ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Anoreksiya sadəcə arıqlamaq deyil, ölümlə üz-üzə qalmaqdır
Sosial media fenomeni Nihal Candanın anoreksiya nevroza səbəbilə vəfatı bu xəstəliyi yenidən gündəmə gətirib.
Bu hadisə, xüsusilə gənclər arasında bədən görünüşünə dair təzyiqlərin və sosial normaların yaratdığı dağıdıcı nəticələrin real və ölümcül ola biləcəyini bir daha xatırladıb.
Anoreksiya nevroza sadəcə bir qidalanma pozuntusu deyil, kompleks psixoloji və davranışsal elementlərə malik, bədənin vizual qəbuluna dair ciddi təhriflərlə müşayiət olunan bir ruhi xəstəlikdir. Cəmiyyətin estetik gözləntiləri, sosial mediada yayılan “ideal bədən” anlayışı, aşağı özünəinam və uşaq yaşlarında yaşanan travmalar bu xəstəliyin inkişafında mühüm rol oynayır.
Müasir dövrdə görünüşə yönəlik normativlər, xüsusən qadınlara yönəlmiş gözləntilər və sosial şəbəkələrdə filtrli həyat tərzinin təşviqi, psixoloji təzyiqləri artıraraq bu cür pozuntuların yayılmasına zəmin yaradır. Nəticədə, anoreksiya yalnız fiziki çəki itkisi ilə deyil, həm də sosial izolyasiya, depressiya, özünütənqid və hətta intihar riski ilə müşayiət olunan çoxşaxəli bir xəstəliyə çevrilir.
Bu faciəvi hadisə, cəmiyyətin psixi sağlamlıq anlayışını yenidən gözdən keçirməsi, görünüş mərkəzli dəyərlərin əvəzinə psixoloji rifah və sağlam həyat tərzinin ön plana çəkilməsi zərurətini bir daha vurğulayır.
Türkiyəli klinik-psixoloq Gözdə Göktaşın sözlərinə görə, anoreksiya nevroza travmalara söykənən, erkən uşaqlıq dövrü və ailədən keçən psixoloji təsirlərlə sıx əlaqəli bir prosesdir: "Anoreksiya nevroza çox zaman sadəcə pəhriz asılılığı və ya arıqlamaq arzusu kimi qəbul edilir. Lakin bu pozuntunun arxasında özgüvən əskikliyi, nəzarət ehtiyacı, mükəmməllikçilik, çətin həyat hadisələri və aşağı öz dəyər hissi kimi dərin psixoloji faktorlar dayanır. Travmalar, ailəvi yüklər, obsesif düşüncələr və sosial medianın yaratdığı bədən görünüşü təzyiqi bu vəziyyəti daha da ağırlaşdırır. Anoreksiya xəstəsi bədənini reallıqdan uzaq formada dərk edə və özünü aynada hələ də kök görə bilər. Bu isə pozulmuş bədən imicinin ən bariz göstəricisidir”.
Psixoloq Gözdə Göktaş bildirir ki, anoreksiyadan qurtulmaq təkcə şəxsi iradə ilə mümkün deyil. Bu, kompleks yanaşma tələb edən bir sağlamlıq problemidir: “Ailə və yaxın çevrə bu prosesdə mütləq günahlandırıcı deyil, əksinə, dəstəkləyici mövqe sərgiləməlidirlər. Psixoloji dəstək, düzgün qidalanma məsləhətləri və lazım gələrsə, tibbi müalicə paralel şəkildə aparılmalıdır. Bu prosesə yalnız xəstə deyil, ailə də daxil edilməli, tənqid əvəzinə dəstək göstərilməlidir. Xəstə çox vaxt vəziyyətini inkar edir – "özümü yaxşı hiss edirəm" deyə bilər. Lakin fiziki əlamətlər fərqli mənzərə təqdim edir. Bu səbəblə yaxınlar sürətli kilo itkisi, yemə vərdişlərində dəyişiklik və sosial təcrid kimi siqnalları ciddi qəbul etməli və vaxtında peşəkar yardım almalıdır".
Endekrinoloq Şövkət Əlişova “Sherg.az”a açıqlamasında qeyd edib ki, anoreksiya nervoza əsasən yemək pozğunluğu olaraq təyin olunan bir xəstəlikdir. Onun sözlərinə görə, bu xəstəlik şəxsiyyət baxımından daha çox mükəmməllikçi, çalışqan və iddialı insanlarda müşahidə olunur:
“Bu xəstəliyi olan insanlar artıq çəkidən qorxurlar və ya artıq çəkili olduqlarını düşünürlər. Bu səbəbdən çox az yeməyə və ya heç yeməməyə meyillidirlər. Az yemək və ya bəzən heç yeməmək insanın həddindən artıq arıqlamasına gətirib çıxarır. Dövrümüzün xəstəliyi kimi tanınır və kifayət qədər təhlükəlidir. Anoreksiya nervoza xüsusilə yemək yeməmək, çox az yatmaq, ancaq yeməkdən və yatmaqdan enerji almadan çox aktiv həyat sürməyə çalışmaq, qidaların kalori dəyərini hesablamaq kimi simptomlar göstərən gənc qadınlarda həm bədəni, həm də zehni təsir edən psixoloji bir xəstəlikdir. Müvafiq olaraq, xəstəlik həm fiziki, həm də psixoloji xüsusiyyətlərə malikdir”.
Ş.Əlişovanın sözlərinə görə, anoreksiya həm fiziki, həm də psixoloji əlamətlərlə özünü göstərə bilər: “Kəskin çəki itkisi, davamlı yorğunluq və halsızlıq, dərinin quruması və solğunlaşması, saç tökülməsi və dırnaqların kövrəkləşməsi, davamlı soyuq hiss etmək, ürək döyüntüsünün zəifləməsi və qan təzyiqinin aşağı düşməsi kimi simptomlarla özünü göstərir. Özünə inamsızlıq, depressiya, narahatlıq, mükəmməllikçilik və ya nəzarət ehtiyacı isə psixoloji faktorlara aiddir. Beyində serotonin və dopamin kimi neyrotransmitterlərin balanssızlığı da anoreksiya riskini artırır”.
Həkim bildirib ki, bu xəstəlik insanların pəhriz haqqında düşünməsi ilə başlayır və zaman keçdikcə idarəolunmaz hala gəlir:
“Obsessiv düşüncələri olan bu insanlar yalnız pəhriz, qida və çəki haqqında düşünür və həyatlarını buna uyğun idarə edirlər. Xəstəlik adətən yeniyetməlik dövründə başlasa da, nadir hallarda da olsa böyüklərdə də başlaya və davam edə bilər. Bu hal uzun müddət davam edərsə, bir çox ağırlaşmalarla (hətta ölümlə) nəticələnə bilər. Müalicə psixoterapevt, dietoloq, endokrinoloq tərəfindən birgə aparılmalıdır. Anoreksiya nervoza diaqnozu qoyulmuş insanlar üçün ailə münasibətləri çox önəmlidir”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.