz təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan layihələrdə görürük və görəcəyik. Azərbaycan bu istiqamətdə də qabaqcıl ölkələr sırasındadır. İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcəkdir və əgər bu gün bizim ümumi generasiya gücümüz 9000 meqavatdırsa, bu, nə deməkdir, bunu hər kəs başa düşə bilər. Eyni zamanda, bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazımızın ixracı daha da artacaq. Yəni, bir neçə məqsəd burada təmin edilir və əlbəttə ki, bütün bu işlərin təməlində bizim düşünülmüş siyasət dayanır. Çünki biz hər istiqamət üzrə düşünülmüş siyasət və proqramlar əsasında çalışırıq.”
Artıq reallığa çevrilən arzular, layihələr göstərir ki. Indiki qlobal gərginlik, geostrateji narahatlıq dövründə belə, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin bir və əsas mahiyyəti ondan ibarətdir ki, dinc quruculuq, sülh və əmin-amanlıq ən qiymətli sərvətdir. Ölkəmiz məhz öz liderinin rəhbərliyi ilə bu yolu davam etdirir və etdirəcəkdir. Bir sözlə enerji siyasətimiz sülhə xidmət edir.




Избранный
8
aia.az

1Источники